Əhəd Məmmədli İlham Əliyevi ittiham etdi!

Əhəd Məmmədli

“Sən bu həyatı çox sevirsən, ölməkdən qorxursan, mən isə əksinə, ölməkdən qorxmuram”

 Dünən Nəsimi rayon məhkəməsində Şahin Abdullayevin sədirliyi ilə İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənc fəalların işi üzrə proses davam etdirildi. Məhkəmə iclası Elnur Məcilinin vəkili Xalid Qarayevin müdafiə çıxışı ilə başladı.

 Elnur Məcidli nəyə görə həbs olunduğunu bilmir

 Vəkil bildirdi ki, nə saxlanan zaman, nə istintaqda, nə də məhkəmədə müdafiə etdiyi şəxsə onun nədə təqsirləndirildiyi doğru-dürüst izah edilməyib. İndinin özündə də Elnur Məcidlinin nə üçün həbs olunması onlara qaranlıqdır. X.Bağırov bunu ciddi qanun pozuntusu adlandırdı və dedi ki, buna görə istintaq və məhkəmə məsuliyyət daşıyır.

Elnur Məcidliyə qarşı yönələdilən sübutları da vəkil qondarma və əsasız adlnadırdı . O bildirdi ki, Elnurun tanınması barədə istintaqın apardığı iş tam cəfəngiyyat olub. Belə ki, E.Məcidlinin əlamətlərini qeyd edən 3 nəfərin hər biri ayrı-ayrı şeylər söyləyiblər. Ümumiyyətlə, onların tanıntma qeydlərində Elnur haqda bir şey yoxdur, ancaq onun paltarının nə olması deyilib: “ Elnur Məcidli barəsində əldə olunmuş tanınma, baxış, üzləşdirmə və şahid ifadələri əsasında müəyyən edilən sübutlar aşağıdakı qanun pozuntusu ilə əldə olunub”. 

Millətimizin ləyaqəti uğurunda mübarizə aparırıq

 Vəkilin çıxışından sonra Müsavat Partiyasının üzvi,  vicdan məhbusu Ülvü Quliyev son sözünü söylədi. 2 aprel aksiyası barədə vicdan məhbusu dedi ki, həmin gün nəinki cinayət hadisəsi, heç inzibatı xəta belə törədilməyib. O, cinayət işi başlayan müstənqləri, iş istəyən prokurorları və “2 aprelçilərə” hökm oxuyan hakimləri öz səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi sifarişi yerinə yetirməkdə ittiham etdi. Ü.Quliyev dedi ki, bütün bu baş verənlər xalqın iradəsini sındırmaq, ləyaqətini tapdalamaq üçün qurulan planlardır: “Hakim rejim qanunsuz həbslərlə düşünməsin ki, gəncliyin mübarizə əzmini sarsıda biləcək. Biz gənclər bilirik ki, azadlıq qurban tələb edir. Adam var yüz il yaşayır, amma ölü kimi bir şeydir. İnsan bütün həyatını ölümlə dialoqda yaşamalıdır. Daim bilməlidir ki, nə üçün, kimin üçün yaşayır, hansı əqidəyə xidmət edir. Biz gənclər millətimizin ləyaqəti uğrunda mübarizə aparırıq. Bu həbsləri ona görə edirlər ki, onlar sərvətləri rahat mənimsəsinlər və heç kim buna etiraz etməsin”.

Ülvü Quliyev öz həmyaşıdlarına da çağırış edib onları rejimlə şərəfli mübarizəyə səslədi. O, özü üçün hakimdən heç nə xahiş etmədi. Sadəcə hakimə bildirdi ki, o, vicdanının səsinə qulaq asaraq səhhətində ciddi problem olan Rüfət Hacıbəyli barədə bəraət hökmü çıxarsın.

 Məni dinləyin!

 Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli emosional çıxış etdi. Ə.Məmmədlinin çıxışı zamanı zalda əyləşən xanımların əksəriyyəti göz yaşlarını saxlaya bilmədi. Ə.Məmmədlinin çıxışı zamanı  prokuror və hakim pərt vəziyyətdə yerə baxır, vicdan məhbusunun gözlərinə baxmaqdan yayınırdılar. Hakim və prokurorun durumuna hiss edən Ə.Məmmədli onlara “gözlərimin içinə baxaraq məni dinləyin!”, mesajini verdi. 30 yaşlı Əhəd Məmmədli bütün gəncliyini Əliyevlərin zülmü ilə mübarizədə, meydanlarda və həbslərdə keçirdiyini deyərək halından məmnunluğunu dilə gətirdi.

 İnqilab etmək istəyirsinizsə, idealist olmalısınız

 O, çıxışını özünəməxsus tərzdə qurdu və “mənə radikal deyirlər, necə radikal olmayım?” ritorikası ilə fikirərini izah etdi: “Qarabağ döyüşçülərini polis dəyənəyi altına salan, şəhid aliləsini dilənçi günəndə yaşamaq məcburiyyətində qoyanlara, Azərbaycan qadınının Dubayda, kişisinin isə Rusiya çöllərində qürurdan məhrum həyata məhkum edən, PKK-nı terrorçu kimi tanımayan, müharibə şəraitində olduğu halda əsgər-zabiti bir-birini güllələyən, fabrik və zavodları uçurub yerində priton açıb orada Azərbaycan qadınını əcnəbilərin qucağına sığınmaya təhrik edən rejimə qarşı radikal olmamaq mümkün deyil”.  Əhəd Məmmədli həmyaşıdlarını maddiyyata, qrantbazlığa aludə olmamağa, idealizmə, romantikaya çağırdı: “İnqilab etmək istəyirsinizsə idealist olmalısınız”.  Vicdan məhbusu demokratiya ardıcıllarına təqib və təzyiqlərin əbəs olduğunu vurğulayaraq dövlət başçısına da meydan oxudu: “Bu kürsümdən İlham Əliyevə demək istəyirəm ki, sən bu həyatı çox sevirsən, ölməkdən qorxursan, mən isə əksinə, ölməkdən qorxmuram. Ona görə də sən mənim qarşımda acizsən”.  Sonda o, Müsavat Gənclər Təşkilatının sədri, hazırda həbsdə olan Tural Abbaslıya müraciətdə dedi ki, heç də hər bir müxalifətçiyə Müsavatın 100 illiyində həbs olunmaq qismət olmayıb. “Görünür, biz seçilmişlərdənik”, – deyə Əhəd Məmmədli bildirdi.

