Əli Kərimliyə can evindən zərbə!

AXCP liderini yenə öz silahdaşı pis vəziyyətdə qoydu?!

Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat attaşesi olmuş Turqut Ərin ölkəmizdəki fəaliyyəti dövründən qələmə aldığı «Azadlıqdan Tiranlığa: sanki Stalin və Beriya xortlamışdı» xatirə-kitabı hakimiyyətin bəzi dairələrinin yuxusunu qaçırıb. Təsir dairələrində olan televiziyalarda Turqut Ərə və kitaba qarşı apardıqları kampaniyanın əks effekt verməsi isə bu işə start vermiş şəxsin hakimiyyət daxilində ciddi qınaq obyektinə çevrilməsinə səbəb olub.

Bu barədə XuralTAC ilginc məlumat əldə edib. Xəbərdə bildirilir ki, «Azadlıqdan Tiranlığa» kitabı əleyhinə yanlış kampaniya başlamaqla Turqut Əri məşhurlaşdıran və təbliğat baxımından əks düşərgəyə uduzan Prezident Administrasiyasının yetkilisi üzləşdiyi qınaqlardan qurtulmaq üçün aylardır ki, çabalar göstərir. Adı bizə bəlli olan və cəmiyyətin tanıdığı bu məşhur PA rəsmisi elə bir plan işləyib ki, həm itirdiyi nüfuzunu bərpa edə, həm də bu kitabı hissə-hissə yayımlayan «Azadlıq» qəzetinin himayəçisi kimi qəbul olunan Əli Kərimliyə qarşı növbəti təbliğat apara bilsin. Planın Prezident Administrasiyasının rəhbərliyi tərəfindən dəstəkləndiyi və bu işə böyük maliyyə ayrıldığı da (maliyyə məbləği bizə məlumdur…) söylənilir.

Mənbənin məlumatına görə, Turqut Ərin dosyesi Əli Kərimlinin yaxın adamı, daim müxalif mövqeyi ilə seçilən tanınmış vəkillərdən birinə (vəkilin adı bizə məlumdur…) ötürülüb. Həmin vəkil isə külli miqdarda qonorar müqabilində Turqut Ər əleyhinə kitab yazmağa razılaşıb.

Kitabın artıq tamamlandığı və çap prosesində olduğu bildirilir. Məlumata görə, həmin tanınmış vəkil «özünün yazdığı» və artıq çapa verilən bu kitabda həmmüəllif ola biləcəyini də yaxın ətrafına özü öz diliylə deyib.
Keçmiş attaşeyə qarşı heç bir hüquqi dava aça bilməyən hakimiyyət bu faktdan həm də ölkə dışında bəhrələnmək niyyətindədir. PA yetkilisi kitabı Türkiyədə də yaymağı və lobbiçilərin vasitəsilə informasiya savaşını Turqut Ərin ölkəsində aparmağı nəzərdə tutur.

Bir daha qeyd edək ki, məsələ ilə bağlı təfərrüatlar redaksiyamıza məlumdur. Biz Prezident Administrasiyasının səlahiyyətlisinin adını bilirik. Onun nə qədər pul müqabilində Əli Kərimlinin yaxın adamını bu işə cəlb etdiyi haqqında da məlumatımız var. Bizim hətta bu işin birbaşa prezident İlham Əliyevlə bağlandığı tellərdən də xəbərimiz var. Sadəcə, məsələnin ciddiyyətini nəzərə alıb bəzi faktları bir daha və bir daha dəqiqləşdirmək üçün detalları gələn sayımıza saxladıq. Gündəlik qəzetlərin cəhənnəm əzabından çıxa bilsək, gələn saylarımızda ayrıntılı məlumatlar ala biləcəksiniz…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button