Ələsgər Əhmədoğlu: “Dərhal məhkəməyə müraciət edin!”

ələsgər əhmədoğluDünəndən başlayan və tam qanunsuz olan Bakıya gəlmə qadağası cəmiyyətin bütün təbəqələrini narahat edir. Qanunların pozulduğu şəraitdə insanlar nə edəcəklərini bilməyə bilərlər. Ancaq tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu (Məmmədli) facebook statusunda yazdığı yazı ilə bu suallara cavab gətirir. xural.com Ələsgər Əhmədoğlunun yazısını Oxucularına təqdim eidr:

Dostlar, Bu gündən etibarən DYP-nin rayon nömrəsi ilə olan avtomobilləri Bakıya buraxmamağa dair tətbiq etdikləri məhdudiyyət Konstitusiyaya ziddir və heç bir qanuni əsası yoxdur.Konstitusiyanın 28-ci maddəsinın III bəndində deyilir ki: ” Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər…”. Odur ki, kim bu problemlə qarşılaşsa, dərhal məhkəməyə müraciət etsin. Konstitusiyanın 25-ci maddəsi mənşəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verib və deyib ki: “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyaya görə “71-VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir”. 71-ci maddəyə əsasən: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Yəni, bu qərarı qəbul edən icra qurumları dərk etməlidirlər ki onlar Konstitusiyanın normalarına zidd qayda qoya bilməzlər. Konstitusiyanın 71 ci maddəsinin IX bəndinə görə qanunsuz əmrə əməl edilməməlidir: “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.
Qeyd edim ki, Yol Hərəkəti haqqında Qanunda da bu ayrıseçkilikçi qadağanın tətbiqini mümkün edən heç bir norma yoxdur. Ayrıca, Qanunun təyinatında da göstərilib ki, “Maddə 2. Qanunun təyinatı
Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir”
Yəni, hərəkəti kökündən məhdudlaşdırmaq mümkün deyil. Hərəkət ancaq, məhdud səbəblərlə, və müvəqqəti hər kəs üçün məhdudlaşa bilər. Bu zaman da “…dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər”.
Qanunları tətbiq edən Polislərə də səslənirəm, qanunsuz əmrlərin icrası da məsuliyyət yaradır. Konstitusiyanı, Qanunları pozaraq tətbiq edilən qadağaları vətəndaşlara tətbiq etməniz, sizlər üçün də məsuliyyət yaradır. Gəlin, hər birimiz hüquqa əməl edək, hüquqları müqəddəs hesab edək və onları qoruyaq. Hər birimizə bir gün ədalət lazım olacaq. O gün gəldiyində ədaləti tapmamız üçün, bu gün adil olmalı, hüququn üstünlüyünə boyun əyməliyik. Hüquq əllərə tutuşdurulan qanunsuz əmrlər, qərarlar deyil. Hüquq toplumu ədalətlə yönəltəcək adil qaydaların bütünüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button