Əlillik yenidən müəyyən edildikdə ötmüş müddət nəzərə alınmayacaq
Yayımlandı: 26 İyul 2022 17:40
İqtisadçı: “Eyvaz İsmayılovdan soruşmaq lazımdır ki, 211 mindən çox adamın pensiyasını ödədilərmi?”
Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov əlillik müddəti bitəndən altı ay sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınmayacağını deyib.
“Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur” – deyə o qeyd edib.
İqtisadçı Nemət Əliyev deyir ki, qayçılama prosesi 2023-cü ilin əvvəlinədək, hətta ondan sonrakı dövrdə də davam edəcək.
“Dünyanın heç bir yerində bu cür biabırçılıq yoxdur. Hətta sovetlər dövründə belə hal müşahidə olunmayıb. Kimsə pensiya yaşından 5-10 il sonra müraciət edirdisə, ötürülmüş müddət ərzində vəsaitin hamısı ona ödənilərdi”.
“Ötən il açıqlama verilmişdi ki, 2018-ci ilin əvvəlindən 2021-ci ilin yeddinci ayınacan 211 min 151 nəfərin pensiyası kəsilib. Həmin adamlara hökumət durduğu yerdə pensiya vermirdi. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdilər, müvafiq tibbi ekspertizadan keçmişdilər. Həmin adamların pensiya almaqları ilə bağlı qalaq-qalaq sənədlər vardı. İsmayılovdan soruşmaq lazımdır ki, 211 mindən çox adamın pensiyasını ödədilərmi? Əlbəttə ki, yox”, – iqtisadçı deyib.
Nazirliyin ötənilki açıqlamasında qeyd olunurdu ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq. İqtisadçı isə hesab edir ki, yanaşma yanlışdır. Əhalinin sosial təminatına mənfi təsir göstərir:
“Bunlar guya dövlət büdcəsinə qənaət edirlər. Hansısa itirilmiş pulları geri qaytarırlar. Çox təəssüf ki, Sahil Babayevin başında durduğu nazirlik və onları himayə edən Prezident Adminstrasiyası məsələyə insanlara yardım kontekstindən yanaşa bilmir. Ona görə də ölkədə pensiyaçıların, əlilliyi olan insanların, müharibə iştirakçılarının sosial təminat sistemi çox biabırçı vəziyyətdədir. Bu cür yanlış yanaşması olan insanların həmin qurumda işləməsi yol verilməzdir”.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra altı ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Altı aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.