Əjdər Tağızadə: “Sabirin müavini “Xalq mücahidləri”nin casusudur”

əjdər tağızadə5Hədəflərindən biri güneyli, quzeyli bütün azərbaycanlıları bir çətir altında birləşdirmək olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) özündən indi parçalanma xəbərləri gəlir. 2005-ci ildə, faktiki, iki yerə bölünən təşkilatda hazırda Sabir Rüstəmxanlı-Əjdər Tağızadə konflikti yaranıb. Bir müddət əvvəl Sabir Rüstəmxanlının ona qarşı yönəltdiyi ittihamlara cavab vermək istəyən Əjdər bəylə söhbətimizə DAK-ın tarixindən başladıq. Təşkilatın yaranmasında danılmaz xidmətləri olan Əjdər Tağızadə ilə müsahibəni Strateq.az oxucularına təqdim edirik:

(Müsahibənin əvvəlki iki hissəsi bu linklərdədir:

1.  Əjdər Tağızadə: “Sabir Rüstəmxanlının DAK-a gətirilməsinin ən böyük günahkarı mənəm” ;

2. Əjdər Tağızadə: “Sabir Rüstəmxanlı DAK-a ayrılan pulları mənimsəyir”)

– İddia edirsiniz ki, Sabir Rüstəmxanlının terror qruplaşmasıyla əlaqəsi var? Bunu necə sübut edə bilərsiniz?

-Sübut edə bilərəm. Sabir Rüstəmxanlının özü 3 dəfə “Xalq mücahidləri”nin Parisdə keçirilən qurultayında iştirak edib. Əgər əlaqəsi yoxdursa, 80 min nəfərlik bu qurultayda onun nə işi vardı? “Xalq mücahidləri” hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycana mədəni haqlar verilməsinimi qəbul ediblər? Onlarla sənin nə danışığın, nə görüşün ola bilər? İran haqqında zərrə qədər informasiyası olanlar “xalq mücahidləri”nin indiki rejimdən daha betər türk düşməni olduğunu bilirlər. Sabir Rüstəmxanlı bunu bilmirsə, niyə güneylilərlə məsləhətləşmir?

– Bəlkə tərəf-müqabilinizə ünvanlandığınız suala özünüz cavab verəsiniz? “Xalq mücahidləri” ilə Sabir bəyi nə bağlayır?

– Sabir Rüstəmxanlı öz aləmində “xalq mücahidləri”nin əlaqələri hesabına xarici dayaqlar axtarır. Həqiqətən də “xalq mücahidləri” ona bu dəstəyi verirlər. Çünki pulları çoxdur. İstər İranda hakimiyyətdə olduqları dövrlərdə, istər Səddam Hüseyndən aldıqları, istərsə də indi Səudiyyə Ərəbistanının dəstəyiylə topladıqları ianələr sayəsində milyardlarla dollara sahibdirlər. Bank hesablarında 7 milyard dollar vəsaitləri var. Özü də bu pullar ölü kapital da deyil. Daim dövriyyədə olan, pul üstünə pul gətirən bir kapitaldan söhbət gedir. “Xalq mücahidləri” bu pulların sayəsində ABŞ və Avropa dövlətlərində özlərinə lobbilər yaradıblar. Bu lobbilərin sayəsində hakimiyyətə gəlmək istəyirlər. ABŞ-ın mətbu orqanları belə bu lobbiçilik fəaliyyətindən yazır, bunu heç gizlətmirlər də. Bu  yaxınlarda BBC və “Amerikanın səsi” radiosu xəbər yaydı ki, Nyu-Yorkun keçmiş meri Rudi Guilyani “xalq mücahidləri”nin toplantısına gedəndə onlardan hər səfər üçün 200-250 min dollar pul alır. Ümumiyyətlə, bu təşkilatın lobbiçilik fəaliyyəti bu prinsip üzərində qurulub – pul verib dünyanın müxtəlif ölkələrindəki siyasətçiləri öz tərəflərinə keçirirlər. Toplantılarına dəvət edirlər. Hər iştirakçıya da istinasız olaraq xeyli pul verirlər. Eyni toplantıda Sabir Rüstəmxanlının da iştirak etməsi insanda müəyyən şübhələr yaradır. Azərbaycan hökuməti bu məsələni ciddi şəkildə araşdırmalıdır. Sabir Rüstəmxanlının onlarla hansı əsasda və nəyin xətrinə əməkdaşlıq etdiyi aydınlaşmalıdır.

