«Xural» qəzeti əməkdaşlarının Gülər Əhmədovaya sualları

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallını rüşvət istəmə ittihamı ilə həbs etdirən millət vəkili, «Mərkəz» qəzetinin baş redaktoru Gülər Əhmədova «Yeni Müsavat» qəzetinə verdiyi müsahibədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verdiyi şikayətin əsaslı olduğunu deyib və Ə.Zeynallını müdafiə edənlərlə açıq polemikaya hazır olduğunu bəyan edib.
«Xural» kollektivinin bu çağırışı qəbul etməsinə və Gülər Əhmədovaya müraciət etməsinə baxmayaraq, millət vəkili hələ də irəli sürdüyü təklifi dəstəkləməyib.
Buna görə də «Xural» qəzeti cavablandırılmasını istədiyi sualları mətbuat vasitəsilə Gülər Əhmədovaya ünvanlamağı lazım bildi.

1) Gülər xanm, Əvəz Zeynallıda sizin ailənizdə söz-söhbətə səbəb olacaq şantaj materialının olduğunu deyirsiniz. Hətta buna görə ailənizdən kiminsə cinayətkar ola biləcəyi ehtimalını bildirmisiniz. Əvəz Zeynallı həbs olunduqdan sonra belə dediyiniz şantaj materialları üzə çıxmadı. Elə materiallar doğurdanmı var və onlar nədən ibarətdir?
2) Siz Milli Məclisin üzvüsünüz və vətəndaşın icazəsi olmadan onun səsinin yazılmasını qadağan edən Konstitusiya maddəsi haqqında məlumatınız var. Bunu billə-bilə Konstitusiya maddəsini niyə pozmusunuz?
3) Əvəz Zeynallı ilə onun səsini yazandan sonra razılığa gəldiyinizi və ona «sakit oturmağı» məsləhət gördüyünüzü bildirmisiniz. Fakt ondan ibarətdir ki, Əvəz Zeynallının sizi şantaj etdiyini söylədiyiniz material ortada yoxdur və belə böhtan yazının mövcudluğu ciddi sual altındadır. Amma sizin Əvəz Zeynallını şantaj edən materialınız artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verdiyinizi deyirsiniz. Gülər xanım, şantajçı kimdir?
4) Əvəz Zeynallı «Azadlıq» qəzetinin 20 sentyabr 2011-ci il tarixli sayına verdiyi müsahibədə sizinlə «Xural» qəzetinin ofisində görüşdüyünü və səsinin yazıldığını bildirmişdi. Siz isə «Olaylar» informasiya agentliyinə həmin gün verdiyiniz açıqlamada belə bir hadisənin olmadığını, Əvəz Zeynallının psixi baxımdan əziyyət çəkdiyini və hadisədən xəbərsiz olduğunuzu deyib, faktı təkzib etmişdiniz. Ancaq «Yeni Müsavat» qəzetinin 16 noyabr 2011-ci il tarixli sayına verdiyiniz müsahibədə özünüzü təkzib edərək, belə bir görüşün olduğunu və vasitəçi kimi hətta Rauf Arifoğlundan xahiş etdiyinizi bildirmisiniz. Hansı sözünüzə inanaq?
5) Sizin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyiniz səs yazısının ekspertiza rəyində yazılır ki, qarşı tərəfin səsinin Əvəz Zeynallıya aid olub-olmaması müəyyən deyil. Bu barədə nə deyə bilərsiniz?
6) Bizə verilən məlumata görə, siz Əvəz Zeynallının həbsindən keçən müddət ərzində ona görə mətbuatdan qaçırsınız ki, vaxt qazanasınız və bu vaxt ərzində müasir texnologiyadan istifadə edərək məhkəməyə təqdim etməyə «sübut» hazırlayırsınız. Buna münasibətiniz?
7) Müsahibənizdə bildirmisiniz ki, mən daha çox fakt təqdim edəcəyəm. Həmin faktlar əgər doğrudan da varsa, niyə oktyabrın 19-da Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə verərkən istintaqa təqdim etməmisiniz? Sizin bundan sonra təqdim edəcəyiniz «sübutların» müasir texnologiyadan istifadə edərək hazırlandığına ictimaiyyəti necə inandıra bilərsiniz?
8) Əgər Əvəz Zeynallı doğrudan da sizi pul almaq üçün şantaj edirdisə, nəyə görə sizinlə görüşmək istəmirdi? Nəyə görə siz görüş üçün ona xahiş dolu mesajlar yazır və vasitəçilər axtarırdınız?
9) Əvəz Zeynallı sizdən pul istəyirdisə, niyə onu suç başında – pul alarkən həbs etdirmədiniz? Onun istədiyi pulu verib, əməliyyat tədbiri daxilində həbs etdirmək daha məntiqli olmazdımı?
10) İddia edirsiniz ki, Əvəz Zeynallı ilə ilkin razılaşma olub, bu razılaşma nə zaman, harada və kimin iştirakı ilə əldə edilib?
11) «Xural»” qəzetinin oktyabr ayının 19-da əmlakınkının müsadirə edilməsi ilə sizin Baş Prokurorluğa Əvəz Zeynallıdan şikayət verməyinizin eyni günə təsadüf etməsini nə ilə izah edə bilərsiniz?
12) «Yeni Müsavat»” qəzetinə verdiyiniz müsahibədə məhkəmə hökmü olmadan Əvəz Zeynallını cinayətkar adlandırıb, onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişiniz. Bunun təqsirsizlik prezumpsiyasının pozulması olduğunu dərk edirsinizmi?
13) Həmin müsahibədə baş redaktoru müdafiə edənləri də təhqir etmisiniz. Bunu nə ilə izah edirsiniz?
14) Əvəz Zeynallı həbsdən göndərdiyi yazısında bildirir ki, sizdən pul istəyibsə, Allah onun iki balasını öldürməklə onu cəzalandırsın. Siz də eyni şəkildə – «Quran»a əl basaraq, balalarınızın canı ilə and içə bilərsinizmi ki, Əvəz Zeynallı sizi şantaj edərək pul istəyib?
15) 19 oktyabr tarixində «Xural» qəzetinin əmlakının müsadirəsi, Əvəz Zeynallının qardaşı Rauf Zeynalov və dayısı oğlu rəşad Zeynalovun işdən qovulması, Ədliyyə Nazirliyinin Ə.Zeynallı barədə cinayət işi açdığını bildirməsi, qəzetin çapından nəşriyyatların birmənalı olaraq imtina etməsi sizin həmin gün «Xural» qəzetinə qarşı aparılan böyük siyasi kampaniya çərçivəsində baş Prokurorluğa müraciət etdiyinizi təsdiqləmirmi? Yoxsa bütün bunların hamısını təsadüflə izah edəcəksiniz?

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button