Əhmədovanın kosmetikası

Pərviz

Qədim yunan müdriklərindən hansının dediyini unutmuşam. Deyir, kim desə həqiqəti axtarmağa gedirəm, gözlərimi çıxarıb ona verərəm, kim desə həqiqəti tapmışam, gözlərini oyaram. Belə çıxır, həqiqət çox nisbidi, harda, hansı tərəfdə olmasını müəyyən eləmək mümkün deyil. Ancaq onu axtarmağa dəyər. Gözəl sözdü. Lakin düşünürəm ki, gözəlliyinə baxmayaraq, bu söz də elə o müdrikin dediyi kimi, həqiqət deyil.
Əlbəttə, həqiqəti görmək ən azı müəyyən zaman çərçivəsində imkansızdı. Insanın gözünü o qədər şeylər tutur ki, artıq həqiqəti görəcək gücü qalmır. Yalan həqiqət şəklində və həqiqətdən daha inandırıcı görünür. Insanlığı fəlakətə aparan da elə budur. Lakin elə bir məqam yetişir ki, həqiqəti görməyə, hətta buna zərrəcə cəhd eləməyə gərək qalmır. O həqiqəti elə yalanın özü göstərir sənə. Eləcə göstərmir, ən kobud şəkildə gözünə soxur. Həqiqət zəhərli ox kimi göz bəbəklərini deşib, qanını axıdır, sən nəinki həqiqəti görürsən, onu bütün ağrı-acısıyla toxunulur bir şey kimi hiss edirsən. Və çox vaxt çox gecikmiş olursan. Həqiqəti tapmağının heç bir anlamı belə qalmır.
Günümüzdə həqiqəti bu cür görənlərin adını gen-bol sadalamaq olar. Əli Insanovdan, Fərhad Əliyevdən başlayıb, hələlik Gülər Əhmədovada nəfəs dərmək olar. Lakin onlar həqiqəti anlayanda, duyanda, hiss edəndə, ona bütün varlıqlarıyla toxunanda artıq çox gec idi. Gec olmalıydı da. Kim zamanında ondan nə qədər uzaq olursa, o gəlib yetişdiyi, özünü sənə isbat etdiyi an da bir o qədər gec olur. Həqiqət onların heç birinin işinə yaramadı.
Ən dəhşətlisi odur ki, bu cür həqiqəti görənlərə qəfildən yenidən qurtuluş şansı veriləndə onlar yenidən həqiqətdən imtina edir, onu tanıya-tanıya özlərini yenə də yalanın qucağına atırlar. Təsəvvür eləyək ki, Avropa, ya da eləcə Allah sabah Fərhad Əliyevin qapısını açır. Azadlığa çıxır. Ama bir də əski yoluna qayıdır. O zaman “həqiqəti tanımıram” deyə bilməz artıq, ama Anadolulular demiş, görməzdən gələ bilər. Yəni özünü görməməzliyə vura bilər. Onu da deyim ki, həqiqəti görə bilməyib dananlar elə də qorxulu olmurlar, qorxulu olanlar görə, bilə, tanıya-tanıya onu dananlardı. Fərhad Əliyevi söz məsəli dedim. Olsun Insanov, ya başqaları.
Indi Gülər Əhmədovaya da həqiqət bəyan olub. Bu həqiqət onu xilas eləyə bilərmi? Çətin. Həqiqət onu illərlə saya salmamış şəxsləri xilas etmir, əksinə daha da çətinə salır. Sınaqdan keçirmək istəyir. Əzablara qatlaşıb sınaqdan çıxanları sonunda xilas edir, ona artıq üz çevirməmək şərtilə bağlananları, ondan dörd əlli yapışanları öz amansız əzab-işgəncələri ilə saflaşdırır və yalnız bundan sonra əsil qurtuluş gəlir. Keçmiş deputat deyib ki, hərdən içimdən Elşad Abdullayevə qəribə minnətdarlıq hissi keçir ki, dostumuzla düşmənimizi bizə tanıtdı. Sən işin qəribəliyinə bax. Tanıdan da dost deyil, düşməndi. Demək ki, indiyə qədər Əvəz Zeynallının şərlənməsində alət seçilən bu xanımın bir gerçək dostu olmayıb. Sən demə, onun əsil dostu elə keçmiş rektormuş. Həyatın bu cür ironiyaları var. Baxın, Tanrı həqiqəti elə primitiv yollarla ona göstərir ki! Əri müsahibəsində deyir: “Bundan başqa, evdə Gülər xanıma məxsus olan bütün kosmetikanı, dərmanları, hətta şampuna qədər götürüb apardılar”. Düzdür, bir az məzəli də çıxır. Hamama girib hətta yarımçıq şampunu, dodaq boyasını, maskaları belə yığışdıran rejim məmurlarını gözünün qabağına gətirirsən… Baxın, Gülər Əhmədova uşaq deyil ki. Bir yarımçıq pomadaya belə əl qoyan rejimi anlayır artıq. Ancaq bundan sonra necə davranacaq? O, həqiqəti qəbul eləməyə hazırdırmı? Di gəl, həqiqətin vecinə belə deyil bu. O, özünü təkcə keçmiş deputata göstərmir ki. Qarşıda onun kimi minlərlə həqiqəti görməyə namizəd var. Onlar görsün. Indidən kosmetikalarını, maskalarını recimə təhvil versinlər. Çünki həqiqət bəzən bir az gec gəlsə də, sonunda mütləq gəlir…

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button