Əlövsət Sadıqlı hakimə nə yazdı?!-MİTİNQ QƏRARI

Xural.com-un verdiyi xəbərə görə, tanınmış ictimai-siyası xadim Əlövsət Sadıqlı öz feysbuk səhifəsində “Qarabağın azadlığına dəstək” məqsədilə 24 noyabr 2018-ci il tarixdə mitinq keçirmək üçün  Bakı şəhər icra hakimiyyətinin icazə verməməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət etdiklərini lakin məhkəmənin hakimi Məmmədov Elçinin qərarına etiraz etdiyi haqda status yazıb. Həmin statusu olduğu kimi sizə təqdim edirik:

Bildiyiniz kimi, İlham İsmayıl, Əlövsət Sadıqlı, Sahib Kərimli və Sahib Musayevdən ibarət heyət “Qarabağın azadlığına dəstək” məqsədilə 24 noyabr 2018-ci il tarixdə mitinq keçirmək üçün mitinq təşkilatçıları qismində BŞİH-nə xəbərdarlıq müraciəti göndərmişdilər. BŞİH isə cavab məktubunda “Prezidentin Qarabağ məsələsi ilə məşğul olduğunu” əsas göstərərək verdiyi qanundankənar əndrabadi cavabında mitinqin keçirilməsini “məqsədəuyğun” (?) saymadığını bildirmişdi (qadağan etmişdi).

BŞİH-nin cavabını niyə qanundankənar adlandırıram? Çünki Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində göstərilir ki, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına yalnız aşağıdakı hallarda yol verilir:

“Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər
I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.[15] 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;
2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;
3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;
4) əhalinin sağlamlığının mühafizəsi üçün;
5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;
6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.”

Göründüyü kimi, burada sərbəst toplaşma azadlığının məhdudlaşdırılması üçün Prezidentin hansısa işlərlə məşğul olub-olmaması əsas kimi göstərilməyib.

Ona görə də BŞİH-nin bu qanunsuz qərarının ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia şikayəti verdik.
Həmin Qanunun 11-ci maddəsinin konkret tələbinə görə bu tip şikayətə məhkəmə 2 gün müddətində baxmalıdır:

“Maddə 11. Şikayət hüququ
Bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş bütün qərarlardan inzibati qaydada və (və ya) müvafiq məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.”

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədov qanunun bu konkret tələbinə uyğun olaraq 14.11.2018-ci il tarixdə inzibati qaydada təqdim edilmiş iddia şikayətinə ən geci 16.11.2018-ci il tarixdə baxmalı olduğu halda, işə 07.12.2018-ci il tarixdə — keçirilməsi iddia edilən mitinqin tarixindən 14 gün keçəndən sonra baxılmasına qərar verib.

Baxın, mitinq təşkilatçıları 16.11.2018-ci il tarixdə şikayət verərək tələb edir ki, 2 gün müddətində şikayətə baxılsın – BŞİH-nin qərarı ləğv edilsin ki, 24 noyabr mitinqinin qanuniliyi təsdiq olunsun və razılaşdırılmış qanuni mitinq vaxtında keçirilə bilsin. Hakim Elçin Məmmədov isə 24.11.2018-ci il tarixdə mitinq keçirilib-keçirilməməsi məsələsinə 07 dekabr 2018-ci ildə baxılması barədə qərar çıxarıb…???

Gülməlidir, absurddur, deyilmi?

Hətta o dərəcədə absurddur ki, belə qərara, belə məntiqə hətta bişmiş toyuğun da gülməyi tutar, cənab hakim, cənab ədliyyə “keşikçiləri”!!!

İlham Əliyevin qanunlari ayaqlar altına atıb xıncım-xıncım əzən məmurları ölkəni bax beləcə viran qoyur – vətəndaşın anasını bax beləcə ağlar qoyurlar…

Bu, ən yumşaq tərzdə ifadə etsək, biabırçılıqdır, hüquq sistemində baş alıb gedən özbaşınalığın və hüquqi nihilizmin ən bariz ifadəsidir!


Yox, əgər belə deyilsə və hakim Elçin Məmmədovun, həqiqətən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsindən xəbəri yoxdursa, bəs o, necə hakim təyin edilib və ya ona nəzarət edən orqanlar, xüsusilə, məhkəmənin sədri cənab Rəşid Rzayev, məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədov hara baxır və Elçin Məmmədov niyə tutduğu vəzifədən azad edilmir?! Və ya Elçin Məmmədov qanunu bilirsə və bilə-bilə, şəxsi mülahizəsinə görə qanunu pozursa, yenə də həmin sual meydana gəlir: ona nəzarət edən orqanlar, xüsusilə, məhkəmənin sədri cənab Rəşid Rzayev, məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədov hara baxır və Elçin Məmmədov niyə tutduğu vəzifədən azad edilmir?!…və s.

Dünən hakim Elçin Məmmədova öz qərarına yenidən baxması və işə 24.11.2018-ci il tarixədək baxılıb qərar verilməsini təmin etməsi barədə rəsmi müraciət etdim. Gözləyək, görək, özünü və öz mülahizəsini qanunun üstündə tutan bu “toxunulmaz” hakim indi nə reaksiya verəcək!?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button