“Xalq mücahidləri”nin əməkdaşlığa cəlb etdikləri siyasilərdən biri də Amerika konqresmeni Dana Rohrabacherdir.  Bir neçə il bundan əvvəl Kaliforniyanın bu konqresmeni çıxıb dedi ki, Azərbaycanın güneyi müstəqil olmalıdır. Onda mən barmağımı dişlədim. Fikirləşdim ki, burda bir oyun var. Bu o zaman idi ki, Əhmədinejat Amerikayla danışıqlar aparırdı. Ona təzyiq etmək üçün ABŞ milli məsələni ortaya atmışdı. Danışıqlar qurtarandan sonra Dana Rohrabacher də fikrini dəyişdi. Bizimkilər möcüzəli fikir səsləndirib deyə, onun yanına gedəndə konqresmen dedi ki, İran adlanan yerdə rejimin alternativi “xalq mücahidləri”dir. Məlum oldu ki, Dana cənabları “xalq mücahidləri”nin lobbiçiliyi ilə məşğuldur. Bu yaxınlarda Sabir Rüstəmxanlı onunla da görüşə getdi. Nə qədər dedim ki, getmə, xeyri olmadı.

– Niyə getməsini arzulamırdınız?

– Çünki Dana adlı şəxs “xalq mücahidləri”nin adamıdır. Sabir bəylə onu görüşdürən də, ondan randevu alan da “xalq mücahidləri” idi. Belə bir adamla DAK rəhbərliyinin nə işi ola bilər? Kim deyə bilər ki, “Xalq mücahidləri” Sabir bəyin də cibinə pul qoymayıb? Pulu verən sifarişi də verər. Əgər Sabir bəyin bu təşkilatdan pul aldığı təsdiqlənərsə, bu, nəinki Güney Azərbaycan, həmçinin Quzey Azərbaycan üçün də ciddi təhlükədir. Sabir bəy bu gün istifadə etdiyi əlaqələrin girovuna çevrilə və Azərbaycanın maraqlarına zidd addım ata bilər. Çünki “Xalq mücahidləri” pul verib ələ keçirdikləri adamdan əl çəkmirlər. Məni və digər güneyliləri də ən çox narahat edən budur. Biz Quzey Azərbaycana milli davamızı həmişə diri tutan yer kimi baxmışıq. Burdan ilham almışıq.

Digər tərəfdən biz güneylilər “mücahidlər”ə nifrət edirik. Onların antitürk, antiazərbaycanlı olduğunu bilirik. Sabah İranda bu qrup hakimiyyətə gələrsə, ən çox əziyyəti də biz çəkəcəyik. “Xalq mücahidləri” Təbrizdə, Ərdəbildə mənim insanımı güllə-baran edəcək. Xomeyni rejimi heç olmasa, bir “tövbə”yə adamı bağışlayırdı. Xam idi. Sonra ayıldı. Bu “xalq mücahidləri” isə indidən ayıqdırlar.

– Belə çıxır ki, terrorçularla əlaqə ittihamında yeganə sübutunuz Sabir bəyin “Xalq mücahidləri”nin toplantılarında iştirak etməsidir. Bu iştiraklardan sonra Sabir bəyin fəaliyyətində sizi şübhələndirən hansısa dəyişiklik hiss olunubmu?

