Əjdər Tağızadə: “Sabir Rüstəmxanlı DAK-a ayrılan pulları mənimsəyir”

Özü mənə bir nazirin adi bir görüşdə onun maşının “bardaçokuna” 30 min manat pul atdığını deyib

Hədəflərindən biri güneyli-quzeyli bütün azərbaycanlıları bir çətir altında birləşdirmək olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) özündən indi parçalanma xəbərləri gəlir. 2005-ci ildə, faktiki, iki yerə bölünən təşkilatda indi Sabir Rüstəmxanlı-Əjdər Tağızadə konflikti yaranıb. Bir müddət əvvəl Sabir Rüstəmxanlının ona qarşı yönəltdiyi ittihamlara cavab vermək istəyən Əjdər bəylə söhbətimizə DAK-ın tarixindən başladıq.

Təşkilatın yaranmasında danılmaz xidmətləri olan Əjdər Tağızadə ilə müsahibəni Strateq.az oxucularına təqdim edirik:

(Müsahibənin əvvəli bu linkdədir: Əjdər Tağızadə: “Sabir Rüstəmxanlının DAK-a gətirilməsinin ən böyük günahkarı mənəm”)

 Güneylilərin bunu niyə istəmədiklərini anlaya bilmirəm. Səbəb nə idi?

– Nəinki güneylilər, heç quzeylilər də Sabir Rüstəmxanlı istəmirdilər. O zamanlar Sabirin imici respublikada pis idi. Bunun özəl səbəbləri var. Çox üzərində durmaq istəmirəm… Bilirsənmi, Oğuz bəy, Sabirgil mənə qarşı təbliğat aparmaqla, haqqımda bəzən etik normaları aşan sözlər deməklə məni öz ideoloji mübarizəmdən yayındırmağa çalışırlar. Mən amma belə cılız söhbətlərə girmək istəmirəm. Mənim davam böyük məqsədlər uğrundadır. Sabirgil məni böyük okeanlardan kiçik çaylara çəkmək istəyirlər. Çünki onlar kiçik çayların gəmiləridir. Mənim davam isə okeanlara açılmış bir yoldur. Onlar məni öz dayaz sularına çəkib üstünlük qazanmaq istəyirlər. Bilirlər ki, şəxsi həyat haqqında ağzına gələni danışmaq mənim işim deyil. Ona görə də, mən bu sularda onların hər şeyi gözə alan, heç bir mənəvi ölçü gözləməyən manevrləri qarşısında susacam. Haqlıdırlar da. Mənim əxlaqım Elçibəy əxlaqından, türk millətçiliyi ideallarından yoğrulub. Türk əxlaqında kiminsə özəl həyatını hədəfə çevirib mübarizə aparmaq yolu yoxdur. Bu ənənəyə hörməti Sabir bəydən də gözləyirəm. Önə çıxıb öz sözünü özü desin. Mən də cavab verəndə rahat şəkildə cavab verim…

Sabir bəyə hörmətin azalmasının digər bir səbəbi Elçibəyə qarşı çıxması idi. Hərəkətlərində səmimi deyildi. Bir tərəfdən Heydər Əliyevin verdiyi “Şərəf” ordenini götürmürdü, bir tərəfdən isə onun hədiyyə etdiyi millət vəkilliyini qəbul edirdi. İqtidar mənsublarının arasında Əliyevçi, müxalifət mənsublarının arasında isə müxalifətçi kimi görünürdü. Belə bir insana kim hörmət edərdi? Daha sonra xəbər yayıldı ki, Sabir Rüstəmxanlı, sən demə, imtina etdiyi “Şərəf” ordenini də qəbul edibmiş…

– “Şərəf ordenini qəbul etdiyini ilk dəfə sizdən eşidirəm.

– Bəli, bəli. Ordeni götürüb.

– Bəs, bu, mətbuatda niyə yayılmayıb?

– Mənim nə işim var mətbuatda nə yayılıb yayılmadığıyla? Mən deyirəm ki, o, imtina etdiyi “Şərəf” ordenini götürüb. Onu boş verin. Adam xaricə gedəndə hər kəsin qabağında “Heydər Əliyev diktaturası”ndan bəhs edir. Eyni sözləri müxalifət nümayəndələrinin önündə də davam etdirir. Amma sonra əlinə gül alıb Heydər Əliyevin məzarına gedir. Bunu seyr edən insanların Sabir Rüstəmxanlıya nə hörməti ola bilər? Adamın bir siması olar. Mən demirəm ki, Heydər Əliyevin məzarına getmə. Bu, hər kəsin şəxsi işidir. Amma oturduğun məclislərdə danışdığın kimi yaşamağa çalış. Mövlananın yaxşı bir fikri var: “Ya olduğun kimi görün, ya göründüyün kimi ol!” Sabir Rüstəmxanlı isə bunların heç birini bacarmır. Ona görə də nüfuzdan düşür. Adam neçə stolda oturar?

