Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Əli İnsanov müxalif gücə çevrilə biləcəkmi?

Elxan ŞÜKÜRLÜ

“Strateq.az” saytının rəhbəri

Neçə gündür Azərbaycan cəmiyyəti çox maraqlı və həm də absurd bir tendensiyanı müşahidə edir: bir mərkəzdən verilən komanda ilə xeyli sayda media və siyasət adamı düşüb Prezidentin əvf sərəncamıyla azadlığa çıxmış sabiq səhiyyə naziri Əli İnsanovun üstünə.

Adamı ittiham edirlər ki, ömrünün 14 ilini və bu 14 ilin də hər anını həbsxana divarları arasında dövlətin əzici və aşağılayıcı gücü altında keçirmiş 73 yaşlı bir insan, alim niyə zindandan çıxan kimi, elə kandardaca ölkə rəhbərliyinə yalvarış dolu minnətdarlıq çıxışı etməyib…

Və dərhal da başlayıblar sabiq nazirin keçmişini qurdalayıb-eşələməyə: sən demə, Əli İnsanov kinli, minnətdarlıq hissindən uzaq, qəddar və korrupsionermiş, heç kimin xəbəri yoxmuş…

Özü də bunu o adamlara yazdırır, o adamlara dedizdirirlər ki, onların keçmişinin qaysağını qoparsan, ətrafa saçdıqları üfunətdən elə öz bağırları çatlayar. Neçəsi illərdir indiki durum və mövqeyi ilə daban-dabana zidd olan xəcalətli keçmişini gizləmək üçün dəridən-qabıqdan çıxmırmı, arxivləri belə təmizlətdirmirmi?! Uzun illər hakimiyyəti korrupsiyada, talanda, oğurluq və əxlaqızlıqda ittiham edən daha neçəsi də, azacıq imkan yaradılan kimi, elə öz sahəsindəcə ən böyük oğruya, talançıya, korrupsionerə və əxlaqsıza çevrilməyibmi?!

Hamı bir-birinin gözü önündədir və aradan elə də böyük zaman ötməyib: kimin haradan haraya və necə gəldiyini, necə yüksəldiyini, necə alçaldığını hər kəs yaxşı görür, yaxşı bilir…

O halda, heç olmasa susmağın daha yaxşı və anlayışla qarşılanacağı bir durumda nədir bu önədüşmə, təlaş, həyəcan və özünəəlqatanlıq?!

Axı İnsanovu Prezidentin özü əfv edib! Eşitdinizmi, məhz Prezidentin özü! Əli İnsanovu hamıdan yaxşı tanıyan, onun siyasi iddiasından da, içəridəki hikkəli və sərt davranışlarından da xəbərdar olan, çıxdıqdan sonra atacağı bütün mümkün addımları da öncədən proqnozlaşdırmağı bacaran Birinci Şəxs!

O halda, özünü ondan daha ağıllı sayıb da ABŞ və Avropa ilə münasibətlərdə Prezidentin böyük bir təbliğat fürsətinə çevriləcək bu əfv sərəncamını “aşağıların sərsəm sədaqət sübutu prosesi”nə döndərməyə nə ehtiyac var?!

Müdriklər əfv etməyi həmişə “yaxşı adamların intiqamı” sayıblar, hökmdarlarda bağışlamaq və şəxsinə olan pisliyi unutmaq xüsusiyyətinin olmasını isə yüksək ali keyfiyyət kimi dəyərləndiriblər. İndi əgər Prezident İlham Əliyev siyasi məhbus sayılan bu qədər adamı azadlığa buraxırsa, niyə təbliğat vasitələrində qəsdən elə görüntü və təəssürat yaradılır ki, onlar heç də səmimi şəkildə bağışlanmayıblar, kənar təzyiq qorxusundan geriçəkilmə var və buna görə də siyasi məhbus sayılan hər kəs “içəri”dən ancaq hakimiyyətlə anlaşaraq çıxır, hansısa siyasi öhdəliklər götürdükdən sonra azad edilirlər?!

Olmazdımı ki, əksinə təbliğat aparılaydı, deyiləydi ki, baxın, Prezident heç nədən çəkinmədən, qorxmadan hətta ən qatı əleyhdarlarını, o cümlədən vaxtilə onu devirməyə qalxmış siyasi rəqibini belə əfv etdi, bağışladı, açıb sərbəst buraxdı; bu da sizə ölkədə köklü siyasi islahatların başlandığına səmimi niyyət və ciddi bir nümunə! Bu, əsas siyasi rəqibini – Koçaryanı həbsə atdırmış Paşinyanla beynəlxalq müstəvidə demokratik imicini gücləndirmək yarışı aparan Əliyevin xeyrinə olmazdımı? Əlbəttə, olardı!

