Ədalət Partiyası Minsk qrupundan imtinaya çağırdı

images (2)19.06.2013 

“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkə liderlərinin Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi son fikirlər Azərbaycanın dövlətçilik maraqlarına tamamilə ziddir və ölkəmizin suveren hüquqlarına hörmətsizlikdir”. Ədalət Partiyasının mətbuat üçün yaydığı məlumatda belə deyilir.

Partiya hesab edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə aid məsələdir və onun həlli yollarının müəyyənləşdirilməsi birbaşa ölkənin daxili işidir: “Bu mənada ATƏT həmsədrlərinin Qarabağ probleminin həllində tərəflərə yol göstərməsi, problemin güc yolu ilə həllini istisna etməsi istər-istəməz ölkəmizə diktə kimi başa düşülür. Nəticədə erməni separatizminin mövqeyi gücləndirilir və onlar bir növ separatçı əməllərə təşviq olunurlar. Bu isə ilk növbədə Minsk qrupunun məram və qayəsi ilə üst-üstə düşmür”.

Ədalət Partiyası hesab edir ki, xüsusilə son bəyanatda millətlərin öz müqəddəratını təyin etmək haqqının vurğulanması ölkənin ərazi bütövlüyünə hörmətsizlik olmaqla yanaşı, həm də Dağlıq Qarabağda yaranmış vəziyyətə adekvat deyil: “Məlumdur ki, münaqişə başlanan andan etibarən Dağlıq Qarabağ ərazisində yaşayan soydaşlarımız köçməyə məcbur edilib, etnik təmizləmə siyasəti nəticəsində bölgənin demoqrafik tərkibi dəyişdirilib. İndiki halda Dağlıq Qarabağda yerləşdirilən işğalçı qüvvələr bölgənin həqiqi siyasi iradəsi sayıla bilməz və onların  bu haqda qərar vermək hüquqları yoxdur”.

Bütün bunları nəzərə alan partiya Azərbaycan hakimiyyətini problemə ikili standartla yanaşan ATƏT-in Minsk qrupundan imtina etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button