Ə.Zeynallının məhkəməsində Gülər Əhmədovanın yazdığı səsyazısı dinlənildi- VİDEO

19.12 2012

 Ə.Zeynallı: “Mən məhkəməyə son 7 ayda, hər dəfə deyirdim ki, mənim həbsimin sifarişçisi Ramiz Mehdiyev, onu icra edənsə, öz adamı Gülər Əhmədova olub? Axı, mən bütün bunların hamısını vaxtında demişəm.”

 Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib.

Prosesin ilk dəqiqələrindən Ə.Zeynallı məhkəmənin davamiyyətində qüsurlar olduğuna diqqəti çəkdi. O hakimlərin istədikləri vaxt prosesi tezləşdirmək, istədikləri vaxtsa yubatmaq cəhdlərinə etirazını bildirdi: Mən başa düşürəm. Proseslər o qədər sürətlə gedir ki, hakimlər də hansı qərarı verəcəklərini bilmirlər. Ötən həftə hazırladığım vəsatətlər bu həftə artıq öz qüvvəsini itirib. Mətbuat Gülər Əhmədovanın Qazaxda Gürcüstan sərhəddini keçmək niyyətində olarkən, həbs olunaraq “bandotdel”ə gətirildiyini, 3 saat müddətində orada dindirildiyini, haqqında ittiham oxunduğunu yazdı. Buradan da xəbərlər yayılır ki, Elşad Abdullayrvin “Mandat alveri” serialı PA rəhbəri Ramiz Mehdiyevin də vəzifədən getməsinə ciddi təsir göstərir. Mən məhkəməyə son 7 ayda, hər dəfə deyirdim ki, mənim həbsimin sifarişçisi Ramiz Mehdiyev, onu icra edənsə, öz adamı Gülər Əhmədova olub? Axı, mən bütün bunların hamısını vaxtında demişəm. Bu gün də məlum olur ki, Gülər Əhmədova Ramiz Mehdiyevin nəinki adamı, hətta “pulyığanı” da imiş… İndi başa düşə bilmirəm ki, məndən nə istəyirsiniz? Bu şər-xata qadının iftira, böhtanı istintaqa yetərli olmadı deyə, üzümə 70-80 yaşlı adamları qoydunuz. Bəs o adamlardan niyə soruşmadınız ki, sizə nə oldu birdən-birə Əvəz Zeynallıdan şikayətçi oldunuz? Mən yazılarıma görə, peşə fəaliyyətimə görə burdayam. Bunu birmənalı olaraq etiraf edin, hər şey də qurtarsın.”

Hakim Ramella Allahverdiyeva Azercell və Bakcell-dən onlar tərəfindən göndərilən sorğuya cavab gəldiyini bildirdi. Bakcell-in məlumatına görə, Ə.Zeynallıya məxsus gələn zəng və mesajlar sputnik yayımında olan problemlər səbəbindən yaddaşda saxlanılmayıb. Azercell isə Ə.Zeynallıya məxsus telefon nömrəsinin yanvarın 1-dək açıq qaldığını, bu tarixdən sonra deaktivləşdiyini bildirib. Onların məlumatına görə, Ə.Zeynallıya son zənglər oktyabrın 28-də gəlib. Mesajlar isə noyabrın ortalarına qədər gəlməkdə davam edib. Ə.Zeynallı Azercell-i müştərilərinin məxfiliyini qorumamaqda günahlandırdı və daha sonra məhkəmə heyətinə sualla müraciət etdi: “Niyə yoxlamırsınız ki, mənim telefonuma yanvarın 1-dək gələn mesaj və zənglər kimlər tərəfindən qəbul olunub? Kimlər mənim telefonumu elektrik cərəyanına qoşub? Niyə həbsimdən 3 ay sonra da mənim nömrələrimə gələn zənglər kimlərsə tərəfindən qəbul edilib?”