Ancaq hakimiyyətin təbliğat maşını bunu etmədi, əvəzində Qərblə, xüsusən də Avropa İttifaqı ilə danışıqlarda və münasibətlərdə böyük bir irəliləyiş, sıçrayış sayılacaq bu əfv sərəncamını kiçildib-xırdaldıb Əli İnsanovun əleyhinə təbliğat hadisəsinə çevirdilər: siyasətçilər, media rəhbərləri neçə gündür böyük bir təlaş və hay-küylə Əli İnsanov əleyhinə heç bir ictimai mahiyyət və məzmun daşımayan, ciddi dəstək qazanmayan tezislərlə məşğul edilir; əsasən də Əli İnsanovun öz yerliləri önə verilir, onlardan mətbuata çıxıb ortaya açıq mövqe qoymaları tələb edilir…

Qorxu və kinlə yoğrulmuş bu kampaniyanı nə qədər hansısa “dəyərləri və qaydaları qorumaq” pərdəsinə bürüsələr də, ağıllı və müdrik adamlar anlayır ki, bütün bu təlaşın da, həyəcanın da, özünəəlqatanlığın da kökündə tək və bir gerçək səbəb yatır: hələ də bu məmləkətdə gerçək xarakter sahibi olan insanların varlığı və onların mənəvi baxımdan sındırıla bilməməsi, tək qalsa da axına qarşı getməyi bacarması!

Bəli, məhz belə adamların – xarakterlərin varlığı bütün dövrlərdə mənəvi baxımdan aşınmış, tükənmiş, dəyərləri yeyildiyindən hər an uçuruma yuvarlanan cəmiyyətlərin təkərini döndərən, onları elə diyirləndikləri uçurumun kənarındaca ilişib saxlayan, istiqamətini dəyişərək xilas edən daş, qaya parçalarına çevrilirlər!

Əslində, sındırılmışların əksəriyyətinin Əli İnsanova qarşı indi püskürən bu sonsuz qəzəbinin, nifrətinin bir səbəbi də elə budur: məhbus Əli İnsanovun digərlərindən fərqli olması; onların gözlədikləri və hesabladıqları kimi davranmaması; öz əzm və iradəsinin hesabına 14 illik dustaq həyatında sınmaması, şux dayanması və uçuruma yuvarlanan bir cəmiyyətin istiqamətini dəyişə biləcək o daş, qaya parçasına çevrilmək potensialına sahibliyi!

…İnsanov həbsxana qapısının kandarındakı ilk açıqlamalarıyla ortaya ciddi siyasi iddia qoyub: həm xalqdan, həm də demokratik Qərbdən, Böyük Amerikadan dəstək istəyib.

Təşkilati gücü olmayan Əli İnsanovun bundan sonra meydandakı digər müxalif təşkilatlara qoşulmağa can atacağı, yoxsa kənarda durub fəal şəkildə hakimiyyətdən narazı bütün kəsimləri öz ətrafına toparlamaq taktikası seçəcəyi hələ bəlli deyil – özü demiş, bunu bir Allah bilir, nəticəni isə zaman göstərəcək.

Ancaq bilinən, bəlli olan odur ki, o, oyanışı və enerjini ifadə edən tünd sarı rəngli papağı və plaşı ilə artıq evindədir, qollarının qandalını açmağa dəstək istədiyi xalqın içindədir, 14 il əvvəl hökumətin içindəki “köhnə rəqiblər”i isə öz “təzə çevrə”ləri ilə durmadan onun üstünə gəlməyə başlayıblar…

Tarix və həyat sübut edir ki, xarakterli adamın üzərinə gəldikcə, o, daha da əzmkar olur, cilalanır, güclənir, yenilməz qüvvəyə çevrilir…

İndi gözləyək, görək, elmdəki uğurlu yolunu hakimiyyətdən salmış, hakimiyyətdənsə zindana atılmış Əli İnsanov 14 illik həbsdən sonra müxalif düşərgədə bu qüvvəyə çevrilməyi bacaracaqmı?

Paylaş:

This post was last modified on 20 Mart 2019 11:20 axşam

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM