Ərdoğanın lider olmaqlığı

murad köhnəqalaMurad Köhnəqala

Keçən il idi, yoxsa ondan qabaqkı il, dəqiq xatırlaya bilmirəm, Türkiyənin baş naziri Ərdoğan getdiyi yerdə maşını dayandırıb küçə alverçisi simitçidən simit almışdı. Bu mənzərəni bütün Türkiyə televiziyaları yayınladı. Qəzetlər bu əhvalatı şişirtməkdən un yemiş eşşək kimi partlayırdı.

Məlumdu ki, müsəlman ölkələrini hər yerdə siyasi mafiyalar idarə eləyir. Türkiyə də onlardan biridi. İstanbulun, Ankaranın, Bakının qiymətlərini əhalisi ayda beş min avro maaş alan Londonla müqayisə etmək olar. Ərdoğan bir boğmalı stəkan çayı ac millətə bir avroya satdığı üçün göstərmək istəyib ki, baxın, elə mən də sizin kimi simit yeyirəm. Səhər yeməyim bir simitlə bir bardaq şirinçaydı, günorta yeməyim iki simitdi, axşam yeməyim isə simitlə elə-belə çaydı.

Ərdoğan ölkəsinin köylərində cocuqlar hələ də ayaqyalın gəzir, okula gedə bilmir. Şəhərdəki cocuqlara hələ də ayaqqabı təmizlətdirirlər. Belə bir ölkə saxlayan Güllü Ərdoğan Avropa Birliyindən umur, bizi niyə özünüzə yoldaş eləmirsiniz, deyə küsür. Unudub ki, adətən, cəhənnəmə gedən özünə yoldaş axtarır, cənnətə gedən haqda bunu eşitməmişəm. Bir misal gətirəcəm, bu yazını oxuyanlardan hansınız küçədə dilənən, fürsət düşəndə oğurluq eləyən pinti, savadsız bir qaraçını evinizə gətirib ailənizə qatardınız? Heç birimiz qatmarıq! Eləcə də avropalılar! Avropa nə üçün yad kişinin uşağına aliment ödəməlidi?

Bir zamanlar Ərdoğan Fələstindən danışıb coşurdu, İsraili yamanlayırdı. Türkiyə qəzetləri yazdı ki, Ərdoğan bütün ərəb dünyasının lideridi. Bu zaman İsrail onun elçisini alçaltdı, göndərdiyi gəmi ilə məzələndi. Ancaq bütün sorğu aparan sarsaq təşkilatlara pul buraxaraq özünü ərəb məsələsində birinci yerə qoydurub ərəb dünyasının lideri olmasına özü də sidq ürəklə inanırdı. Ərdoğanın liderlik məsələsi yağ kimi gedirdi ki, birdən ərəb ölkələrində inqilablar başladı. Əvvəlcə bu məsələ Ərdoğanın dəhşət xətrinə dəydi. “Necə yəni, bütün ərəb dünyasının liderinə gənəşməmiş belə iş tuturlar?” Tez tribunaya dırmaşıb ərəb xalqına müraciət ünvanladı. Dedi, sizdən xahiş edirəm, öz milli diktatorunuzu incitməyin, onları sizə allah göndərib, bu qədər asi olmayın. Kimə deyirsən, gözü qızmış xalq hətta öz ümummilli lideri Ərdoğanın da sözündən çıxıb kiflənmiş diktatorlarını yıxa-yıxa getdi. Ərdoğan yaman pis oldu, yaman!
Lakin o, həvəsdən düşmədi, sadəcə, liderlik məsələsinin ağzını bu yana, miqyası balaca olsa da, Azərbaycan tərəfə yönəltdi. Çoxdandı, Azərbaycan hakimiyyətinə bəslədiyi sevgisinin peşmançılığı alovlanıb nifrətə çevrilmişdi. Bu nifrət konkret olaraq Vikileksin açıqladığı sənəddən sonra tam dolğunlaşıb həddi-buluğa çatdı. Belə ki, İlham Əliyev Qərbin qulağına xəlvətcə demişdi, mən istəmərəm qardaş Türkiyə təbii resurslar paylayan bir mənbəyə çevrilsin. Yəni, Avropa ölkələrinə yanacaq təhdidi eləyə bilməməsi üçün mən heç vaxt qazımızın və neftimizin ixtiyarını Türkiyəyə verməyəcəm.
Hal-hazırda Türkiyə çalışır ki, “Şahdəniz” qazının heç olmasa bir hissəsini bizdən ucuz alıb Avropaya özü satsın ki, lazım olanda sözünü orada deyə bilsin. Azərbaycan isə deyir, elə şey yoxdu, mənə Rusiya necə tapşırıb, eləcə də eləyəcəm. Yəni mən sizə yalnız beynəlxalq praktikaya uyğun tranzit tariflərini ödəyəcəm, qazı isə Avropaya özüm satacam. Türkiyə deyir, ay qardaş, sən burda uduzmayacaqsan, mən sənin satış qiymətini ödəyəcəm, əvəzində Avropaya təsir gücümüz olacaq. Sən balaca dövlətsən, neft-qaz satsan da istədiyin vaxt bunu dayandıra bilməzsən. Ancaq açar mənim əlimdə olsa, sənə lazım olan vaxt, özümə lazım olan vaxt Avropanı ayağa qaldırmaq üçün krantı buraram, biz də hakimiyyətdə qalarıq. Bu da deyir, yox ey, mənim hakimiyyətimi rus saxlayır, onun da sözünə baxmalıyam, üz vurma!
Ona görə hər dəfə Azərbaycana saxta seçkilər zamanı yalançı dəstə göndərməyinə Ərdoğan çox peşmandı.

