Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

Əbülfəz Elçibəyin 07 iyun 1993-cü ildəki tarixi çıxışı-MƏTN

Elçibəy hökumətinin Baş Naziri Pənah Hüseyn Prezident Əbülfəz Elçibəyin 07 iyun 1993-cü il tarixində Prezident iqamətgahında Gəncə hadisələrinə həsr edilmiş hökumət müşavirəsindəki çıxışını dərc edib. Həmin müşavirədə o vaxtkı hökumət üzvlərinin, nazirlərin, komitə sədrlərinin, hüquq-mühafizə orqanlarının, hərbi komandanlığın bütün rəhbər heyəti iştirak edib. Hadisələr haqqında Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, habelə Səhiyyə nazirlərinin hesabat-məlumatları dinlənilib. Müşavirədə Prezident, Ali Sovetin Sədri, Baş Nazir çıxış ediblər. Hesabat məlumatlarda və çıxışlarda Gəncədə 4 iyunda başlamış hadisələrə siyasi, hərbi, hüquqi və qeopolitik istiqamətlərdə qiymət verilib, baş verənlər dövlətə qarşı qiyam kimi dəyərləndirilib və xalq, dövlət aparatı dövlətin başını almış təhlükəyə qarşı səfərbər olmağa, müqavimətə çağrılıb. Həmin müşavirədə Baş Nazirin çıxışı müşavirədən dərhal sonra AZ TV-də gedib. Prezidentin çıxışının bu dərci “hadisələr başlanan kimi rəhbərlik özünü itirmişdi” və ya “hakimiyyəti kiməsə verməyə hazırlaşılırdı”, “niyə xalqa, hökumətə müraciət edilmədi?”, “hadisələr haqqında hətta nazirlərə də məlumat verilmədi” v.s. iddialarla çıxış edənlərə (sonradan belə iddiaları hətta həmin müşavirə iştirakçılarından bəziləri də dilinə gətirmişdilər – red.) bir cavabdır. Sonrakı nəsil Prezidentin bu çıxışından ümumiyyətlə xəbərsizdir.

PREZİDENT ƏBÜLFƏZ ELÇİBƏYİN 07 İYUN 1993-CÜ İL TARİXDƏ

PREZİDENT İQAMƏTGAHINDA GƏNCƏ HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞ

