Əfqan Sadıqov təcridxanadan müraciət etdi

Əfqan Sadıqov “hər zaman dövlətimizin, ordumuzun yanındayıq” dedi və erməni xalqına müraciət edərək beynəlxalq aləmi də sərt tənqid etdi. Xural.com jurnalist Əfqan Sadıqovun təcridxanadan yazdığı müraciəti olduğu kimi sizlərə təqdim edir:
“Hər kəsi salamlayıram!
İlk öncə, öz doğma torpaqlarımızı işğaldan azad etmək üçün canlarını sevə-sevə fəda etməyə hazır olan igid əsgər və zabitlərimizə, Azərbaycan ordusuna eşq olsun! Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza acil şəfa diləyirəm, ailələrinin qarşısında baş əyirəm.
Biz hər zaman dövlətimizin, ordumuzun yanındayıq. Həmişə deyirdim “gərəkdiyində jurnalistikanı kənara qoyub vətəndaşlarımızın yanında olaram, onların etdikləri etirazlarına qatılaram”. Bu gün isə əlimdəki qələmi kənara qoyaraq hər an əlimə silah götürməyə hazıram. Burada olan məhkumlar və təqsirləndirilən şəxslər də eyni fikirdə olduqlarını ürəkdən bildirirlər. Vətən anadır deyiriksə, evladlar bütün problemləri saxlamalı və öz analarının düşmən əsirliyində olan hissəsini azad etməlidirlər. Yerdə qalan çəkişmələri 5-3 gün sonraya da saxlamaq olar.
Üzümü erməni xalqına tuturam: imkan verməyin ki, Ermənistan rəhbərliyi öz iyrənc, terrorçuluq, işğalçılıq siyasətini yürütmək üçün sizin övladlarınızı qurban versin. Öz uşaqlarınızı hərbi xidmətdən yayındırın, cəbhədə olan əsgərlərinizi geri çağırın və öz əzəli, doğma torpaqlarını, Qarabağımızı işğaldan azad etmək istəyən qüdrətli Azərbaycan ordusuna qarşı vuruşmamağa səsləyin. Ermənistan hakimiyyətindən təcili olaraq Qarabağı Azərbaycana qaytarmağını tələb edin. Unutmayın, Ermənistan rəhbərliyi erməni xalqını məhvə aparır, uçuruma sürükləyir. Onsuz da biz öz Qarabağımızı xoş-zor geri qaytaracağıq.
Beynəlxalq aləmə gəldikdə isə, 30 ilə yaxındır ki, onların qəbul etdikləri bütün qətnamələri, bəyanatları, atəşkəs razılaşmalarını pozan, əməl etməyən, saymayan, iqtisadiyyatı sıfıra yaxın olan Ermənistan necə ola bilər ki, beynəlxalq aləmə meydan oxusun? Belə görünür ki, beynəlxalq aləm ya Ermənistana söz keçirdə bilmir, yaxud da qeyri-səmimidir, öz xeyrini güdərək maraqlarını təmin edir. Əgər mənə qarşı hər hansı bir haqsızlıq olduğunda mübarizə meydanında tək qalacamsa, problemlər bütün ağırlığıyla öz çiyinlərimə düşəcəksə, düşdüyüm ağır vəziyyətdən çabalayaraq yıxıla-dura , min bir çətinliyi sonuna qədər özüm çəkəcəyəmsə, bir sözlə, özümüz öz taleyimizi həll edəcəyiksə, beynəlxalq aləmin köməyi, fəaliyyəti yalnız boşuna keçirdikləri yığıncaqlardan, müxtəlif ərazilərə səfər etməkdən və danışıqları da həyata keçməyən quru sözlərdən ibarət olacaqsa mənə belə bir aləm lazım deyil. Vaxtımı boşuna öldürməyə, özünü aldatmağa dəyməz. Öz işlərimizi özümüz həll etməli, tamamlamalı, sonuna çatdırmalıyıq.
Bizim torpaqlarımızdan 1 mm belə kimsələrə güzəşt etmək fikrimiz yoxdur, etməyəcəyik də!
QARABAĞ AZƏRBAYCANDIR!
Paşinyan öz arxalandıqları havadarları ilə birlikdə Rədd olsunlar!!!
ALLAH AZƏRBAYCAN ORDUSUNU, AZƏRBAYCANIMIZI QORUSUN! AMİN!
Hal-hazırda həbsdə olan jurnalist Əfqan Sadıqov.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button