– Sizcə, Sabir Rüstəmxanlı neçə stolda oturur?

– Çox. Bilirsənmi, çox stolda niyə oturur? Çünki həm siyasətdən, həm diasora təşkilatından, necə deyərlər, həm axurdan, həm də torbadan yemək istəyir. Mən hələ onun qidalandığı başqa qaynaqları demirəm. İndi də çıxıb deyir ki, bəs, mənim DAK-a gəlməyimi güneylilər xahiş etdi. Hansı güneylidir o? Birinin adını de.

– Sabir bəyin adından danışmaq istəməsəm də, bir güneylinin adını mən çəkə bilərəm – Əjdər Tağızadə. Özünüz dediniz ki, onun DAK-a gətirilməsində müstəsna rolunuz olub. Yanına xahişə gedibsiniz. Sizinlə bərabər gedən də, yenə öz etirafınıza görə, Yüsif adlı bir güneyli idi. Bəlkə o, sizi nəzərdə tutur?

– Bəli, mən onu DAK-a gətirmişəm. Məndən başqasının adını desin. Mənim bu addımı atmağımın səbəbi var idi. Əvvəla, bizə Sabirdən çox, onun mandatı lazım idi. Arxamızda dövlət dəstəyini görmək üçün. İkincisi, DAK-da təşkilati problem yaranmışdı. Cavad Derəxtini gözlənilmədən sədrlikdən çıxartmışdılar. Yerinə Səbri Təbrizli gətirilmışdı. Doğrudan da o işdə mənim əlim olmamışdı. Səbrini gecəylə istefaya göndərmişdilər. Mən də Sabirdən xahiş etdim ki, gəl, 5-6 aylığına bizə sədrlik et. İstəyirdim ki, bizim bir ayağımız da burda olsun. İndi də bunu istəyirəm. Çünki Azərbaycan dövlətinin imkanlarından faydalanmaq bizim davamıza böyük uğurlar qazandıra bilərdi. Mən nə bilərdim ki, Sabir bizi aparıb fars şovinizminin quyruğuna bağlayacaq?

– Farsın quyruğuna keçməmişdən əvvəl bir sual verim – Sizin o zamankı təklifinizə Sabir bəyin cavabı necə oldu?

– Əvvəl bu təklifi yaxına buraxmaq istəmirdi. “Amandır, məni bu işə qatma” – deyirdi.  Onun fikrincə, Azərbaycanda onun düşmənləri çoxdu, bu işə də girişsə, abırı lap gedərdi.

– Niyə Sabir bəyi uzun müddətə yox, məhz 5-6 aylığına sədr seçmək istəyirdiniz?

– Çünki DAK-da ümumi razılıq var idi. Bu razılığa əsasən, sədr gərək güneyli ola. DAK-da təşkilati problem yarananda isə hər kəs onun sədri olmaq istəyirdi. Cavad Dirəxti də, Eldar Qaradağlı da, Məmməd Azər, hətta Adil Minbaş da bu iddiada idi. Təsəvvür edin, Adil Minbaşı vəkildir. Sırf Elçibəyin şəxsi vəkili olduğu üçün DAK-a rəhbərlik etmək istəyirdi. Mən isə bu mübahisələrin qarşısını almaq üçün Azərbaycan dövlət rəsmilərinə yaxın bir adam kimi Sabir Rüstəmxanlını ora gətirmək istəyirdim ki, ortaq mövqeyə gələnə qədər parçalanmanın qarşısını alam.

– Niyə hər kəs DAK-ın sədri olmaq istəyirdi?

– Çünki DAK-ın sədri olmaq 50 milyon adamın adından danışmaq demək idi. Bu, həm insana nüfuz, həm də maddi imkan gətirirdi. Sabir də əvvəl getmək istəmədiyi sədrliyin nə qədər böyük mənfəətlər gətirdiyini gördü və yapışdığı kreslodan əlini çəkmədi. Mən onu şair, ziyalı birisi kimi tanıyırdım. Bu cür edəcəyini təxmin etmirdim. Sən demə, Azərbaycan rəsmiləri onun kim olduğunu məndən daha yaxşı bilirmişlər. Ona görə də Sabirin bu posta getməsini arzulamırdılar. Mənim israrımı görüb yarıkönül razı olmuşdular.

– Konkret kimlər?

– Azərbaycan rəsmiləri. İstər Dövlət Diaspora Komitəsindən, istərsə də digər yüksək dairələrdən. Mən onların adını çəkmək istəmirəm. Lazım bilərlərsə, özləri öz fikirlərini ifadə edərlər. Mənim kiminsə dili olmaq niyyətim yoxdur. Öz fikrimi deyirəm. Bir də hər şeyi demək olmur. Sadəcə, onu xatırlatmağı uyğun bilirəm ki, hələ Cavad Dirəxti dövründən etibarən, bizim Azərbaycan dövləti ilə yaxın təmaslarımız var idi. Onlar bizim təşkilatı işlərə çox qarışmasalar da, fəaliyyətimizi təqdirlə qarşılayırdılar. Biz eyni zamanda müxalifətlə də əlaqələrimizi davam etdirirdik. Yəni Azərbaycanın bütün kəsimlərində rəğbətlə qəbul olunurduq. İsa Qəmbərlə, Əli Kərimliylə, Sərdar Cəlaloğluyla tez-tez görüşürdük, bərabər məsləhətləşmələr aparırdıq.

