Əli Əsədovun adamı namizəd olacaq

əli əsədovxural.com-un əldə etdiyi özəl məlumatlara görə, məşhur iş adamı Musa Süleymanovun oğlu Rəşad Süleymanov bu il keçiriləcək deputat seçkilərində namizədliyini irəli sürəcək. Rəşad Süleymanov 20 saylı Nərimanov 2-ci seçki dairəsindən namizədliyini irəli sürəcək. Musa Süleymanovun oğlunun namizədliyini Tovuzdan verməyə çalışdığını, ancaq buna nail ola bilmədiyini deyən mənbəmiz bildirir ki, əslində Musa Süleymanov ilk əvvəl özünün namizədliyini irəli sürməyi düşünürmüş. Yaxın ətrafı və bağlı olduğu dairələrlə müəyyən məsləhətləşmələrdən sonra qərara gəlinir ki, hakimiyyətin gənclər siyasətinə üstünlük verdiyi nəzərə alındığı üçün, namizəd də gənc iş adamları kimi gənclərdən seçilsin. Bu mənada Musa Süleymanov oğlu Rəşadın namizədliyi üzərində dayanmalı olub.

Musa Süleymanov uzun müddətdir ki, Nərimanov rayonunda yaşayır. Onun namizəd olacaq oğlu, gənc iş adamı Rəşad Süleymanov bu rayonda, 20 saylı 2-ci seçki dairəsinin ərazisində doğulub-böyüyüb. Bu ərazidə orta məktəbə gedib və hal-hazırda da bu rayonun ərazisində işləyir. İş adamı kimi Musa Süleymanovun evi də bu rayonda yerləşir. Onun elə bu ərazidə böyük tikintiləri, əraziləri, televiziya kanalı və şirkətinin binaları yerləşir. İş adamı bu ərazidə bir çox qalmaqallı əraziləri ələ keçirib. Sakinlərin etirazlarına baxmayaraq, burada uşaq bağçalarını özəlləşdirib, məktəb binalarının həyətlərini sahib olduğu şirkətlərin tikinti meydançasına çevirib.

musa süleymanov
O da bildirilir ki, bütün bu işlərinə baxmayaraq, Musa Süleymanovun və oğlu Rəşad Süleymanovun ərazidə bəzi xeyriyyə işləri də var.

xural.com bildirir ki, hazırda bu ərazidən deputat yeri boşdur. Oradan Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov seçilmişdi və onun Baş nazirin müavini təyin olunması, deputat yerinin boşalmasına səbəb olmuşdu. Ötən seçkilərdə buradan Əli Əhmədovun alternativi AXCP-dən Gözəl Bayramlının namizədliyi verilmişdi. Nərimanov rayonunun keçmiş icra başçısı Zülfüqar Kazımov da buradan namizədliyini vermişdi və Əli Əhmədova görə YAP onu geri çəkilməyə məcbur etmişdi. İnformasiyalar var ki, ərazidə həddindən artıq nüfuzlu olan Zülfüqar Kazımov yenidən buradan iddialıdır. Başqa bir namizəd, Elçibəyin kürəkəni Aqil Səmədbəylinin və sabiq deputat Arzu Səmədbəylinin qardaşları Pərviz Səmədbəyli də bu dairədən namizədliyini vermiş və seçkiləri udduğunu iddia etmişdi. Məlumatımıza görə, ərazidə kifayət qədər nüfuzu olan Gözəl Bayramlı və Pərviz Səmədbəyli yenə namizədliyə iddialıdırlar.

xural.com Musa Süleymanovun Əli Əsədovun komandasına daxil olduğu haqqında məlumatlara sahibdir. Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin süqutundan sonra bütünlüklə Əli Əsədovun nəzarətinə keçən Musa Süleymanov, hələ də onunla əməkdaşlıq və şəriklik edir. Dolayısı ilə Rəşad Süleymanovun Əli Əsədovun namizədi olduğu meydana çıxır və Əli Əhmədovun bu il 20 saylı 2-ci seçki dairəsindən namizədliyini irəli sürməməsi, Rəşad Süleymanovun işinə yarayır.

Məlumatı dəqiqləşdirmək üçün Musa və Rəşad Süleymanovlarla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. İnformasiyanı dəqiqləşdirməyə çalışacağıq. Adı çəkilənlərin münasibətini dərc etməyə hazırıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button