– Əlbəttə. Əvvəla,  onun ifadə tərzi dəyişilib. Əvvəl Quzey Azərbaycanın müstəqilliyindən danışan bu adam indi Tehranla isti münasibətlərdən bəhs edir. “Biz diaspora təşkilatıyıq, bizim Tehranla işimiz yoxdur” – deyir. Adama deyərlər, axı, Sabir, sən necə diasporasan? Haranı təmsil edirsən? Azərbaycan adlı ölkədə yaşayırsan, onun millət vəkilisən. Hansı haqla diaspora adından danışırsan? Özü də siyasi sistemindən xəbərsiz olduğun bir ölkənin xaricdəki diasporunun adından danışmaq nə qədər doğrudur? Niyə bir davanı öz mənfəətin üçün fars şovinizminin ayaqları altına atırsan? Mənə elə gəlir ki, “xalq mücahidləri”nin Sabir Rüstəmxanlı proyektində başlıca məqsədlərindən biri Azərbaycan hakimiyyəti ilə cənub diasporasının arasında etimadsızlıq mühiti yaratmaq, digəri isə müstəqillik ideyasının Quzeydən Güneyə transferinin qarşısını almaq idi və bunlara da nail olunub.

– Belə bir sual ortaya çıxır: Sabir bəy onları tanımadığı kimi, onlar da Sabir bəyi tanımırlar. Bəs, bu əlaqələr necə yaranıb?

– Sabirin onlarla əlaqəsini təşkil edən öz müavinidir. Əslən cənubdan olan bu adam “Xalq mücahidləri”nin casusudur. Onların “dərin adamı”dır. Sabir Rüstəmxanlı indi bu adamın təsir dairəsinə düşüb. DAK-ı da bu adamın ağlıyla idarə edir.

– O adamın adını deyə bilərsiniz?

-Xeyr, demək istəmirəm. DAK-la əlaqəsi olan hər kəs, xüsusilə Azərbaycan dövlətinin nümayəndələri kimdən söhbət getdiyini bilir. Ümidvaram ki, bundan sonra lazımi tədbir görüləcək də. Çünki Sabir və onun ətrafındakı bu adamların hərəkətləri və atdıqları addımlar ilk növbədə Cənub diasporasında Azərbaycan dövlətinin hörmətini zədələyir. Onlarda Azərbaycana qarşı etimadsızlıq yaradır. Biz cənublular olaraq həmişə Azərbaycana öz siyasi iradəmizin mənbəyi kimi baxmışıq. İstər mərhum Heydər Əliyevi, istərsə də cənab İlham Əliyevi təkcə quzeyin yox, həm də güneyli, quzeyli bütün Azərbaycanın prezidenti kimi görmüşük. Onların özləri də bu təmsilçiliyi xüsusi rəğbətlə qarşılayıblar. Açıq şəkildə 50 milyon azərbaycanlını təmsil etdiklərini bildiriblər. Biz həmçinin DAK-da Quzey Azərbaycanı təmsil edənləri də bu iradənin nümayəndələri kimi qəbul etmişik. İndi bu iradənin təmsilçisi kimi gördüyümüz adamlar gedib Azərbaycan türklüyünün düşməni olan “xalq mücahidləri”ylə, İraqdakı İran iradəsinin təmsilçiləriylə görüşürsə, güneylilər Azərbaycan dövləti haqqında nə fikirləşər?

– Əjdər bəy, deyəsən, yavaş-yavaş bəhs etdiyiniz “fars şovinizmi”nin quyruğuna gəlib çıxdıq. İraqdakı İran siyasi iradəsi deyəndə nəyi nəzərdə tutursunuz və DAK nümayəndələrindən kimlər onlarla görüşüb?

