“Ədalət naminə həmrəylik”-YENİ QURUM

Bu gün hüquq müdafiəçisi Arzu Abdullayevanın ofisində bir qrup hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəallarının toplantısı olub. Xural.com xəbər verir ki, Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin bazasında toplanan hüquq müdafiəçiləri bir sıra mühüm qərarlar qəbul ediblər. Toplantıda vətəndaş cəmiyyətinin qarşılaşdığı bir sıra problemlər, siyasi məhbusların vəziyyəti, cinayət qanunvericiliyində çatışmayan məqamlar və boşluqlar müzakirə olunub və çıxış yolları axtarılıb. Aparılan müzakirələr nəticəsində qərara alınıb ki, yaranan yeni şərait yeni qurumun yaradılmasını zəruri edir. Təkliflər səslənib ki, vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün vətəndaş cəmiyyəti fəallarının bir çoxunun yer aldığı böyük toplantı keçirmək, hamını bir hədəf ətrafında birləşdirməyə nail olmaq, hökumətin qarşısında hesablaşılmalı gücə çevrilmək lazımdır. Bunun üçün də yeni qurumun yaradılması təklifi gündəliyə çıxarılıb və bu məsələ tədbirdə iştirak edən hüquq müdafiəçiləri arasında ciddi müzakirələrə səbəb olub.

Toplantıda iştirak edən tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Elşən Həsənov, eləcə də vətəndaş cəmiyyəti fəalları Hilal Məmmədov, Elçin Məmməd, Elçin Həsənzadə və Əvəz Zeynallı müzakirə nəticəsində yeni qurumun “Ədalət Naminə Həmrəylik” adlanmasına qərar veriblər. Qərara alınıb ki, yeni qurumun sıralarına üzürlü səbəbdən iştirak etməyən hüquq müdafiəçiləri də qatılsınlar. Yaxın günlərdə qurumun daha geniş tərkibdə toplanacağı, ölkənin ali rəhbərliyinə, Ədliyyə Nazirliyinə və digər səlahiyyətli orqanlarına müraciət edəcəyi planlaşdırılır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button