 Bizim mübarizəmiz kuklalarla deyil, sizin ipinizi əlində saxlayan İlham Əliyevlədir

 Elnur Məcidli isə heç bir müdafiə çıxışı etmək fikrində olmadığını son sözün ittiham xarakterli olacağını bəyan etdi.

O bildirdi ki, tutduğu yolun çətin və məşəqqətli olduğunu lap az yaşlı olarkən dərk edib və indiki həyat tərzini könüllü seçib: “Azərbaycan insanının önündə iki yol yar. Yaşamaq üçün və sürünmək üçün. Biz birinci yolu seçənlərik, bizi ittiham edənlər isə ikinci yolun yolçularıdır”.

Vicdan məhbusu bildirdi ki, onların həbsinin motivi yeni Azərbaycan qurmaq istəyidir: “Qurmaq istədiyimiz Azərbaycan korrupsiyadan uzaq, insanların mülkiyyət, sərbəst toplaşmaq azadlıqlarına hörmət qoyan bir ölkədir”.

Elnur Məmmədli “2 aprelçilərə” qarşı iş aparanları kukla teatrının personajlarına bənzətdi və dedi ki, onların ipi başqasının – İlham Əliyevin əlindədir. Ona görə də onlar hərəkətlərində azad deyillər: “Bizim mübarizəmiz kuklalarla deyil, sizin ipinizi əlində saxlayan İlham Əliyevlərlə, Ramiz Mehdiyevlərlə, Ramil Usubovlarladır”.

Sovet dissidenti A.Soljenitsının “Yalansız yaşamaq” essesindən iqtibas gətirən E.Məcidli hakim və prokurora dedi ki, axı yalansız yaşamaq Allah ölümü deyil. Niyə belə həyat tərzi seçmirlər? O dedi ki, yalanla mübarizəyə cəsarəti çatmayan adam gərək Soljenitsının məsləhətinə əməl etsin, şəxsən yalanda iştirak etməsin, yalan əl çalmasın, yalan mətni imzalamasın.

Elnur çıxışının sonunda onları gözləyən həbs təhlükəsindən qətiyyən narahat olmadığını bəyan etdi. O, demokratiyanın tezliklə Azərbaycanda bərqərar olacağına, Azərbaycanın tezliklə əliyevsiz günlərə qovuşacağına inamını ifadə etdi. Vicdan məhbusu özü üçün məhkəmədən heç bir xahiş etmədi.

 Sarkozi həqiqət axtarırsa, Kürdəxanı həbsxanasına gəlsin

“Mənə hər şeydən çox vəkilimin işindən uzaqlaşdırılması pis təsir edib. Onu çörəksiz, məni isə müdafiəsiz qoydunuz”. Bunu isə Rüfət Hacıbəyli dedi. O, vəkili Elçin Namazovun vəkillik hüququndan məhrum edilməsini həm də özünün müdafiə hüququnun pozulması kimi qiymətləndirdi. Rüfət Hacıbəyli dedi ki, onda, ittihamda deyildiyi kimi, guya onun polis maşınına təpik vurmasını inkar edən videogörüntülər var. Belə olan halda onun haqqında həbs qərarının çıxarılacağı halda, Rüfət Hacıbəyli bunun dünyanın 9-cu möcüzəsi olacağını bildirdi.  Rüfət dedi ki, onun atası Qarabağ döyüşlərində illərlə iştirak edən şəxs olub, o, evdə qanunlara, dövlətə hörmət mühitində tərbiyə alıb. Belə bir tərbiyə görən adamın isə dövlət simvolları olan polis maşınına təpik atması mümkünsüzdür.

Rüfət onların yaxınlarına məhkəmədə göz yaşı axıtdıranlara qarşı kəskin münasibətini də ifadə etdi. Bildirdi ki, onların ürəyi artıq daşa dönüb və son həddi gördüklərindən bundan sonra onlara ən ağır cəza verilsə də, hakimiyyət heç nəyə nail olmayacaq. Rüfət Hacıbəyli Bakıda səfərdə olan Fransa prezidenti Nikola Sarkoziyə də müraciət etdi, dedi ki, həqiqətən də demokratiya tərəfdarıdırsa, Kürdəxanıdakı həbsxanaya – onlarla görüşə gəlsin. O, müxalifətlə dialoq tərəfdarı olduğunu bildirən prezident İlham Əliyevi də həbsxanada onlarla görüşə dəvət etdi. Sonda isə o, «Eurovision» mahnı müsabiqəsinin iştirakçı ölkələrinə müraciət edərək dedi ki, necə bir ölkəyə gəldiklərini götür-qoy etsinlər.

Vicdan məhbusların çıxışından sonra məhkəmə oktyabrın 10-da qədər təxirə salındı. Həmin gün hökm çıxarılacaq.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button