Əsas instinkti: və ya niyə Əli Həsənovun yadına etika düşüb?

Son günlər dövlət başçısının köməkçisi qəfildən müxalif əhval-ruhiyyəli blogerlərə və KİV-lərə ölkə rəhbərliyinin və ayrı-ayrı yüksək vəzifəli məmurların, o cümlədən onun özünün ünvanına təhqirlərə son qoymaq çağırışları ilə fəal çıxışlara başlayıb. O, birdən-birə milli dəyərləri, şəxsiyyətə hörməti və namusu yada salıb.

Kənardan baxan bir müşahidəçinin məntiqli bir sualı yarana bilər: bunda pis nə var ki? Bu qədər yüksək vəzifəli insan, hələ də ideologiyaya görə məsul olan şəxs “sülhə” çağırırsa, bunu ancaq alqışlamaq lazımdır. Bəlkə də yuxarılarda nə isə dəyişib və indi hakimiyyət müxalifət və hökumət arasında qarşılıqlı ittihamlara və təhqirlərə son qoymaq istəyir.

Göründüyü qədər, dəyişən bir şey var, amma bu, hakimiyyətin xoş niyyəti ilə əlaqədar deyil. Çox güman ki, əksinə. Uzun illərdir hakimiyyətin və elə həmin Əli Həsənovun əsas instinkti tamamilə fərqli idi – xoşagəlməz KİV-ləri və jurnalistləri susdurmaq, məhv etmək, sürgün etmək. Bu istiqamətdə məqsədyönlü iş öz nəticəsini verib: ölkədə tənqidi səslər qalmayıb, onlar ya həbsdə, ya da xaricdədirlər.

Əli Həsənovun şəxsində hakimiyyət sevinə bilərdi: düşmənlər zərərsizləşdirilib, inadcıllar onların tərəfinə cəlb edilib və açıq-aşkar hakimiyyətə işləməyə başlayıb. Bir-iki kiçik əngəldən başqa, onların hakimiyyətin bütün nemətlərindən zövq almasına heç kim mane olmur. Çəkinmədən bizneslə öyünmək, ailə üzvlərini vəzifələrə təyin etmək olar.

Amma, gəlin qəhrəmanımıza qayıdaq. Onun öz zirvəsinə necə yüksəldiyini və necə etibar qazandığını müşahidə etmək maraqlıdır.

Gellap “sorğusu”

Çox güman ki, əksəriyyət 15 il əvvəl baş vermiş qalmaqalı xatırlayır -Amerikanın ictimai rəyin araşdırılması üzrə məşhur institutu – Gellap-ın mətbuat xidməti bu təşkilatın Azərbaycanda heç bir ictimai rəy sorğusu keçirmədiyi haqqında bəyanatla çıxış etmişdi.

Bu bəyanat Azərbaycanın bütün hökumət KİV-lərinin Gellap İnstitutuna istinadla ölkə vətəndaşlarının 76%-nin İlham Əliyevin siyasətini dəstəklədiyi barədə məlumat yaymasından sonra səslənib.

Sonradan məlum olub ki, bu “sorğu” Gellap İnstitutunun “tərəfdaşı” olan bir Gürcüstan QHT-si tərəfindən keçirilib. Amma artıq gec idi, çünki Prezident Administrasiyasının rəhbəri özü “Gellap məlumatlarının” sarsılmaz dəlil kimi göstərildiyi növbəti əsərini dərc etmişdi.

Qalmaqal çox böyük idi və hakimiyyət uzun müddət baş verənlərin təsirindən çıxa bilmədi.

Bütün bunları kim təşkil etmişdi? Yəqin ki, hamı həmin hadisələrin baş ideoloqsuz ötüşmədiyini təxmin edə bilir və cəfasını çəkmək və rəhbərliyə və mətbuata açıqlama vermək zamanı gəldikdə o, ciddi stres yaşamışdı.

Zamanla baş ideoloq başa düşdü ki, Qərblilərlə əməkdaşlıq etməmək və anlayışlı və o qədər də vasvası olmayan Moskvalı cənablarla işləmək daha yaxşıdır. Eyni zamanda, o, onun “çaldığı havaya oynamaqdan” imtina edən bütün jurnalistləri və KİV-ləri səhnədən tamamilə silmək qərarına gəldi. Məhz buna görə müstəqil jurnalistlərin və KİV-lərin adından dövlət başçısına çoxsaylı müraciətlər uzun illər təcrid edilir və ya cavabsız qalır.

İctimaiyyət tənqidçi jurnalistlərin rüsvay edilməsi, təhqir olunması və şəxsi həyatlarına müdaxilə faktlarının araşdırılması tələblərinə cavab ala bilmirdi və ya cənab Həsənov təxminən belə deyirdi: bizim müstəqil məhkəmələrimiz var, oraya müraciət etsinlər, biz buna müdaxilə edə bilmərik.