HÖKUMƏT MÜŞAVİRƏSİNDƏ ÇIXIŞI

Hörmətli bəylər, hörmətli dövlət rəhbərləri və nümayəndələri!
Bu günün ağırlığını siz məndən də yaxşı bilirsiniz. Biz bu yola qədəm qoyarkən dəfələrlə – mitinqlərdə, yığıncaqlarda, dövlət aparatında demişdik ki, Azərbaycan xalqı azadlıq yoluna qədəm qoyub, çünki bu xalqda azadığa vurğunluq var, bu millət haqq-ədalət tərəfdarıdır. Azadlığı əldə edən kimi ədalətli demokratik dövlət qurmaq istəyir, bu hökumət on dəfə dəyişsə də yenə azadlıq, demokratik dövlət istəyəcək.
Bəzən deyirlər ki, bu millətə güclü əl lazımdır ki, dövləti qoruya bilsin. Ancaq doğrudan da belə bir əl bu xalqı əzməyə başlasa, o saat deyəcəklər ki, bu başkəsən haradan gəlib çıxıb. Çünki bu millətin içində ədalət hissi var və hökmən demokratik dövlət axtaracaq.
1918-20-ci illərdə də Azərbaycan xalqı bu gündə idi. Ziyalıları az idi. İqtisadiyyatı zəif idi. Xalq tam savadlanmamışdı, formalaşmamışdı. Orta təbəqəsi indiki kimi qüvvətlənməmişdi. Bu gün Azərbaycan ondan on qat qüvvətlidir. Ancaq o zaman, o ağır vəziyyətdə xalq demokratik dövlət qurmaq istəyirdi.
İndi də kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq bu xalq demokratiya yolu ilə gedəcək. Dünyanın da başqa yolu yoxdur. Hamı bu yolu gedir. Demokratik olmayan dövləti inkişaf etmiş dövlətlər yaxına qoymur. Qonşu dövlətlərə baxın. Neftləri də, varları da bizdən on dəfə artıqdır, amma insan hüquqları qorunmur. Deməli, bu dövlətlərdə demokratiya yoxdur. Ona görə də onlara heç kim yaxın getmir. Deməli, Azərbaycan xalqının yolu budur. Demokratik, hüquqi dövlət qursun, onun içində də yaşasın, bütün dünya ilə əlaqələr yaratsın.
Ona görə də biz son 5-6 ayda fikrimizi daha çox xarici siyasətə verdik ki, dünyaya çıxaq. Fikirləşdik ki, daxildə insanların bir-biri ilə dil tapması mümkündür. Adamlar iqtisadiyyatlarını quracaqlar, ticarətlərini edəcəklər. Biz yavaş-yavaş bu yolu gedəcəyik. Biz həmişə uduzduğumuz xarici siyasətdə qabağa gedəcəyik. Bizim gördüyümüz işlər indi öz bəhrəsini verir. Müxtəlif dövlət başçılarından məktub alırıq. B.Klintondan son 4 ayda 4 məktub almışıq. Hamısında da qeyd edir ki, Azərbaycan xalqı demokratik yol seçib, bazar iqtisadiyyatı sahəsində islahatlarınız alqışa layiqdir. Buna görə də Amerika cəmiyyəti və hökuməti bizi hər cəhətdən müdafiə edir. Deyirlər ki, bu neftə görədir. Mən bu fikirlə razı deyiləm. Bayaq dedim ki, başqa dövlətlərdə də neft var, ancaq onlarda demokratik quruluş deyil. Ancaq hiss edirlər ki, bizdə doğrudan da demokratik cəmiyyət qurulur.
Xarici siyasətdə belə uğurlarımız olan bir vaxtda Gəncədə qiyam başlayır. Hadisədən müəyyən xəbərimiz var. Ancaq o məlumatlar tam toplanmayıb deyə biz də qəti qərar qəbul etmirik ki, sonradan nəyisə səhv edək. Gəncə hadisələri elə- belə, birdən-birə yaranmadı. Bunu hazırlayan qüvvələr vardı. Və biz çalışırdıq ki, onun qarşısını alaq. Dəfələrlə Gəncəyə nümayəndələr göndərmişəm. Üç aydır söhbət gedirdi ki, Surət Gəncəni qarışdıracaq.
Keçmiş Daxili İşlər naziri ilə birlikdə 4 ağsaqqal göndərdim. Danışıq getdi. Barışdılar. Qurban kəsdilər. Dedi, çıxaram. Üstündən bir həftə keçdi, təzədən qayıtdı. Yenə nümayəndələr getdi. Yenə də razılaşdılar. Kağız-dəftərin götürüb getdi, beş gün gəlmədi. Bir həftədən sonra yenə qayıtdı. Deməli, ilişib, oyundan çıxa bilmir.
Tutaq ki, ilk mərhələdə anlaşılmazlıq olub. Bu, istintaqın işidir. Yoxlaya bilər. Bəs vərəqələr yaymaq? Bu gün Gəncəyə zəng edib soruşuram ki, nə var, nə yox, o “Tayfun” deyirsiniz, “Tufan” deyirsiniz – o nə əməliyyatdır elə? Deyirlər ki, sənin imzan yoxdur, amma vərəqədə yazırlar ki, Prezidentin 1 iyun sərəncamına əsasən olub. Məni güllələsələr də mən elə işə qol qoya bilmərəm. Azərbaycanlı qanı tökülən yerdə mən buna razı ola bilmərəm. Mən heç kimə deməmişəm ki, atəş açılsın. Bunu siz də gözəl bilirsiniz.
Mitinqlər yığıb deyirlər ki, Bakı Gəncəni almaq istəyir. Bu, nə deməkdir? Vaxtı ilə Azərbaycanı parçalamaq istəyən xanlıq siyasəti deyilmi?
