«Yeni Müsavat» sözlərimi təhrif edib

Abbas Cəfərov: «Balalarım var, adımın bu qalmaqalda hallanmasından narahatam»

Rauf Arifoğlu: «Abbas bəyin müsahibəsinin lent yazısını təqdim edə bilərik»

 

 

 

Etimad İsmayılov: «Abbas Cəfərovu kimin hədələdiyi hər kəsə bəllidir»

«Yeni Müsavat» qəzetinin 23 sentyabr 2011-ci il tarixli sayında «İlyas İsmayılovun oğlunun şəriki qəzetimizə danışdı» başlığı altında müsahibə dərc edilib. Müsahibə qalmaqallı həbs yaşayan Etimad İsmayılovun şəriki Abbas Cəfərovdan götürülüb. A.Cəfərov həbsdən azad olunmalarında Rusiya Federasiyasının baş naziri Putinin dostu İlham Rəhimlinin əməyi olduğunu bildirməklə Etimad bəyin fikirlərini təkzib edib: «Bildiyimə görə, İlham Rəhimov bizim həbsdən çıxmağımız üçün çalışmışdı. Mən Etimadın onunla bağlı dediklərini bölüşmürəm, bunları hardan deyir, bilmirəm. Vallah, işin gedişindən görünürdü ki, İlham Rəhimovluq bizim işdə bir şey yoxdur. Onunla bağlı mətbuatda yazılanlar doğru deyil…»

Xatırladaq ki, Etimad İsmayılov və Abbas Cəfərovun 2006-cı ildə qeyri-qanuni olaraq Moskvada həbs olunaraq Çelyabinskə aparıldığı barədə ictimaiyyət geniş məlumata malikdir. Bu ilin avqustunda azadlığa çıxan Etimad İsmayılov qəzetimizə müsahibəsində həbslərində birbaşa İlham Rəhimlinin rol oynadığını bildirmiş və onu kəskin tənqid etmişdi.

Dünən Moskvadan redaksiyamıza telefon açan Abbas Cəfərov «Yeni Müsavat» qəzetini suçlayaraq, sözlərinin təhrif olunduğunu, o fikirləri səsləndirmədiyini qətiyyətlə bildirdi:

– «Yeni Müsavat» qəzeti məni Abbas Səfərov kimi təqdim edib, halbuki mənim soyadım Cəfərovdur. Azərbaycanı çoxdan tərk elədiyim üçün ana dilimizdə o qədər də yaxşı danışa bilmirəm. Qəzetin («Yeni Müsavat» qəzetini nəzərdə tutur – red.) yazdıqlarının əksəriyyəti uydurmadır, mən elə sözlər deməmişəm. Xüsusilə Etimad Əsədov və İlham Rəhimli ilə bağlı fikirlər mənə məxsus deyil».

«Bu etirazınızı qəzetin özünə niyə bildirmirsiniz» sualına cavab olaraq A.Cəfərov dedi ki, növbəti təhrif və ümumiyyətlə, çap olunmayacağı üçün bu addımı atıb:

– Mənim 2 balam var, onların taleyindən çox narahatam. Təhlükəsizliyimin təminatı yoxdur və ona görə bir çox şeylərdən çəkilmişəm. Xahiş edirəm, məni bu təhlükəli işlərə qatmasınlar.

Hansı təhlükədən söhbət getdiyini anlamadığımız üçün Abbas Cəfərovdan daha açıq danışmasını xahiş etdik. Kimdən gözləyir təhdidi? İlham Rəhimlidənmi ehtiyat edir?

– Ümumiyyətlə, bu məsələlərdə adımın hallanmasını istəmirəm.

Sözlərini və fikirlərini təhrif etməkdə suçladığı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Abbas Cəfərovun açıqlamasından təəccübləndiyini bildirdi: «Mənim Abbas Səfərov və ya Cəfərov adlı şəxsin mövcudluğundan heç bir məlumatım olmayıb. O özü bizi axtarıb və məhz Etimad İsmayılovun İlham Rəhimli haqda dediyi fikirlərə münasibət bildirmək istədiyini deyib. O, doğrudan da ana dilində çox pis danışır və biz Abbas bəyin müsahibəsini normal ədəbi dilə salmaqdan başqa bir iş görməmişik. Bir daha bəyan edirəm ki, dərc etdiyimiz müsahibə birbaşa A.Cəfərova aiddir və mən istənilən an müsahibənin lent yazısını sizə təqdim edə bilərəm».

Rauf Arifoğlu daha sonra qeyd etdi ki, təhriflə bağlı məlumat aldıqdan sonra bəzi dəqiqləşdirmələr aparıb: «Abbas bəyin redaksiyamıza verdiyi nömrə ilə əlaqə saxladım və onunla danışa bildim. Abbas bəy dediklərini bir daha təsdiqlədi və sözlərinin təhrif olunması ilə bağlı hər hansı narazılığı olmadığını söylədi.

Ancaq məndə olan məlumata görə, Abbas bəy çətin vəziyyətə düşüb. Belə ki, qəzetimizə açıqlamasını oxuyan Etimad İsmayılov onunla əlaqə saxlayıb və aralarındakı borcu tələb edib. Bildiyimə görə, Abbas Cəfərovun Etimad İsmayılova 15 min dollar borcu var və onu qaytarmaqda çətinlik çəkir. Ona görə də Abbas bəy çıxılmaz duruma düşüb. Görünür, təkzib vermə istəyi bununla bağlıdır.

Mən Abbas bəyi öz vicdanının ixtiyarına buraxıram. Gərək o, arxasında dura bilməyəcəyi sözləri deməyəydi və bizi də narahat etməyəydi».

R.Arifoğlunun dediyi borc tələbi qarşıduran tərəflərdən digərinin – Etimad İsmayılovun münasibətini öyrənməyi zəruri etdi.

Hazırda Rusiyada olan Etimad İsmayılovla əlaqə saxladıq. Etimad bəy 15 min dollarlıq borc məsələsi ilə bağlı bildirdi ki, «Azərbaycanda çoxlarının mənə borcu var və bu, şəxsi işimdir, heç kimə aidiyyatı yoxdur».

Şəriki Abbas Cəfərovun söylədiyi fikirlərə gəldikdə isə Etimad bəy bunları dedi: «O, artıq mənim şərikim deyil. Biz həbs olunana qədər birgə işləyirdik, hazırda isə hər birimiz ayrı-ayrılıqda fəaliyyət göstəririk. Abbas bu barədə mənə deyib və sözlərinin təhrif olunmasından şikayətlənib. Abbas doğrudan da övladlarının taleyindən narahatdır və bu təhlükənin haradan gəldiyi də hər kəsə bəllidir. Mən isə dediklərimin üstündə israrla dururam və bəyan edirəm ki, Azərbaycanda heç kim mənim söylədiklərimi təkzib edə bilməz, çünki həqiqətdir və mən bunları hər an sübut etməyə hazıram».

Qeyd edək ki, bizimlə danışan Etimad bəy paralel olaraq digər telefonla Abbas bəylə danışdı və Abbas bəy balalarının canına and verərək, başabəla müsahibəsində təhriflərə yol verildiyini bir daha təkrarladı.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button