Əlacsızlıqdan çıxmaq gərək

soylu atalıSoylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

Çağdaş dünyanın siyasi mənzərəsi çox qəribədir. Bir ölkədə hamı demokratiya çağırıb ölkəni dağıdır. Cəmiyyətdə özbaşınalıq adətə çevrilir. Dövlətçilik bir janr kimi boşluğa doğru dartılır. Artıq dünyada bəşəri dəyər yaranmır. Daha doğrusu, əgər az-çox yaranan bir şey varsa, o da işləmir. Dünya heyvana doğru gedir. Tarixin heç bir dönəmində insanlar bir-birinə qarşı bu qədər ardıcıl savaş – nifrət mövqeyində olmayıb. Demokratiya – hakimiyyət uğrunda, maddiyyat uğrunda mübarizəni qızışdıran ideolojiyə çevrilib. Dünyada “Mərkəz demokratiyası” və “əyalət demokratiyası” statusu yaranıb. Mərkəz demokratiyası zahirən müdrik və səbrli görünür, əyalət demokratiysı isə haytalı və çığırqan. Mərkəz demokratiysı əyalətlərə örnək kimi sunulur. Yəni Qərb əyalətlərə deyir ki, mənim kimi olmalısan. Bu isə mənimki olmalısan deməkdir. Ukraynada Yuşşenko həşirləri bu tələbin əsasında ortaya gətirilmişdi. O vaxtlar MDB-nin ayrı-ayrı respublikalarında hakimiyyət istəyən qüvvələr Yuşşenkonun “qələbəsi”ni demokratiyanın qələbəsi, bəşəriyyətin ağgünə çıxma ənənəsi kimi qələmə verirdilər. Ancaq az vaxtdan sonra onu antidemokrat adlandırıb devirdilər. Gürcüstanda Saakaşvili də onun kimi, – inqilab ənənəsi yaratdı və demokratiyanı qələbəyə “çatdırdı”. İndi o, antidemokrat elan edilib devrilməyə doğru çəkilir.

İnqilabın bu dərəcədə asanlaşdığı və ənənəyə çevrildiyi ölkələrin gələcəyi necə ola bilər?! Dövlətçilik – bazarı tikib-sökmək səviyyəsinə endirilir. İdarə olunan inqilabi mitinqlər dövlətçiliyin təməlini sarsıtmaqdan başqa bir şey deyil. İnsanlar küçələrə yürüdülür ki, dövlətin gücünü sarsıtsınlar (Hakimiyyət dəyişilib dövlətin gücünü bərpa eləmir). Qərb küçəyə yürütdüyü adamları müdafiə eləyir: “Onları tutmaq olmaz” – yəni qoy dağıtsınlar. İnsanların azad şəkildə dağıtmaq haqqı var” məntiqi uydurulub. Sadə insanlar ədalətsizliyə qarşı meydanlara çıxırlar. Ancaq onlardan istifadə edənləri ədalət düşündürmür, hakimiyyət uğrunda fərdi istəkləri düşündürür. Əgər insanlar kənar qüvvələrin idarə etməsiylə deyil, haqsızlığa, ədalətsizliyə qarşı bir araya gəlib hakimiyyəti dəyişsəydilər, o zaman Milli qələbə təmin olunardı. Xalqlar düşünməlidirlər ki, öz ağasından xilas olub başqa ağaların oyuncağına çevrilmək daha böyük faciədir. Əgər ölkənin içində ağalıq eləyənlərin ziyankarlığı əsasən maddi talançılıqdan başlayan yağılıqdırsa, kənar qüvvələrin ziyankarlığı milli şüurun pozuntuya uğradılması ilə gerçəkləşən yağılıqdır. Məsələn, Qərbin demokratiyanı bərpa eləmək adı altında Azərbaycan hakimiyyətini sıxışdırması hakimiyyətdən çiyrənən xalqımızda təsəlli ovqatı yaradır. Ancaq ATƏT-in Minsk Qrupunun fəaliyyətini xatırlamaq yetər ki, Qərbin qlobal oyunlarının mahiyyəti dərk olunsun. Başqa sözlə, Qərb üçün “Azərbaycan hakimiyyəti” adlı problem yoxdur, “Azərbaycan” adlı problem var. Toxunduğumuz məsələ o qədər həyəcanlı bir məsələdir ki, biz bunu dönə-dönə vurğulayırıq, mövzuya tez-tez qayıdırıq. Torpağımızda Ermənistan respublikası yaradan qüvvələrdən hələ də səxavət gözləyən təşkilatlarımız ya ölkənin mənafeyini nəzərə almaq üçün özlərində güc tapa bilmirlər, ya da tarixi məsuliyyətdən özlərini kənarda görürlər. İstənilən halda siyasi təslimçilik fəalların xarakterinə hakim kəsilir. Diqqət yetirin, Qərb insan haqları söhbətini, siyasi hakimiyyətdə islahatların aparılması məsələsini nə vaxt qaldırır? – Elə ki, hakimiyyətdən istədikləri qurbanları ala bilirlər, hər şey “normal” gedir, səslərini çıxarmırlar. Ancaq istədiklərini ala bilməyəndə narazı kütləni müxalifətin əli ilə ayağa qaldıraraq, dəyişikliklər edəcəyi ilə hakimiyyəti hədələməyə başlayırlar. Yəni bu gün dünyada “Qərbin müxalifəti” funksiyasını həyata keçirən bir siyasi struktur var, ölkənin müxalifəti yoxdur. Məhz hakimiyyətsevərlik Vətənsevərlikdən güclü olduğuna görə bu belədir. Dövlətçilik isə xalqla hakimiyyətin birliyi üzərində dayananda güclü olur. Bunun üçün hakimiyyəti kənar qüvvələr deyil, xalq müəyyən eləməlidir. Doğrudur, bunun da mexanizmini nəzarətə götürüblər. Seçki oyunlarını ortaya atmaqla hər şeyin xalqın əli ilə olduğu görüntüsü yaradırlar. Ancaq xalq seçmədiyinin, sadəcə seçki oyununda istifadə olunduğunun fərqinə varmalıdır. Bunun üçün xalqı hakimiyyət, maddi sərvət, vəzifə uğrunda rəqabət aparan qrupların, tayfaların təsirindən qurtarıb vahid, mütəşəkkil Hərəkat mərhələsinə yetirmək gərəkdir. Bunun üçün Hərəkat yolunda ortaya çıxan maneələri aradan qaldırmaq gərəkdir. İnsanların düşüncəsini dini, siyasi anarxiyadan xilas eləmək gərəkdir.

Çox böyük addımlar atılmalı, çox böyük işlər görülməlidir.

Qərb bizi Vətənsizləşdirmək, Millətsizləşdirmək planları həyata keçirir. Bizi Vətənsizləşdirənlərin işinə yaramaq özünəqəsddir. Əgər Türk Dünyası olmasaydı, onda Qərbin buyruqlarını yerinə yetirmək əlacsızlığını anlamaq olardı. Ancaq dünyanın düzənini dəyişə bilmək iqtidarında olan Türk Dünyası varsa, əlacsızlığa düçar olmanı anlamaq olmur…

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var Olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button