– Müxalifətlə əlaqələriniz hakimiyyəti qıcıqlandırmırdı ki? Məsələn, sizdən bu əlaqələri dayandırmaq tələb olunmurdu ki?

– Xeyr. Çox normal qəbul edirdilər. Sabir Rüstəmxanlı istər hökumətin, istər müxalifətin bizə bu rəğbətindən faydalanaraq xeyli gəlir əldə edirdi. DAK-ın adına müxtəlif xeyirsevər məmurlardan aldığı vəsaitin hesabına şəhərin mərkəzində özünə 7 mərtəbəli ofis tikdirmiş, xeyli evlər almış, qohum-əqrabalarını müxtəlif yerlərdə işə düzəltmişdi. İstərsə, hansı nazirdən nə qədər pul aldığını açıq deyə bilərəm. Özü mənə bir nazirin adi bir görüşdə onun maşının “bardaçokuna” 30 min manat pul atdığını deyib. Mən hələ başqa vəsaitləri demirəm. Sadəcə, bir məsələni açıq etiraf edirəm: indiyə qədər DAK-ın bütün tədbirləri Azərbaycan dövlətindəki bəzi xeyirsevərlərin maddi vəsaitləri hesabına həyata keçirilib. Sabir isə bu məqsədlə ona verilən vəsaiti öz mənfəətləri üçün xərcləyib. Odur ki, 5-6 aylığına DAK-a sədr gələn bu adam əldə etdiyi maddi mənfəətlərin və bir çox haqqında danışmağa həya etdiyim əməllərinin hesabına tutduğu postu əldən vermək istəmir. Mənimlə münasibətlərinin korlanmasının əsas səbəblərindən biri bu idi. Təbii ki, başqa məsələlər var idi. O, elə qüvvələrlə əlaqə saxlayırdı ki, həmin qüvvələr Azərbaycanın dövlət maraqlarına, güneylilərin istiqlal mübarizələrinə düşmən idilər. Əslində bu məsələdə mən ondan çox, onun güneyli müavinini günahlandırıram. Sabir güneyi yaxşı tanımaya bilər. Əslində DAK üzvləri də quzeylilərin bu təşkilata rəhbərliyini məhz bu səbəbə görə istəmirdilər. Quzeylilərin İranın daxili siyasətindən xəbərləri yoxdur. İran rejiminə qarşı müxalifət olan hər kəs, bizim nəzərimizcə, əməkdaşlıq edilə biləcək qüvvə deyil. İrana qarşı elə müxalifət qüvvələri var ki, onların hakimiyyətə gəlməsi indiki rejimdən daha pis nəticələr doğura bilər. Məsələn, bunlardan biri “İran Xalq Mücahidləri Təşkilatı”dır. Sabir Rüstəmxanlı da onların mahiyyətindən xəbəri olmadığı üçün öz güneyli müavininin təklifi ilə bu qrupla sıx əlaqə saxlayır. Halbuki nə qədər İran rejiminə qarşı olsa da, bu qrup Azərbaycan türklərinin ən böyük düşmənidir. İndiki rejim bunlarla müqayisədə xeyli sivil idarəçilik anlayışına sahibdir. “Xalq mücahidləri” isə daha radikaldırlar. Xomeyni ilə bərabər indiki rejimin qurulmasında rol oynasalar da, sonradan “xalq mücahidləri”nin radikallıqlarını molla hakimiyyəti belə qəbul etməyib, 1980-cı illərdə onlarla yolları ayırıb. O zamandan müxalifətə keçən “Xalq mücahidləri” hakimiyyət uğrunda mübarizə aparır. Terrorla məşğul olur. Azərbaycan deputatının terrorçularla əlaqəsi, əvvəla, beynəlxalq arenada bu ölkənin adına ləkə vura bilər. İkincisi, onların, hakimiyyətə gələrsə, daha dəhşətli zülmə əl atacaqları bütün İran adlı yerin əhalisinə bəllidir. Sabir isə yəqin ki, bundan xəbərsizdir. Amma gərək addım atmamışdan qabaq, güneylilərlə məsləhətləşə. Di gəl ki, özündən razılığı buna imkan vermir.

– İddia edirsiniz ki, Sabir Rüstəmxanlının terror qruplaşmasıyla əlaqəsi var? Bunu necə sübut edə bilərsiniz?

(ardı var)

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button