Əli Kərimlinin mühafizəçisi 30 günlük həbs edildi-VİDEO

AXCP fəalı, partiya sədri Əli Kərimlinin könüllü mühafizəçisi Ruslan Əmirli sentyabrın 11-də Yasamal rayon məhkəməsinin qərarı ilə 30 günlük inzibati həbsə məhkum edilib. R.Əmirli xuliqanlıq və polisə tabe olmamaqda ittiham edilib. İttihama görə o, küçədə telefonla danışarkən söyüş söyüb, polis onu etikaya dəvət edərkən tabe olmayıb. Əslində isə R.Əmirli bir gün qabaq – sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin qarşısında mülki geyimli polislər tərəfindən saxlanılaraq, Yasamal RPİ 29-cu polis bölməsinə aparılıb.

R.Əmirli Onkologiya Mərkəzinə xərcəng xəstəliyindən əziyyət çəkən bacısına baş çəkmək üçün gedirmiş.

Bu gün məhkəmənin qarşısında R.Əmirlidən məlumat almaq üçün toplaşan partiyadaşlarına və hadisə yerində olan jurnalistlərə qarşı polis zorakılığı baş verib. Əraziyə toplaşanlar oradan zorla kənarlaşdırılıb, bu zaman jurnalistlərə fiziki zor tətbiq edilib, bəziləri yüngül xəsarət alıb. Jurnalitlərin bəzilərinin çəkiliş apardıqları telefonları alıb, sonradan qaytarıblar. Hadisə zamanı “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli də polis zorakılığı ilə üzləşib. Bununla bağlı qəzetin adından bəyanat qəbul edilib. Bəyanatda deyilir.

Bu gün Yasamal rayon məhkəməsində AXCP fəalı Ruslan Əmirlinin məhkəməsi gedən zaman hadisə yerində olan jurnalistlərə də zor tətbiq edilib. Polis jurnalistləri və ora toplaşan fəalları məhkəmənin qarşısından zorakılıqla uzaqlaşdırıb, bəzilərinə xəsarət yetirib. Zorakılığa məruz qalan və xəsarət yetirilənlərdən biri də “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlidir.
Əməkdaşımızın peşə fəaliyyətini yerinə yetirməsinə və sərbəst hərəkətinə mane olan polis əməkdaşları onun haqlı etirazı qarşısında ona fiziki zor işlədib. Əməkdaşımız aldığı zərbədən yerə yıxılıb və yüngül xəsarət alıb.
Dinc şəkildə məhkəmə önünə toplaşıb əqidədaşlarından məlumat almaq istəyən fəallara və xüsusən də hadisə yerindən xəbər hazırlamaq istəyən jurnalistlərə polisin zor tətbiq etməsini, onların ərazidən zorakılıqla uzaqlaşdırılmasını Azadlıq qəzeti olaraq qətiyyətlə pisləyirik. Bu hadisə Azərbaycanda söz və toplaşmaq azadlığı sahəsində vəziyyətin nə qədər acınacaqlı olduğuna daha bir əyani sübutdur. Polisin öz peşəsini yerinə yetirən jurnalistlərə zor işlətməsi kobud qanun pozuntusu, vəzifə səlahiyyətlərini aşmaqdır.
Aidiyyatı dövlət orqanlarından tələb edirik ki, bu gün Yasamal məhkəməsinin qarşısında öz səlahiyyətini kobud surətdə aşmış, qanunları pozaraq jurnalistlərə və fəallara zor tətbiq etmiş polis əməkdaşları barəsində uyğun cəza tədbiri görülsün. Əks halda bugünkü zorakılıq aktının da məsuliyyəti siyasi hakimiyyətin üzərində qalacaq.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button