Əhməd Vəliyev ifşa olundu

Əhməd Vəliyev

Qəzet deputat haqqında yazdıqlarını tutarlı şəkildə faktlarda təsdiqlədi

 «Yeni Müsavat» qəzeti bir neçə say öncə deputat Əhməd Vəliyevin himayəsində olan «Muğanbank»la bağlı maraqlı məlumatlar dərc etmişdi. Bu məlumatlarda bankın deputata yaxın olan adamlar tərəfindən böyük qanun pozuntularına yol verməsindən bəhs edilirdi. Dünən qəzetin saytında deputat haqqında yazılan məqalələrlə bağlı maraqlı bir informasiyaya rast gəldik. «Ötən saylarımızda Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin himayəsindəkı “Muğanbank” və “RoyalBank”ın rəhbərliyinə daxil olan 4 vəzifəli şəxsin həbs edildiyini bildirmişdik. Bunun ardınca rektor qara xəbərlərin qəbiristanlığı rolunu oynayan “lent.az” saytına açıqlamasında onun dələduzluq və korrupsiya faktları ilə bağlı həbs olunan bank işçilərinə dəstək verməsi barədə “Yeni Müsavat”da yayılan xəbərlərə də münasibət bildirmişdi: “Mən bu yazılanlara fikir vermirəm. Onlar yalan və böhtan yazır, şantaj etməyə çalışırlar» deyə internet portalında yazılır.

Daha sonra isə bankın deputata məxsus olduğu kifayət qədər tutarlı faktlarla təsdiqlənir.

«İndi isə “Muğanbank” ASC-nin Ə.Vəliyevin himayəsində olmasını təsdiqləyən və təkzibi mümkünsüz faktları Oxucuların diqqətinə çatdırırıq. Özü də mənbə bankın elə rəsmi saytıdır (muğanbank.az). Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları  (http://www.muganbank.az/az/goto/52) göstərilir

– Mehdiyev Elmir Maqbet oğlu – 63,50% (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri – red.),

– Vəliyeva Vəfa Əhməd qızı – 12,05% (Ə.Vəliyevin qızı – red.),

– Mehdiyev Maqbet Rəhim oğlu – 13,10%  (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi – red.),

– Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası – red.).

Beləliklə, aydın olur ki, “Muğanbank” Ə.Vəliyevə çox məhrəm bir ailəyə məxsusdur.  Təbii ki, yüksək ranqlı məmur, ən azı deputat hamisi olmayan bank Azərbaycanda fəaliyyət göstərə bilməz. Bu, Azərbaycanda çox dəqiqliklə icra olunan yazılmamış qanunlardan biridir. Ziyalı ailəsi olan Mehdiyevlərin Ə.Vəliyevdən başqa yüksək ranqlı məmur qohumları (söhbət banka himayədarlıq edə biləcək məmurlardan gedir) yoxdur. Yəni istənilən halda bu bankın deputatla bağlı olması şübhə doğurmur.

Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Ə.Vəliyev isə göz qabağında olan bu fakta yalan, böhtan deyir. Və hesab edir ki, onu şantaj edirik. Hamıya bəlli bir həqiqəti deməklə də adamı şantaj etmək mümkündürmü? Bu suala hörmətli rektorun özü cavab versə daha yaxşı olar».

Qeyd edək ki, «Xural» qəzeti olaraq Əhməd Vəliyevin rektoru olduğu «Odlar Yurdu» Universitetində ciddi qanun pozuntuları haqqında kifayət qədər ətraflı yazılar dərc etmişik. Bu ali təhsil ocağında baş verən korrupsiya və rüşvətxorluq faktları, bu ali məktəbin deputatın yaxın qohumları tərəfindən bərbad vəziyyətdə idarə edilməsindən yazmışıq. Bu baxımdan da deputatın hakimiyyətə yaxınlığına şübhə olmayan bir informasiya portalında açıqlama verərək özünə haqq qazandırmağa çalışması başa düşüləndir…

 N.Həsənli

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button