Əliyevlə Kadırovun ortaq dəyərləri

Əfqan Muxtarlı

İlham Əliyevin və Şeyxülislam Hacı Allahşükür Paşazadənin ortaq dostu Ramzan Kadırovun 35 yaşı tamam oldu. Minlərlə çeçenin qanı bahasına hakimiyyət başına gətirilən Kadırov özünə təmtəraqlı ad günü keçirdi. Cövhər Dudayevin, Aslan Məshədovun və minlərlə çeçen şəhidinin qanı axıdıldığı Qroznının  tarixində ən əxlaqsız günlərdən biri yaşadı.

Heydər Əliyevin ad günündə olduğu kimi, Kadırovun ad günündə də xalqa məxsus  milyonlar havaya sovruldu. Qroznıının göyləri al-əlvan fişənglərin parıltısına şahid oldu. Heydər Əliyevin ad gününə Hollandiyadan dəyəri milyonlarla manat olan çiçəklər gətirilirsə, Kadırovun ad günündə milyonlar hesabına okeanın o tayından ünlü artistlər dəvət edildi. Çeçen xalqının cibindən oğurlanmış paralar hesabına Hollivud ulduzları Van Damm və Hilaru Şvak vicdan əzabı çəkmədən bir əyalətin başkəsən rəhbərinin ad günündə iştirak etdi.

Əxlaqsızlıq bununla tamamlanmır. Çeçenistanda spirtli içkilərin satışına qadağa qoyan, qadınların başı acıq gəzməsini yasaqlayan, şəriət məhkəmələri quran Kadırov, hamının gözü qarşısında xanımlarla əyləndi.

Ad günü həm də Kadırovun həddən artıq riyakar olduğunu bir daha sübut etdi. Bir neçə həftə əvvəl Qroznı başqa bir məzhəkənin şahidi olmuşdu. Guya Məhəmməd peyğəmbərin İngiltərədə yaşayan qohum-əqrəbası Ramzan Kadırova peyğəmbərimizə məxsus su camını hədiyə etdi. Şübhəsiz ki, Kremlin hazırladığı ssenari əsasında camın qarşılanma mərasimi keçirildi. Kadırovun ad günündə səhnədə yallı vuran dəstə, camın qarşılanma mərasimində hava limanında eyni qaydada zikr (çeçenlər zikri ayaqüstə dövrə vuraraq oxuyurlar) etdilər. Kadırov isə Van Dammdan artıq artistlik edərək, camı əlinə götürüb hönkürtü ilə ağlamağa başladı. Üzünə dəhşətli dərəcədə möminlik ifadəsi verən Kadırov əlində cam Qroznının mərkəzi məscidinəcən ayaqüstü gəldi. Məsciddə böyük bir törənlə camı salamladılar. Bir sözlə, əsl bütpərəst mərasimi təşkil olundu. Yeri gəlmişkən, mömin Kadırov ad gününü elə həmin məscidin qarşısındakı meydanda təşkil etmişdi.

Bu silsiləsini Rusiya prezidenti və baş naziri də davam etdirib. Putun və Putinin ofisində prezident işləyən Dmitri Medvedyev bu əyalət başkəsənindən ad günü üçün bu qədər paranın haradan əldə edildiyini soruşmayıb.

İqtisadi cəhətdən diz üstə çökən Rusiyanın gözü qarşısında Kadırov hamıya meydan oxudu. Hər il dövlət büdcəsi təsdiq edilərkən minlərlə rus meydanlara axışaraq Qafqaza, xüsusən də Çeçenistana dotasiyaların ayrılmasının əleyhinə çıxır. Rusiyanın vicdanlı siyasətçiləri bu paraların yerli başkəsənlərlə Putin arasında bölüşdürüldüyünü bildirir. Kadırovun ad günü həmin siyasətçilərin nə qədər haqlı olduqlarını bir daha sübut etmiş oldu.

Bu ad günü eyni zamanda, “Rusiyada ədalət var” deyənlər üçün bir dərsdir. İndən belə vicdanı olan istənilən kəs Rusiyada ədalətin olduğuna iddia etməməlidir.

İlham Əliyev Kadırovu dost adlandırıb. Bakıda təmtəraqla Kadırovu qarşılayıb. Onları bir çox cəhətlər birləşdirir: İlham Əliyev də Kadırov kimi öz xalqının qanına susayıb. Kadırov İlham Əliyev kimi kosmetik abadlıq işləri hesabına milyonlara sahib çıxıb. İlham Əliyev lazım gələndə Kadırov kimi islamı dəyərlərdən danışıb, sonra dindarlara zülm edə bilir. R.Kadırov elə İ.Əliyev kimi ağızdolusu demokratiyadan söz acıb, rəqiblərini amansızlıqla təqib edir. İ.Əliyevdə olduğu kimi, Kadırovun da gəlirinin əsasını neft təşkil edir. Hər iki rəhbər dövlət büdcəsindən oğurladıqları paralar hesabına Dubayda mülklərə sahib olub. Ən əsası isə onları Rusiya sevgisi birləşdirir. Hər ikisi hakimiyyətə rusların hesabına yiyələnib. Hər iksi Rusiyaya arxalanaraq öz xalqına qan uddurur.

Hər ikisi də gəncdir…

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button