-Sabir Rüstəmxanlı öz müavinlərini dəfələrlə İraqa ordakı İran rejiminin uzantılarıyla görüşə göndərib. Bu gün İraqın tamamilə İrandan asılı vəziyyətdə olduğunu bilməyən yoxdur. İraq “İnqilab keçikçi”lərinin ən tanınmış generalı, Yaxın Şərqə şiə təməlli islam fundamentalizmini yayan sistemin rəhbəri Qasım Süleymaninin nəzarəti altındadır. Bundan əvvəlki əl-Maliki hakimiyyətinin tamamilə İrandan asılı olduğunu hətta ABŞ administrasiyası da etiraf etmişdi. Sabir Rüstəmxanlının adamları isə İraqa gedib əl-Maliki ilə görüşüblər. Sonra da həmin adamlardan biri əl-Malikiylə çəkdirdiyi şəkili hər kəsə göstərib özünü reklam edir. Adamdan soruşmazlar ki, sənin əl-Malikinin yanında nə itin azıb? Əl-Maliki Xameneinin adamıdır. Sən kimsən, bəs?

– Söhbət kimlərdən gedir?

-Söhbət Sabir Rüstəmxanlının Avropadakı nümayəndəsi Firudindən və əslən Gürcüstandan olan siyasətçi Zəlimxandan gedir. Adamlar burdan İraqa gediblər. Guya, orda kərküklülərlə görüşəcəklər. Əl-Maliki isə bunları Kərbəlaya aparır, Kərkükün astanasına belə ayaqları dəymədən geri qayıdırlar. Biri etiraz edib demir ki, axı bizım Kərbəlada nə işimiz vardı? Biz bura dini ziyarətə gəlməmişdik.  Sabir Rüstəmxanlı və onun ətrafı nə zamandan dindar kəsilib, həccə, Kərbəlaya ziyarətə gedən olublar?

– Bayaq “xalq mücahidləri”ni terrorçu təşkilat adlandırırsınız və bu əlaqələrin bizi bir dövlət kimi beynəlxalq qınaqla üz-üzə qoya biləcəyini bildirdiniz. Mən bilən, ABŞ onların adını terrorçular siyahisindan çıxarıb. Buna görə kim bizi terrorçularla əlaqədə qınaya bilər?

– Məsələ onların hansısa siyahıda olub-olmamasında deyil. Məsələ onların həqiqətən terrorçu olmasında və Azərbaycan türkünə düşmən kəsilməsindədir. Bu gün ABŞ-ın işinə yarayır deyə, onları terrorçular siyahısından çıxarıb. Sabah yenə işinə yarayacaq, onu yenidən həmin siyahıya əlavə edəcək. Onda kimlərin bu təşkilatla əlaqəsi var, ittihama məruz qalacaqlar. Sabir Rüstəmxanlının qurduğu bu əlaqələr Azərbaycanın adına ciddi beynəlxalq qınaq gətirə bilər. Unutmayaq ki, son zamanlar İranla ABŞ və Qərbin münasibətləri düzəlib. Getdikcə, bu əlaqələr davam edəcək və güclənəcək. İran bundan istifadə edib vəziyyəti öz xeyrinə dəyişə bilər. Mənim dərdim heç bu da deyil. Mənim dərdim “xalq mücahidləri”nin xarakter etibarilə molla rejimindən daha təhlükəli olmasında, türkə qənim kəsilməsindədir.

– Bizə söylədiyiniz bu faktların bəziləri dövlət təhlükəsizliyiylə birbaşa əlaqədardır. Bu barədə MTN-ni məlumatlandırıbsınızmı?

-Yox, məlumatlandırmamışam. Sizə və digər mətbu orqanlara danışdığım faktlarda dövlət təhlükəsizliyi ilə əlaqədar hansısa məqam varsa, hesab edirəm ki, ölçü götürülər. Mənim bilgilərimdən yararlanmaq lazım gələrsə, bu köməkliyi də edə bilərəm. Baxmayaraq ki, Azərbaycan vətəndaşı deyiləm. Mən bu dövləti hər yerdən çox sevir, onu özümün ən müqəddəs dəyərim hesab edirəm…

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button