Bir tələb irəli sürürlər ki, prezident istefa versin, sabah yazırlar ki, prezidentə toxunmaq olmaz, biz onu çox sevirik, arxasında dururuq, başqaları çıxsın. O biri gün deyirlər ki, prezidentdən başqa bütün hakimiyyətdəkilər istefa versinlər. Bu, nə oyundur? Bu, hamını hamıdan şübhələndirmək və yuxarıda aparatı dağıtmaq üçün edilən təxribatdır. Vallah, bu, nə gəncəlinin, nə bakılının, nə şəkilinin düşüncəsidir. Bu, ustalıqla işlənilmiş imperiya siyasətçilərinin işidir. Bu şahmatı gəncəli oynaya bilməz.
Mən bilirəm ki, düşmənlə vuruşan millət on min qurban verər və bu yaranı ürəyində beş-on ilə sağalda bilər. Vətəndaş müharibəsinin yarasını sağaltmaq olmur. Vətəndaş müharibəsi millətin məhvi deməkdir. Ona görə də bu məsələnin qarşısını sülh və barışıq yolu ilə almaq üçün bütün qüvvələri toplamaq lazımdır.
İndiki hakimiyyətə zidd qüvvələr çoxdur. Acığınıza gəlməsin, ola bilsin ki, bu zalda oturanların arasında da var. Ancaq hakimiyyətə gəlməyin qaydaları var. İstəməzdim ki, hakimiyyətə kimsə bu günkü metodlardan istifadə etməklə gəlsin. Bu siyasi xadimə şərəf gətirməz.
Bu çətin vaxtda nəqliyyatı bir təhər qaydaya salırıq, keçirlər çörək işinə. Hansı vicdanın sahibi olmaq lazımdır ki, Qurban bayrmında sabotaj edib çörək bişirməyəsən, bişirdiyini də elə bişirəsən ki, yemək mümkün olmasın. Yaxud fəhlə və tələbələrin maaş və təqaüdlərinin qaldırılması haqqında demaqogiya. Dalınca da qiyam. Şəxsən mənə edilən xəyanəti bağışlayaram, amma bu millətin 73 illik arzusuna –müstəqil Azərbaycan dövlətinin qurulmasına qarşı edilən xəyanəti bağışlaya bilmərəm. Nə özümə, nə başqasına. Mən demişəm. Bu yolda sonacan mübarizə aparacam. Bir başım var, onu da qurban verməyə hazıram. Demokratik dövlət quraq, mən və xalq bu idealına çatsın. Ondan sonra bu işlərə qarışsam, məndən pis adam yoxdur.
Təklif edirlər ki, Ali Sovetin sessiyası çağırılsın. O deputatların necə seçildiyini hamınız yaxşı bilirsiniz. Orada elə qruplar yığışıb ki, hamısı biri-birinə düşməndir. Ora kim gəlirsə gəlsin heç ikcə ay da idarə edə bilməz. Düşəcək Rusiya parlamentinin gününə. Rusiya dövləti necə olursa-olsun yıxılmayacaq. Çünki Rusiyanın ordusu var, atomu var.
Ali Sovetin sessiyaları yadınızdadır. Əlli nəfər bunu istəyir, yüz nəfər o birisini. Trubunadan birisi deyir ki, bu şəhərin ağası mənəm, biri deyir kişisən çıx bayıra danışaq. Az qala tapança çıxarıb bir-birilərini qırırdılar. Belə parlament istəyirsiniz?
Bizə oktyabrda demokratik seçkilər keçirmək lazımdır. Demokratik yolla seçilmiş parlamenti olan ölkəni yıxmaq çətindir. Orada vətəndaş müharibəsi salmaq mümkün deyil.
Mənim çalışdığım Azərbaycanda dövləti qurmaqdır, bu xalqın istəyini yerinə yetirilməsinə kömək etməkdir. Son nəfəsimə qədər mən bu əqidəmdən dönməyəcəm.

Xural.com

Paylaş:

This post was last modified on 8 İyun 2019 4:21 səhər

Son Əlavələr

  • XuralTAC

Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib. Virtualaz.org bildirir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız…”-VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb. Virtualaz.org xəbər verir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ərdoğan xəritəni yenidən çəkir” – Şok iddia

Fransada nəşr olunan “Le Figaro” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib. Teleqraf.com xəbər verir ki, sözügedən məqalə…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Baş prokuror və hərbi prokurora əlavə müavin vəzifələri təsis edilib

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan struktur islahatlardan danışıb. Musavat.com-un məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olundu-Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Razi Nurullayev MM-də sərt danışdı: “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz”

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə…

5 Avqust 2020
Xural.COM