«Xural»dan vətənpərvərlərə əyani vəsait!

«Nə yatmısan qoca vulkan, Səninləyəm» adlı yeni diski artıq Sizinlədir!

«Xural» qəzeti Respublikanın Əməkdar artisti Ağalar Bayramovla birlikdə «Nə yatmısan qoca vulkan, Səninləyəm» adlı yeni diskini pərəstişkarlarının ixtiyarına verdi. “Güldən, bülbüldən söz demək zamanı deyil. Sözdən güclü silah yoxdur” deyən bədii qiraət ustası Ağalar Bayramov uzun illər şifahi xalq ədəbiyyatının ən nadir incilərinə ruh qatıb, onlara yeni nəfəs, yeni həyat verib.İki hissədən ibarət olan bu diskdə Ağalar Bayramov xalq şairi Xəlil Rza Ulutürkün «Dənə gələn toyuqlar», «Nə yaxşı ki…», «Yurdum sənin sağlığına», «Silahlan», «Kişi bətni» şeirlərinə yeni canlanma bəxş edib. «Azərbaycan dünyam mənim!», «Ayağa dur, Azərbaycan!», «Əsgər oğul», «Mürgüləmə», «Yol ayrıcında söhbət», «Məndən ötdü», «Vətən desin» kimi şeirləri ilə milyonların ürəyini fəth edən xalq şairi Məmməd Araz, «Azərbaycan» deyə inildəyən Şəhriyar, «Boz qurd»u imdada çağıran Rüstəm Behrudi, «Cahad» deyə ərşə qalxan Paşa Qəlbinur, «Azərbaycan bayrağı»nı hər şeydən uca tutan Ramiz Qusarçaylı, «Böyük qəhrəmanlığ»ın vaxtının çatdığını deyən Zəlimxan Yaqub, «Kaş millətdə ruh yaşasın!» deyə dünyaya meydan oxuyan Cabir Novruz, «Soyadım, adım Vətən!», «Bizim vaxtımızda da…» həsrətini gizlətməyən Əjdər Ol, uzaq keçmişdən boylanaraq «Məni yad et!»deyən Abdulla Şaiq, Azərbaycan dərdləri ilə «Xoş gəldin dünyaya…» deməyi bacaran Böyükxan Pərviz, «Mən bir günəşəm» söyləyib sabaha işıqlı gələcək vəd edən Məhəmməd Hadi, olanlarla-bitənlərə barışmayıb, olanlara-bitənlərə hayqırtılı səslə etiraz edən, belə məmləkətdə «Yaşamağı bacarmıram!» deməklə qəlbinin ağrısını gizlətməyən Adil Babayev yaradıcılığının yer tutduğu diskdə həmvətənlərimiz, soydaşlarımız Ağalar Bayramovun qürur duyulacaq səsindən ilham alacaqlar. Bütövlükdə vətənpərvər şeirlərin yer adığı diski dinləyərkən insan yaşadığı ömrü bir daha gözləri önünə alır, onu əhatə edən mühiti, insanları bir daha dəyərləndirir, Azərbaycanın başına gətirilən oyunlara etiraz edərək, torpaqlarımız uğrunda şəhid olan oğullarımızın qanının yerdə qalmasına etiraz edir, vətənpərvərlik ruhu yüksəlir.

Qeyd edək ki. Ağalar Bayramovun «Nə yatmısan qoca vulkan, Səninləyəm» adlı diski «Xural» qəzetinin ideyası olsa da, diskin həyata vəsiqə qazanması DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Nadir Orucovun sayəsində mümkün olub. Disk ilk mərhələdə 1.000 ədəd istehsal olunub və yaxın günlərdə bütün qəzet redaksiyalarına və telekanallara paylanılacaq. Xural» bu layihə ilə yeni bir ənənənin əsasını qoyur. Disk həm də vətənpərvərlik vəsaiti kimi gənclər və tələbələr üçün nəzərdə tutulub.

Önümüzdəki günlərdə diskin təqdimatı nəzərdə tutulub…

Zəhra Hidayətqızı

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button