Əbülfəs Qarayev üzr istədi: “270 xalq artisi, 1300-dən çox əməkdar incəsənət xadimi var”

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirib. Konfransda nazir Tahir İmanov və “Parni iz Baku” kollektivinin fəaliyyəti ilə bağlı son zamanlar səslənən fikirlərə münasibətini bildirib.

Konkret olaraq, qadağalardan bəhs edən nazir söyləyib ki, onların bütün fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərindədir: “Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı və Tahir İmanov da elə bunu nəzərdə tutmurdu. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərik. Onlara yalnız tövsiyə verə bilərik. T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur. Onu da deyim ki, biz onların fəaliyyətini yüksək qiymətləndiririk. Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar. Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan bədii şuralar yaradılsın. Çünki efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır”.

Nazir mətbuat konfransında sosial şəbəkələrdə səslənən iradlara da münasibət bildirib. Xüsusilə də Rasim Balayevin prezidentlə görüşə çağırılmaması məsələsi barəsində Ə.Qarayev söyləyib ki, Rasim Balayev və digərləri prezident İlham Əliyevlə növbəti görüşlərə mütləq dəvət ediləcək: “R.Balayev və bir neçə digər Xalq artistinin görüşə dəvət edilməməsində xüsusi məqam yoxdur. Rasim Balayevlə bizim yaxşı dostluq münasibətlərimiz var. Sadəcə, bu gün 270 xalq artisi, ziyalılar və 1300-dən çox əməkdar incəsənət xadimi var. Biz onların hər birini dəvət etsəydik, Heydər Əliyev sarayında onlara yer olmayacaqdı. Gələcəkdə bu görüşlərin sayı artırılacaq və dəvət edilməyən bütün ziyalılar dəvət ediləcək. Görüşdən kənarda qalan ictimai xadimlərdən, ziyalılarımızdan üzrxahlıq edirəm. Gələn dəfə onlar dəvət ediləcək”.

Nazir onu da qeyd edib ki, hazırda Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması məsələsi müzakirə edilir: “Heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək. Cənab prezidentlə görüşdə 4 nəfərin heykəlinin ucaldılması məsələsi qaldırılmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button