Əli Əhmədov Metyu Brayzadan şikayət edəcəkmi?

Azərbaycanın uğurlarını gözü götürməyən bizlər ölkənin çapılıb-talanmasından, monopoliyadan, korrupsiyadan yazanda YAP rəhbərləri icra katibi Əli Əhmədovun timsalında Mətbuat Şurasına şikayət göndərir, bir qeyri-hökumət təşkilatına verdikləri qeyri-qanuni səlahiyyətlə əleyhimizə «qərarlar» çıxardır və qalib görkəm alırlar.

Dövlətin talanmasına etiraz edən köşə yazarına qarşı absurd qərar çıxarmağa, ölkənin şil-şikəst edilmiş, satın alınmış, sındırılmış media qurumlarının içində zor-güc ayaqda qalan 2-3 qəzeti əlaltıları vasitəsilə susdurmağa nə var ki!

Bu sadədən-sadə, adidən-adi işi qoyun bir kənara, Metyu Brayzaya nə deyəcəksiniz, onu izah edin!

Dünən ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza öz təcrübəsinə, aldığı informasiyalara əsaslanıb Azərbaycan iqtidarını ağ yuyub, qara sərdi. Cənab səfir Avropa otelindəki çıxışında nələr danışmadı?!

Azərbaycanın «xanların» idarəçiliyində olduğunu rəsmən bəyan etdi; Azərbaycanın ABŞ-dan korrupsiya və rüşvət içində çabalayan bir ölkə kimi göründüyünü dedi; Azərbaycanda iqtisadi baxımdan işləməyin mümkün olmadığını söylədi…

Bir səfirin bir hakimiyyəti bundan artıq təhqir etməsi mümkün deyil. Bu ölkədə azad rəqabət mühitinin olmadığını xarici ölkənin səfiri nəinki bilir, hətta bunu açıqlamaqdan və bəyan etməkdən belə çəkinmirsə, gör, ölkə hansı səviyyəyə düşüb? Gör, ölkənin imici haqda hansı təsəvvürlər var?

Buna nə deyirsiniz, Əli Əhmədov? Metyu Brayzadan şikayət edin də! Verin də onu Mətbuat Şurasının əlinə! MŞ İdarə Heyəti cənab səfirin təkzib verməli olduğu haqda gözəl bir qərar çıxarıb yüyürə-yüyürə gəlsin də üstünüzə? Niyə etmirsiniz? Nə təhər olur, mən yazanda, Azərbaycanın 20 faizinin ermənilər, 80 faizinin YAP tərəfindən işğal olunduğunu deyəndə «peşə etikasını» pozmuş sayılıram, ancaq səfir bu faktları qıpqırmızı üzünüzə döşəyəndə «diplomatik etikanı» pozmur? Bəlkə MŞ-nın Nizamnaməsində «diplomatik etikanı pozma» maddəsilə cəza kəsilməsi nəzərdə tutulmayıb? Tutulmayıbsa, əlavə edin, salın o Nizamnaməyə – öz əlinizdə deyilmi? Hüquqa zidd olmasından da narahat olmayın. Guya MŞ hüquq, səlahiyyət hərləyir?

Azərbaycandakı iqtisadi-siyasi-sosial fəlakət artıq heç bir peşənin etikasına sığmır. İllərdir, demokratik dünya Azərbaycan iqtidarı ilə «diplomatik dillə» danışır: illərdir, Azərbaycan hakimiyyətinə azad sözü boğmamaq, insan haqlarına sayğı göstərmək, mülkiyyət hüquqlarını qorumaq xahişləri edilir; illərdir seçkiləri saxtalaşdırmamaq, azad biznes mühiti yaratmaq, insanlara normal yaşamaq və özünüifadə imkanları vermək üçün «diplomatik jestlər» edilir! Bu jestlər necə cavablandırılır? Sərbəst toplaşma azadlığından bəhrələnib mitinq keçirənlər türmələrə doldurulur, azad sözdən istifadə edənlər ölkədən qovulur, həbs edilir, təzyiqlərə məruz qalır, döyülür, insanların evi başlarına uçurdulur, «dövlət mənafeyi» adı altında vətəndaşların şəxsi mülkləri əllərindən alınır…

Normal ölkə heç bir halda bir səfirin bu cür münasibətini qəbul etməz. Ancaq azad sahibkarların əlindən var-dövlətini alan, büdcəni dağıdan, milli sərvəti sorub xarici banklardakı hesablarına yerləşdirən, öz vətəndaşının konstitusion haqlarına tüpürən, azad sözə düşmən kəsilən bir gözükölgəli hakimiyyət nə deyəcək? Öz ölkəsindən, millətindən oğurladıqları milyardları xarici banklarda toplayan, dünyanın müxtəlif ölkələrində villalar alan gözükölgəli bir hakimiyyət hansı cəsarətlə etiraz edəcək? İllərlə oğurladıqları vəsaitin anında təhlükəyə düşməsi və oğru olmalarının beynəlxalq ictimaiyyətə bəyan edilməsi qorxusu bunları elə zəlil etməyib ki, bir səfirin bu cür kəskin açıqlamasına qarşı çıxa da bilsinlər!

Ancaq utanacaqlarını, Azərbaycanın adına vurduqları dəhşətli zərbəyə görə xəcalət çəkəcəklərini də gözləmirəm. Utanan bu cür oğurluq, qansızlıq, haqsızlıq edərmi?

Utanan öz millətini zəlil günə qoymaq qarşılığında əcnəbilər qarşısında qürurunun əldən getməsinə razı olarmı?

Ümumiyyətlə, utanan ölkəni bu cür idarə edərmi?

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button