“Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, mən də vahid namizəd ola bilərəm…”

Mehman Əliyev: “Milli Şura mənim namizədliyimin irəli sürülməsinə qərar versə, bundan imtina etməyəcəyəm”

“Turan” informasiya agentliyinin direktoru, müxalifətin əsas koalisiyası olan Milli Şuranın üzvü Mehman Əliyev qurumun vahid namizədi ətrafında yaranmış situasiya ilə bağlı fikirlərini bölüşüb.

M.Əliyev virtualaz.org-un “əgər Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyi onun Rusiya vətəndaşlığı ilə bağlı qeydə alınmasa, onda gələcək planlarınız nə olacaq” sualına belə cavab verib: “Mən seçkilərin boykot edilməsinin tərəfdarı deyiləm və Milli Şuranın seçkidə vahid namizədlə iştirak etməsini dəstəkləyirəm. Əlbəttə, bizim iki-üç ehtiyat namizədimizin olması pis olmazdı. Hakimiyyətə 2008-ci ildə olduğu kimi sırf texniki seçki keçirmək imkanı vermək olmaz”.

M.Əliyevin “bəs siz MŞ-dən ehtiyat namizəd olaraq kimi görürsünüz” sualına cavabı belə oldu: “Sual maraqlıdır. Mən hətta öz namizədliyimin irəli sürülməsini də istisna etmirəm. Bildiyiniz kimi, hələ bir neçə ay əvvəl mənim adım mətbuatda prezidentliyə potensial namizədlərdən biri kimi hallanıb. Yəni mən belə variantı istisna etmirəm və müxalifətin vahid namizədi ola bilərəm. Bununla belə bu cür bir qərarın verilməsi Milli Şuranın mövqeyindən asılıdır. Əgər Milli Şura mənim namizədliyimin irəli sürülməsi barədə qərar qəbul etsə, bundan imtina etməyəcəyəm. Mən bütün hallarda seçkilərdə iştirakın tərəfdarıyam. Əsas odur ki, proses getsin. Demokratik qüvvələrin namizədinin kim olacağı isə heç də ən vacib məsələ deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button