Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək

“Yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub. Bu dəyişikliklərə görə bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək”.

Xural.com xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bəyanatında qeyd edilib.
Əlavə olunur ki, pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarının məhdudlaşdırılması ilə yanaşı orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq:
“Bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da hazırki məbləği 55 manatdır. Hazırda rayonlarda yaşayan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir. Belə ki, 110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək. Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyın hökmünə buraxmaq deməkdir. Bütün bunlarla yanaşı hazırkı pensiya qanunu əhalinin kütləvi şəkildə pensiya təminatından məhrum edilməsinə hesablanıb. Odur ki, ADR Hərəkatı hesab edir ki, pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir, bunu ahıl insanların sosial – iqtisadi, yaşam hüquqlarının pozulması kimi qiymətləndirir, son dəyişkliklərin ləğv edilməsini, sosial cəhətdən ədalətli pensiya sisteminin qurulmasını tələb edir və hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırır.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button