Ə.Məmmədli: “Qanun layihəsi məhdudlaşdırıcı xarakterlidir və müxtəlif müddəalar ikibaşlıdır”
22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” qanun layihəsinin növbəti müzakirəsi keçirilmişdir.
Müzakirədə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, deputat Qüdrət Həsənquliyev, həmçinin bir sıra media subyektlərinin nümayəndələri çıxış etmişlər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırmış, rəy və təkliflərə münasibətlərini bildirmişlər.
Qeyd edək ki, bu gün də “Media haqqında” qanun layihəsinin müzakirəsi davam etdiriləcək.
Müzakirələrdə iştirak edən hüquqşünas, media eksperti Ələsgər Məmmədli “Media haqqında” qanun layihəsində narazılıq doğuran məqamların olduğunu bildirib. Ələsgər Məmmədli qeyd edib ki, əsgər qanun layihəsinə düzəlişlər edilməzsə, Avropa Məhkəməsinə müraciət ünvanlayacaq.
Mövzu ilə bağlı Ələsgər Məmmədli “Hürriyyət”in əməkdaşı ilə söhbətləşib:
– Ələsgər bəy, “Media haqqında” qanun layihəsində sizi daha çox hansı maddələr qane etmir?
– Onu qeyd edim ki, “Media haqqında” qanun layihəsinin özünün yazılması və müzakirəyə çıxarılması başda olmaqla, üzərindəki müddəaların bir çoxunda istər demokratik cəmiyyətdə, istərsə də hüquq tənzimlənmə zəruriliyi baxımından xeyli problemlərin olduğunu düşünürəm. Bununla bağlı sistemli fikirlərimi ifadə etmişəm. Xüsusilə də iki oxunuşda bu qədər sürətli müzakirəyə çıxarılması və peşəkar müzakirələrin aparılmaması qanunun keyfiyyətinə xidmət etməyib. Bu layihə keyfiyyətli qanun layihəsi kimi formalaşmayıb, baxmayaraq ki, iki oxunuşdan da keçib. Amma layihənin üzərində ciddi şəkildə işlənilməlidir. Xüsusilə dövlətin tənzimlənmə siyasətinin çərçivəsi daha aydın görünməlidir. Media azadlığına zəruri olmayan müdaxilələrə yol verilməməlidir. Eyni zamanda, qanun informasiyanın alınıb yayılmasına tam təminat verməlidir. Jurnalistika fəaliyyətinin aparılması üçün medianın azadlığına təminat verilməlidir. Qanunda müxtəlif müddəalar ikibaşlıdır. Eyni zamanda, məhdudlaşdırıcı xarakterlidir. Bundan əlavə, jurnalistika fəaliyyətinə müdaxiləedici formatdadır.
Dünən baş tutan müzakirələrə məni də dəvət etmişdilər. Bu gün də müzakirələr davam edəcək. Ümid edirəm ki, bu problemlər qanunvericilikdə öz əksini tapmayacaq. Əgər bu baş verməsə, Azərbaycan media mühitini təəssüf ki, daha daraldan və daha müdaxiləçi addımlar gözləyir. Bu da cəmiyyətin və medianın inkişafına deyil, onun məhdudlaşdırılmasına yönələcək.
– Əldə etdiyimiz məlumata görə, bu qanun layihəsinə etiraz olaraq, Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırsız. Bu, nə dərəcədə doğrudur?
– Konkret, Azərbaycanda ifadə azadlığına yönələn hissələri olarsa, daxili mühakimədən keçdikdən sonra Avropa Məhkəməsinə gedə bilər. Sadəcə, ifadə etmişəm ki, burdakı müddəaların bir çoxu əgər olduğu kimi tətbiq olunarsa, bunun Avropa Məhkəməsində qaldırılmasına ciddi zərurət yaranacaq. Çox sayda şikayətlər Avropa Məhkəməsi tərəfindən qəbul olunacaq. Bu baxımdan, heç buna yol vermədən qanun layihəsi konvensiyaya uyğun qəbul edilməlidir.
– Sizin də qeyd etdiyiniz kimi, artıq qanun layihəsi iki oxunuşdan keçib və qəbul olunub. Necə düşünürsüz, üçüncü oxunuşda təklifləriniz nəzərə alınacaq?
– Bunu deyə bilmərəm. Mən sadəcə yanlışlıqları ifadə edə bilərəm. Ümid edirəm ki, üçüncü oxunuşda konkretləmiş layihə olacaq. Çünki bu vacib məsələdir. Azərbaycan cəmiyyəti üçün önəmli olan budur. Qanun layihəsini hazırlayanlar deyir ki, onların məhdudlaşdırıcı niyyəti yoxdur. Əgər doğurdan da yoxdursa, qanun layihəsi daha ölçülü və çərçivəli təqdim olunmalıdır.
– Ümumiyyətlə, əvvəl baş tutan ilkin müzakirələrdə iştirak etmisiz?
– Qanun layihəsi ortaya çıxandan sonra ilk rəsmi müzakirəm dünən baş tutub. Bu da ikinci oxunuşdan keçmiş qanun layihəsi üzərində oldu. Orda da vurğuladım ki, müzakirələrə gec çağırılmışam. Layihə parlamentə təqdim olunmazdan əvvəl bu baş tutmalı idi. Narazılıq doğuran məqamlar ortaya qoyulandan sonra, parlamentə təqdim edilməli idi. Bundan əlavə, layihə müzakirəyə çıxana qədər heç yerdə yayılmaması da yanlış addımdır. Bunları görüş zamanı ifadə etdim. Ən önəmlisi bizim fikirlərimizin diqqətə alınması olacaq. Əgər bu olarsa, qanunvericilik prosesi zaman uzlaşma mədəniyyətinin olduğunu göstərər. Olmazsa da, dünyanın sonu deyil, mübarizəmizi davam etdirəcəyik.
– Dünənki müzakirələrdə fikirlərinizə müsbət yanaşıldımı?
– Düşünürəm ki, dünənki müzakirələr əvvəlki müzakirələrə nisbətən daha subyektiv və məzmunlu oldu. Çünki konkret layihədəki problemlər və onlara yanaşmayla bağlı idi. Mən, Arif Əliyev, Mehman Əliyev, Elçin Şıxlı və digərləri də fikirlərimizi ifadə etdik. Yenə də müəyyən qeydlər aparılırdı. Ümid edirəm ki, qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı bu günki müzakirələr də daha məhsuldar olacaq. Əgər layihə təkmilləşməsə, bununla bağlı yekun fikirlərimizi ictimaiyyətə açıqlayacayıq.