Əbülfəz Elçibəyin tarixi məktubu

Voroşil Qukasyanın 60 illik yubiley məclisinə...

Elçibəy hökumətinin Baş naziri Pənah Hüseyn 1992-ci ilin yanvarında AXC lideri Əbülfəz Elçibəyin udin xalqının böyük oğlu Voroşil Qukasyanın 60 illik yubiley məclisinə yazdığı məktubu özünün facebook səhifəsində ictimailəşdirib. Xural.com bu tarixi məktubu təqdim edir:
NİC KƏNDİNƏ
VOROŞİL QUKASYANIN 60 İLLİK YUBİLEY MƏCLİSİNƏ
Bu gün Azərbaycan elminin bayramıdır – görkəmli türkoloq və qafqazşünas alim, filologiya elmləri doktoru Voroşil Levonoviç Qukasyanın 60 illik yubileyidir. Yarım əsrdən azca artıq yaşamış Voroşil müəllim qısa ömründə yüzilliklər boyu hörmət və məhəbbətlə yad ediləcək əməllər, əsərlər qoyub getmişdir. Bütün zəka və bacarığını Azərbaycan xalqının tərəqqisinə,Azərbaycan xalqının milli mədənəyyətinin inkişafına sərf edən bu olduqca səmimi və gözəl insan əsl beynəlmiləlçi, yalnız udinlərin yox, bütün Azərbaycan xalqının iftixarı və milli güvəncidir. Biz – Azərbaycan ziyalıları onun yoxluğunu bu gün daha kəskin hiss edir, onun unudulmaz xatirəsi önündə baş əyirik.
Qeyri-demokratik ictimai sistem sayca kiçik xalqlara böyük bəlalar nəsib edir. Bu baxımdan udinlərin də taleyi istisna deyil. Azərbaycan Xalq Cəbhəsi belə hesab edir ki, Azərbaycanın tam siyasi-iqtisadi suverenliyi bütün azsaylı xalqları həmin bəlalardan qurtaracaqdır. Biz o sıradan qədim udu xalqının da – Qafqaz Albaniyasının tarix və mədəniyyətinin birbaşa varislərindən birinin bu torpaqda minilliklər boyu xoşbəxt yaşayacağına inanırıq. AXC Azərbaycanın tam hüquqlu vətəndaşı olan udu xalqının milli mədəniyyətini inkişaf etdirməyi vacib sayır. Fikrimizcə movcud həyat reallıqlarından irəli gələn problemlərin həllində udinlər həmişə olduğu kimi indi də yalnız içində yaşadığı Azərbaycan xalqının mənəvi və maddi yardımına arxalanmalı, öz taleyini bu səmimiyyət üzərində qurmalıdır. Bu, sevimli müəllimimiz, oğlumuz, qardaşımız və dostumuz Voroşil Qukasyanın yüzillik və minillik yubileylərinin də Nicdə udinlərin milli bayramına çevrilməsi deməkdir.
Mən bu xoş gündə bir daha Azərbaycan Xalq Cəbhəsi adından udu xalqına ən səmimi duyğularımı yetirir, Voroşil Qukasyanın yubiley şənliklərinə rövnəq arzulayıram.
Dərin hörmətlə:
Əbülfəz Elçibəy, Azərbaycab Xalq Cəbhəsinin sədri, 10 yanvar 1992-ci il, Bakı şəhəri”
“Əbülfəz bəyin bu məktubunun udinlərin sonrakı həyatında həlledici rolu oldu. Bu sənəd udin xalqını, həqiqətən də mürəkkəb həyati problemlərdən xilas etdi və onlar istər Nicdə, istərsə də Oğuz rayonunda AXC-nin gerçək himayəsini duyaraq yenə adi qaydada yaşamağa başladılar. Udin xalqı öz minnətdarlığını 1992-ci ilin iyunundakı prezident seçkisində bildirdi – onlar (NİC-P.H.) bir nəfər kimi yalnız Əbülfəz Elçibəyə səs verdilər.” – Ədalət Tahirzadə.
“Hesab edirik ki, daha bir tarixi ədalətin bərpa edilməsi, müstəqil Alban Patriarxlığının (Alban Apostol Kilsəsinin) bərpası vaxtı çatmışdır.” – Pənah Hüseyn

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button