Daha sonra Ə.Zeynallının həbsinə səbəb olan və Gülər Əhmədova tərəfindən Korrupsiyay qarşı Mübarizə İdarəsinə “hədə qorxu yolu ilə rüşvət tələbetmə faktı” kimi təqdim olunan səsyazısı dinlənildi. Audioyazının aşağı keyfiyyətli olması, onun dəfələrlə köçürüldüyünü göstərirdi ki, qanunla bu cür səsyazıları fakt olaraq qəbul edilə bilməz. Qanunla ilk yazı istintaqa təqdim olunmalıdır. Lakin məhkəmə heyətinin dinləmək üçün zala gətirdiyi “fakt” 3-4 diskdən ibarət idi. Səsyazısının birində G.Əhmədova ilə Ə.Zeynallı arasında telefon danışığı səslənir. Telefon danışığının tez-tez kəsilməsi, arada siqnalların olması, digər tərəfdən səsyazısının G.Əhmədova tərəfindən aparılması, qarşı tərəfin, yəni Ə.Zeynallının onun suallarına necə cavab verdiyini eşitməyə imkan vermir. Bu yazıda əsla rüşvətdən və yaxud konkret hansısa yazının dayandırılmasından söbət getmir. Rüşvət təkliflərilə G.Əhmədova çıxış edir və bu çıxışdan da aydın olur ki, o baş redaktoru rüşvət almağa təhrik etməyə çalışır. İkinci səsyazısı “ofis yazısı” adlanan səsyazısından isə aydın olur ki,  G.Əhmədova telefonunu diktafonunu bş redaktorun otağına çatmamış müddətə qədər, bilərəkdən və hazırlıqlı şəkildə işə salıb. Bu söhbətdə də G.Əhmədova qəzetin illik xərclərilə maraqlanır, hesablayır və bunun 26 min manata başa gəldiyini deyir. Daha sonra 26 min deyil, 10 min manat vermək imkanında olduğunu bildirir.  Və baş redaktordan haqqında istər müsbət, istərsə də mənfi yazıların getməməsini xahiş edir. Lakin G.Əhmədovanın səs tonundan onun həyəcanlı olduğu da aydın olur. Bu zaman Ə. Zeynallı, “bizə sizdən heç nə lazım deyil” deyir. Prokuror Ə.Zeynallıya verdiyi suallarda, səsyazısında eşidilən və G.Əhmədova tərəfindən səsləndirilən “qızıllarını, sırğalarını” niyə təklif etdiyini soruşan zaman baş redaktor: “Mən deyəndə ki, siz istintaq materialları ilə tanış deyilsiniz, acığınız tutur. Bu sualı mənə niyə verirsiniz? Siz bu sualı Gülər Əhmədovaya verməli idiniz. O ərizə ilə haqqımda şikayətçi olanda, bu səsyazısını dinləyəndə elə ədalətli adamlar idinizsə, niyə bu adamı başa salmadınız ki, adam Ə.Zeynallı səndən yox, sən ona hansısa yazıların dərc olunmaması üçün rüşvət təklif edirsən. G.Əhmədovanın özü haqqında CM-nin 312-ci maddəsilə cinayət işi açılmalı idi. Siyasi sifariş həyata keçirmirdinizsə, niyə heç bir araşdırma aparmadan məni həbs etdiniz, 14 aydır da burada saxlayırsiniz? Əgər bu səsyazısı faktdırsa, o zaman G.Əhmədovanın E.Abdullayevlə danışdıqları nə idi? Hədə qorxu odur, deyir ki, səni də Əli İnsanovun, Fərhad Əliyrvin aqibəti gözləyir, R.Mehdiyevlə düz davran. Bizim aramızda nə söhbət olub ki? Budur sizin 14 aydır aləmə carc çəkdiyiniz, “əlahəzrət fakt”? O faktları Gülər Əhmədovanın özünə istifadə edin.”

Səsyazısında hansısa görüntüdən də söhbət gedir. 5 dəqiqəyə yaxın söhbətdən sonra dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmə zalında həm telefonla, həm də üzbəüz danışıqların səsyazısı ətrafında suallar verdi. Əvəz Zeynallı səsyazısı olan telefon danışığının ona aidiyyəti olmadığını bildirdi:

– 30 yerə yazıb, əl telefonundan ora yazıb, ordan kompüterə yazıb, kompüterdən diskə yazıb, 40 dəfə montaj olunub, gətirib bura çıxarıblar. İstintaq da mötəbər sübut kimi götürüb, 14 aydır məni salıb bura. Mənim yerimə orda kim danışırdı — bilmirəm, mənim səsim deyil. O səs başdan-ayağa saxtadır. Bu nə biabırçı bir şeydir ortalığa çıxarmısınız?

Prokuror:

– Ekspertin gəldiyi nəticəyə görə, qadın səsi Gülər Əhmədovaya, kişi səsi sizə məxsusdur.

Əvəz Zeynallı:

– Ekspert çox söz deyə bilər. Mən bu saxta səsyazısını qəbul etmirəm və ekspertləri də dəvət edəcəyik.

Sonra dövlət ittihamçısı «Xural» qəzetinin redaksiyasında yazılmış səsyazısı ilə bağlı suallar verdi:

– 26 min manat məsələsinə necə aydınlıq gətirirsiniz?

Əvəz Zeynallı:

– Özünüz də qulaq asdınız ki, Gülər özü gəlib, danışıb, özü hesablama aparıb, durub gedib. Mənim ağzımdan orda 26 min sözü çıxıb?

Prokuror:

– Orda Gülər Əhmədova hansısa görüntüdən danışır. Nə görüntüdür elə?

Əvəz Zeynallı:

– Gülər ibtidai istintaqda da, məhkəmədə də deyir ki, guya mən «Mərkəz» qəzetinin keçmiş redaktoru Nigar Almanqızı ilə birləşib Gülərin hansısa görüntüsünü yaymamaq üçün ondan pul istəmişik. Əslində isə belə deyildi. Nigarın özü ilə bağlı Gülərdə görüntü vardı və Gülər mənim əlimlə Nigarı şantaj etmək istəyirdi. Ümumiyyətlə, bir daha deyirəm ki, Gülər Əhmədova planlaşdırılmış şəkildə, əvvəlcədən Ramiz Mehdiyevin və Əli Həsənovun tapşırığı ilə səsimi yazmağa gəlmişdi. Mən bu qadından mümkün qədər qurtulmaq istəmişəm. Sonrakı fəaliyyətim də sübut edir ki, bu qadının telefon zənglərinə cavab verməmişəm.

Əvəz Zeynallıya vəkillərin sualları səslənib.

 Növbəti məhkəmə prosesi dekabrın 26-na saat 15.00-a təyin olundu.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button