Jurnalistlərin mənzillərində gizli videoçəkiliş aparılması, onların nüfuzdan salınmaqla hədələnməsi və sonradan çəkilişlərin internetdə yerləşdirilməsi adi metoda çevrilmişdi və həmin vaxt nədənsə Əli Həsənov utanmırdı.

Moskvanın dostu

Bu trend dəqiq onun xoşuna gəlib və sözügedən dairələrlə səmərəli əməkdaşlıq artıq bir neçə ildir davam edir. Zərərli Qərb mədəniyyətinə və təsirinə qarşı birgə mübarizə məsələlərini Kremlli və Bakılı cənablar birlikdə müzakirə və həll edirlər. Hətta Bakının və Moskvanın bu məsələ ilə bağlı qiymətləndirmələri və terminologiyaları üst-üstə düşür: Qərb pozğunlaşır, mədəniyyət yoxdur, iqtisadiyyat dağılıb, insanlar yoxsullaşır.

Ölkənin hökumətyönlü mətbuatını bu cür sərlövhələr bəzəyirdi və iş o yerə çatdı ki, hakim partiyanın orqanı Almaniya kanslerini Hitlerlə müqayisə etdi (!). İnsanlar bu məsələnin də məqaləmizin qəhrəmanı olmadan ötüşdüyünə inanacaq qədər axmaq və sadəlövh deyillər.

Əli Həsənovun 2012-ci il mayın 31-də hökumətyönlü KİV və QHT nümayəndələri qarşısında çıxışı nümunəvi idi, o, utanmadan rejimin əleyhdarlarına hücumlara çağırır, Qərbə damğa vurur və hakim rejimi həddindən artıq tərifləyirdi.

Bu açıq-aşkar aqressiyaya baxmayaraq, bu insan bundan sonra Azərbaycanın Avropa dəyərləri yolundan getdiyini deməkdən çəkinməyib və çəkinmir də…

Burada Almaniyanın 30-cu illərdə yaşamış məşhur həkimini necə yada salmayasan?!

Zəhmətin bəhrəsi

Uzun sözün qısası, bütün sahələrdə “uğur” əldə edilmişdi və yalnız internet sahəsi qalmışdı. Bir zamanlara qədər bütün bunlar problem yaratmırdı: jurnalistlərə mənzillər, qrantlar, rütbələr və mükafatlar verirdilər. Vəziyyət nəzarət altında idi, amma indi problem ortaya çıxdı: bütün informasiya ənənəvi KİV-lərdən Facebook və Youtube-a keçdi.

Son illər bu təmayül güclənib, xüsusən 2014-cü ildə hakimiyyət vətəndaş cəmiyyətinə qarşı yeni repressiya dalğasına başladıqdan, “Azadlıq” radiosunun yayımını dayandırdıqdan sonra. Əldə olunanlarla kifayətlənməyərək, onlar blogerləri və jurnalistləri həbs etdilər. Amma bu da nəticə vermədi, çünki 1 mln. Facebook istifadəçisi və yüz minlərlə Youtube istifadəçisi qohumlarının təhqir və təqib olunmasına cavab vermək üçün Əli Həsənovun icazəsinə ehtiyac duymur.

Bu da nəticə: bu gün Meydan TV-nin, “Azərbaycan saatı”nın, “Azadlıq” radiosunun, ayrı-ayrı entuziastların oxucularının və tamaşaçılarının sayı AzTV-yə və ölkənin bütün digər KİV-lərinə baxanlardan dəfələrlə çoxdur.

Necə yəni, bəs əhalinin hökumətin siyasətini qeyd-şərtsiz dəstəkləməsi və Qərbdən “narazılığı” haqqında “sorğuların” məlmatları necə?

Görünür, cənab Həsənovun səyləri əks nəticə verib və bu gün əvvəlki illərin “nailiyyətlərinə” bəraət qazandırmaq üçün yalnız bir şey qalır – Youtube-u, Facebook-u, ən yaxşısı isə bütünlükdə interneti bağlamaq.

Və artıq deputatlar və müxtəlif xadimlər, sanki əmr almış kimi, bu mövzuda təkliflər səsləndirirlər.

Baş ideoloqun ssenarisi bəsitdir: internetdə söyüş qarşıda duran prezident seçkilərini və ictimai sabitliyi pozmaq məqsədi daşıyır.

O yaxşı bilir məşhur olmayan addımın qəbuluna bəraət qazandırmaq üçün onu rəhbərliyə necə təqdim etmək lazımdır. “Seçkilərin pozulmağına imkan vermək olmaz” tezisi ilə kim mübahisə edər?..

Əli Həsənov və bütün digər şəxslər bir sadə həqiqəti anlamalıdırlar: çağırışlarınızın eşidilməsini istəyirsinizsə, ilk addımı atın və əxlaqın nə olduğunu bildiyinizi sübut edin. Amma, nə qədər ki, “düşmənimizin atasının qəbrinə işəyək” tipli aksiyalar təşkil edirsiniz, sizə və qohumlarınıza qarşı da adekvat davranacaqlar.(turan.az)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button