Əhəd Əhmədov 5.000 manatımızı yeyib!

Prezidentin poçtuna!

Cənab Prezident, xahiş edirik, “KROUN CO” şirkətindən bizə çatacaq 5.000 (beş min) manat pulun alınmasında köməklik göstərəsiniz…

Cəlilabad rayonu Qarazəncir kənd sakini Rəsulov Mülatif Hüseynağa oğlu Prezident İlham Əliyevə göndərdiyi məktubu redaksiyamıza da göndərib. Məktubda deyilir:

“Öz traktorlarımızla Xocavənd rayonu ərazisində yerləşən “KROUN CO” şirkətinin taxılçılıq məntəqəsində yer şumlamışıq, lakin həmin şirkətdən zəhmət haqlarımızı ala bilmirik. Xahiş edirəm, “KROUN CO” şirkətindən bizə çatacaq 5.000 (beş min) manat pulun alınmasında köməklik göstərəsiniz.

2010-cu ilin yayında “KROUN CO” şirkətinə başçılıq edən keçmiş deputat Əhəd Əhmədovla danışığımız oldu ki, şirkətə məxsus həmin ərazidə şumlama işləri aparaq. Həmin ərazi ermənilərin işğal etdiyi ərazilərlə həmsərhəddir və minalardan təmizlənməyib. Biz traktoristlər həyatımızı təhlükə qarşısında qoyaraq pozisiya boyu, təmas xətti ilə 30 kilometr irəliləyərək şum işləri aparmışıq. Hətta işlədiyimiz zamanda Salyan rayon “Aqroservis”inə məxsus olan bir traktor minaya düşüb partladı. Təhlükəli olduğundan həmin ərazidə insan yaşayışı yoxdur. Torpağın altı iri çaylaq daşları, üstü isə sınıb torpaqda qalmış şpanerlərlə doludur. Odur ki, traktorlarımızın təkərləri tez-tez partlayırdı, təmir etmək üçün isə 30-35 kilometrlik məsafə qət etməli olurduq. Biz 20 gün orada işləyərək 5 adama 2 traktorla 135 hektar çətin kateqoriyalı yer şumladıq. Bu müddət ərzində cəhənnəm əzabı çəkmişik. Təsəvvür edin, 15-20 santimetr qalınlıqda tozda işləmək nə deməkdir?! İndi də həmin şirkətin rəhbərliyi bizi ələ salaraq pulumuzu vermək istəmir. Xahiş edirəm ki, tədbir görün.

Bildiyimiz qədəri ilə həmin zamandan sonra Əhəd Əhmədovu şirkətdən uzaqlaşdırıblar. Odur ki, dəfələrlə şirkətin məsul şəxslərinə müraciət etməyimizə baxmayaraq, bizi sözün əsl mənasında ələ salırlar və ikrahla bildirirlər ki, sizə işi biz yox, Əhəd Əhmədov verib, gedin pulunuzu ondan tələb edin. 7-8 dəfə yaşadığımız rayondan Qaradağlıya, Nərgizlitəpəyə, hətta Bakıya belə maşın tutub pul dalısıyca getmişik. Gah deyirlər, səpin pulu vaxtı verəcəyik, gah deyirlər, Bakıdan pul gələcək. İşlədiyimiz müddətdə qiyməti 1.500 manat olan “COOD YEAR” markalı traktor təkərimizi pasinka kəsərək məhv elədi, bu da ziyanımızın bir hissəsidir. Pulumuz olmadığından salyarkanı nisyə alıb tökürdük. Tozun, hisin, dəhşətli istinin içində işləyirdik. Yemək-içməyimizi borca dükanlardan götürürdük ki, pulumuzu alanda verəcəyik. Pulumuzu baş-başa versələr belə, ziyandan başqa xeyrimiz yoxdur. Gah deyirlər, gəlin Bakıya pulunuzu verək, gah deyirlər gəl Beyləqana – orada da sabah-sabaha salırlar, vaxtımız və əsəblərimiz gedir. Uzun müddətdir çalışsaq da halal pulumuzu ala bilmirik.

Aydınlıq üçün “KROUN CO” şirkətinin rəhbər işçilərinin siyahısını sizə göndərirəm:

Əhəd Əhmədov (keçmiş deputat, şirkətin əvvəlki rəhbəridir);

Elbrus müəllim (Bakıda yaşayır, şirkətin indiki rəhbəridir);

Sərhəd müəllim (“KROUN CO” şirkətinin baş aqronomudur);

Atamoğlan müəllim  (şum olunan yer onun balansındadır);

Elman müəllim (şirkətin rəhbərlərindən biridir).

Rəsulov Mülatif Hüseynağa oğlu

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button