Türkiyədə parlament seçkiləri yaxınlaşır. Ərdoğan yaman fəallaşıb. O gün İqdırın bələdiyyə meydanında yenə goplayırdı. Ordan bizim hakimiyyətin bostanına iri bir daş atdı. Dedi, ermənilər Qarabağdan çəkilməyincə biz Ermənistanla heç bir əlaqə yaratmayacağıq. Sonra əlavə elədi: “Qarabağ bizim məsələmizdi, Naxçıvan bizim məsələmizdi!”

Ərdoğan bilir ki, bizim hakimiyyət lazım olanda Qarabağ kartından istifadə eləyir. Bilir ki, Rusiya ilə danışılıb, xalq üsyana qalxsa o tərəfdən erməniləri qaldıracaqlar. Müxalifəti erməniyə işləməkdə suçlayaraq xalq üsyanını yatırtmaq istəyir. Ona görə Ərdoğan Qarabağ kartını bunların əlindən almaq istəyir. Artıq Türkiyə üçün də Azərbaycan üçün də Qarabağ torpaq kimi əhəmiyyətini itirərək karta çevrilib.

Əlaqəli məqalələr

1 şərh

  1. Türkiyənin şərqində əsasən kürdlərin yaşadığı ərazilərdə hələ də PKK təsiri və qorxusu davam eliyir. Referendumda PKKnın qorxusundan bəzi rayonlarda 10% hələ birində əhalinin 5 %-i iştirak eliyirdi. Bir də ki, ordakı əhalinin ən böyük bəlası cahillik və savadsızlıqdı. Yoldaş Köhnəqala, yəqin indiki kosmos əsrində də xəbərlərdə tez-tez eşidərsən; “doğudakı” qan davalarını, qoşulub qaçan cavanların öldürülməsini filan. Erdoğan nağayrmalıdı kürdü kəndin çayçısından aparıb İstanbulda holdinqə müdür qoymalıdı.? Türkiyənin ən zəif yeri kürd məsələsidi. Orda hələ də hökumət tam bərqərar ola bilmiyib buna Erdoğan neynəsin sənnən soruşuram…?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button