Əli Həsənovun “Dalğa”sı efirə çıxır

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Gələn həftənin ilk günündən – dekabrın 4-dən Dalğa TV yayıma başlayır

Dekabrın 4-dən Azərbaycanda daha bir telekanal efirə çıxacaq. Bu kanalın yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ)noyabrın 14-də keçirilən iclasında müddətsiz lisenziya verilib.

Həmin iclasla bağlı MTRŞ-nın saytında (http://www.ntrc.gov.az/az/content/news/567.html) qoyulan xəbərdə deyilir: “14 noyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilmişdir”.

Kanalın qısa zamanda lisenziya alması səbəbsiz deyil. Bu kanal «Xəzər TV» Məhdud Məsuliyyətli Cəmiyyət şirkətinindir. Onun sahibi Samanyolu Yayım Qrupudu. Xəzər TV MMC-nin rəhbəri də Şamxal Əli oğlu Həsənlidir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun oğlu. Lisenziya verən qurumda – Milli Televiziya və Radio Şurasında bu kanala müddətsiz lisenziya üçün qərara səs verənlərdən biri, həm də sədr müavini Sona Vəliyevadır – Əli Həsənovun həyat yoldaşı. O, 2007-ci ildən MTRŞ üzvü, 2015-ci ilin yanvarından sədr müavinidir. Heç bir maraqlar konfliktinə ziyan dəyməyib…

Yeni telekanalın saytı da (http://www.dalga.az/) artıq fəaliyyətdədir. Yazılanlara görə, bu kanalda seriallar, tv-şoular, filmlər göstəriləcək.

Yeni kanal Xəzər TV-nin Nobel prospektindəki binasında fəaliyyət göstərəcək.

“Xəzər” Televiziyası 2007-ci ildə yaradılıb. 2007-ci il oktyabrın əvvəllərindən fəaliyyətə başlayıb.

Milli Televiziya və Radio Şurasının 25 oktyabr 2013-cü il tarixli qərarı ilə «Xəzər TV» Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya)  müddəti daha 6 il uzadılıb.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button