“Əli Şamil-70” çərçivəsində “Dissident sorağında” kitabının müzakirəsi keçiriləcək

Xural.com xəbər verir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli şəxslərindən olan Əli Şamilin 70 illik yubileyi münasibətilə bu gün – 2019-cu il may ayının 24-də, saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində “Dissident sorağında” kitabının müzakirəsi olacaq. Xural.com tədbir haqqında məlumatı təqdim edir:

“Müzakirəyə təqdim edilən kitab (Azərbaycan türkcəsində və rus dilində) Azərbaycanda 1956-1986-ci illərdə hakimiyyətdə olmuş rejimə qarşı etiraz səsini ucaldan insanların həyatından bəhs edir. Sovetlər Birliyində insan haqlarının pozulması nə qədər gizlədilməyə çalışılsa da, mümkün olmamışdır. 1956-cı ildə rejimin bütün günahlarını İosif Stalinin adına yazaraq var gücləri ilə “SSRİ-də daha siyasi məhbus yoxdur” deyə bağıranların arxada yenə də qəddarlıqlarını davam etdirdiklərinə dair faktları gizlətmək mümkün olmamışdır.

Kitabdakı faktlar onu göstərir ki, Azərbaycanda həmişə rejimə qarşı dirəniş göstərənlər olmuşdur. Onlar cəza maşınının ağır işgəncələrinə baxmayaraq öz sözlərini cəsarətlə demiş, xalqının haqqını müdafiə etmişlər. Mərd mübarizlərin qəhrəmanlıqlarla dolu həyatları gənclərə örnək olmuşdur. Çayxanalarda, audutoriyalarda, şəxsi söhbətlərdə vətənsevər insanlar, onların yaratdıqları gizli təşkilatlar haqqında söhbətlər yayılmışdır. Bu da yeni bir mübariz, vətənsevər nəslin böyüməsilə nəticələnmişdir.

Kimdir dissident? Azərbaycanda dissident olubmu? -suallarına cavabı Əzizə Şamil və Əli Şamilin hazırladıqları “Dissident sorağında” kitabında tapmaq olar.

Kitabda 1957-ci ildə Qız qalası üzərinə Azərbaycanın üçrəngli bayrağını qaldıran Cahid Hilaloğlu, onun əqidə yoldaşı, Ədliyyə Naziri Boldırevə: ”Məni yazdığım vərəqlərdə Sovet Sosialist Respublikaları İttifaqının bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böh­ran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağırışıma görə ittiham edirdilər… Mən tam qətiyyətlə de­yirəm ki, Azərbaycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam” yazan, ölkənin rəhbərini, Nikita Xruşşovu “qarğıdalı generalı” adlandıran Çingiz Abdullayev, Sovet qəliblərinə sığmayaraq özünə yeni bir fəlsəfə məktəbi yaratmağa çalışan Asif Ata, Azərbaycanın işğaldan azad edilməsi üçün çayxanaları siyasi məktəbə çevirən Əbülfəz Elçibəy, üsyankar, milli şair Xəlil Raz Ulutürk və b. haqqında ensiklopedik məqalələr verilmişdir.

Bundan başqa, kitabda 87 nəfərin adı çəkilmişdir ki, onların haqqında da gərəyincə axtarışlar aparılıb, material toplanmadığından məqalələr yazılmamışdır. Kitabın nəşrindən sonra orada adı çəkilən və haqqında ensiklopedik məqalələr yazılmayan adamlar haqqında maraqlı faktlar ortaya çıxmışdır. Belə ki, Azərbaycam Milli Məclisində deputatlar səsləndirmişdilər ki,  sevdiyi qızı qəddarlıqla öldürməkdə suçlu bilinərək güllələnmiş Azərbaycan Dövlət Universitetinin fəlsəfə müəllimi Qənbər Əskərov, sən demə, suçsuz imiş. O, güllələnəndən bir neçə il sonra qatil həbs edilmişdir. Kitabda hələ fəalliyyətinə tam işiq salınmamış 60 yaxın insan haqqında qısa bilgi verilib. Bu da jurnalistləri yeni axtarışlara istiqamətləndirir.”

“Dissident sorağında” kitabını nəşrə hazırlayanlar iştirakçılara müraciət ediblər. Xural.com toplantı iştirakçılarına ünvanlanan müraciəti təqdim edir:

 

“Hörmətli toplantı iştirakçıları!

Azərbaycanın  müstəqilliyinin elan etməsindən 27 ildən çox keçir. Xalqımızın milli mübarizə tarixindən onlarla monoqrafiya, yüzlərlə məqalə yazılsa da, bunu qaneedici saymaq olmur. Çünki hələ öyrənilməmiş çox məsələlər öz araşdırıcısını gözləməkdədir. Yaxın tariximizin dərindən araşdırılmamasının bir səbəbi uzun illər arxivlərin qapalı olmasıdırsa,  bir səbəbi də mövzuya hökümət yetkililərinin soyuq münasibətidir.

“Dissident sorağında” kitabının müəllifləri sizdən xahiş edir ki, çıxışınızda əsas diqqəti kitabda adı çəkilən şəxslərin fəaliyyətinə və həmin dövrün hadisələrinə yönəldəsiniz. Bu gənc tarixçilərimizin v ə qələm sahiblərinin yaxın dövr tariximizi daha dərindən araşdırmasına imkan yaradar.”

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button