Əli Həsənov: “Azərbaycanda media siyasətinin iflasa uğraması haqqında fikirlər əsassızdır”
“Bəziləri iddia edirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Yardım etmək bu qədər qəbahətdir?”.
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O qeyd edib ki, ölkədə media siyasətinin iflasa uğraması haqqında fikirlər illərdir milyonlarla pul xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin iddialarına əsaslanır.
Ə.Həsənovun sözlərinə görə, bəzi dairələr illərdir ki qrant vermək adı ilə media nümayəndələrini öz təsirinə salaraq dövlətçiliyə, milli maraqlara qarşı istifadə etməyə çalışıblar: “Qrant mediasının dırnaqarası dəyərli nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq həmin ölkələrin parlamentləri qarşısında NoTAP aksiyası keçirmək istəyirlər. Budur qrant siyasətini həyata keçirənlərin Azərbaycan jurnalistlərindən hazırladıqları vətəndaş və ya jurnalistlər. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq dövlətçiliyə qarşı istifadə etmək inkişaf göstəricisidirsə bizə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub”. (musavat.com)