Əvəz Zeynallı bir daha Ramiz Mehdiyevin sifarişilə həbs olunduğunu sübut etdi – VIDEO

06.03.2012

Əvəz Zeynallı: “Gülər Əhmədova bu günkü gün də mənimlə Ramiz Mehdiyevi şantaj edir…”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesi davam edib. Hakim “son söz” çıxışını etmək üçün sözü baş redaktorun vəkillərinə verib.

Ə.Zeynallı bir daha hakimə vəsatətlərinin olduğunu bildirib. Lakin hakim ötən iclasda işin yeniləşdirilməsilə bağlı vəsatətin qəbul olunmadığını xatırladaraq, “artıq gecdir” deyib. Ə.Zeynallı, “bizim məhkəmə prosesimiz elə hadisələrin axarında cərəyan edir ki, heç nə, heç bir vaxt gec deyil.  Mən dövlətçi adamam. Ona görə də Azərbaycan dövlətçiliyi naminə, Azərbaycan qanunları, məhkəmələri naminə sual verirəm, necə olur ki, həbsdə ola-ola meydan oxumaq olar ki, “mən məhkəməyə getməyəcəm.” Sən kuimsən ki, məhkəməyə gəlməyəsən? Əgər səni məhkəmənin qərarı ilə bu adam məhkəməyə gəlməlidirsə, o zaman adamdan soruşarlar, sən kimsən ki, məhkəməyə gəlməyəsən? Ona görə də mən bir daha vəsatət qaldırıram – məni şərləyən, həbs etdirən, üzümə duran qadın məhz bu əməllərinə görə həbs olunub. Qanun – AR CPM-si deyir ki, məhkəmə heyəti istintaqın rəyilə, istintaq materialları ilə bağlı deyil. Sizin hansı mötəbər əsaslarınız var ki, Gülər Əhmədovanı məhkəməyə gətizdirmirsiniz? Adam da gündə nə ağlına gəlir, onu da deyir. Niyə istintaqı yeniləmirsiniz?”.

Hakim artıq prosesin başa çatdığını dedi.

 Daha sonra müdafiə tərəfinin çıxışları oldu. Vəkil Elçin Sadığov çıxışını yazılı şəkildə məhkəməyə təqdim etməklə yanaşı, Ə.Zeynallıya qarşı qaldırılan AR CM-nin 306.2, 213.2, 311-ci maddələrini tək-tək şərh edərək bildirdi ki, bu maddələrin heç biri ona şamil edilə bilməz, çünki baş redaktorun cinayətini təsdiq edən heç bir qanuni sübut yoxdur.

Vəkil Rəşid Hacılı Ə.Zeynallının həbsinin siyasi sifarişlə həyata keçirilmədiyinə inanmaq istədiyini, lakin hadisələri daha dərindən öyrənərkən belə fikrə gəlmək üçün kifayət qədər əsas olduğunu bildirdi: “Ə.Zeynallı o zaman deputat olan Gülər Əhmədovanın şikayət ərizəsi əsasında həbs olunub. Tənqidçi bir jurnalistə qarşı belə bir açıq-aşkar ittihamın məhz siyasi hakimiyyət içərisindən gəlməsilə bağlı aparılan araşdırmalar da məndə məxsusi bir şübhə yaratdı ki, Ə.Zeynallının həbsi heç də göstərilməyə çalışılan arqumentlər əsasında həyata keçirilməyib. O jurnalistdir və jurnalistlik fəaliyyətinə görə ağır ittihamlarla üzləşib.”

Vəkil Mənsum Bayramov isə hesab etdi ki, 11 aylıq məhkəmə prosesi zamanı Ə.Zeynallının hansısa bir cinayət törətməsi sübuta yetirilməyib. Heç bir qanuni və məntiqi əsası olmayan, bir-birilə bağlı olan ittihamların heç biri məhkəmə tərəfindən qəbul edilə bilməz: “Bu gün Ə.Zeynllının məhkəmə tərəfindən həbsdən azad olunması zamanıdır. Bu biabırçılığa son qoyulmalıdır. Çünki əmi bir neçə ay əvvəl məhz bu tribunadan gur-gur guruldayan, bu məhkəmə zalında Ə.Zeynallının üzərinə şığıyan Gülər Əhmədovanın özü çox ağır cinayətlərdə ittiham olunur. Ona görə də həm daxili, həm də dünya ictimaiyyətinin diqqətində olan bir məsələyə xitam verilməli və Ə.Zeynallının barəsində cinayət tərkibi olmadığına görə, heç bir cinayət hadisəsi baş vermədiyinə görə, bu cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.”

Ə.Zeynallı məhkəmə zamanı qeyd götürən prokuror Ramazan Hadıyevə, “immitasiyalardan xoşlamıram. 11 aydır qeyd götürdünüz, nə faydası oldu ki? Nə sifariş verdilər, ən yüksək cəza seçməklə burada mənə 11 il iş oxudunuz. Qələmi yerinə qoyun!” dedi.

Xatırladaq ki, ötən məhkəmə prosesi zamanı prokuror Ramazan Hadıyev heç bir əsas olmadan, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı AR CM-nin 311, 306 və 213-cü maddələrində nəzərdə tutulmuş ən yüksək cəza – azadlıqdan məhrum edilməklə 11 il iş kəsilməsini istəmişdi. Bundan cəmi bir saat sonra Ə. Zeynallının ondan guya hədə-qorxu ilə rüşvət almaqda ittiham edən sabiq deputat Gülər Əhmədova həbs olunmuşdu. Baş redaktor prokurorun “biz sizi ifşa etdik” atmacasına sərt təpki göstərək, onu Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin sifarişlərini həyata keçirərkən onun “qulu, köləsi və nökəri” olduğunu demişdi.

Dövlət ittihamçısı Ramazan Hadıyev bir daha yekun çıxışını “əsaslandırmağa” çalışdı və R.Hacılının çıxışının “şəxsi mülahizələri əsasında” qurulduğunu və ona görə də “konkret sübutların araşdırılması üçün heç bir lüzum olmadığını” bildirdi. Ə.Zeynallı prokurora, “Halal olsun!” dedi: “Əgər 11 aylıq məhkəmə prosesindən sonra, vəkillərin  əsaslı çıxışlarından sonra da bu adam elə “dediyim dedikdi” deyirsə, o zaman buna halal olsun! İndi sən Ramazan Hadıyev, məni diqqətlə dinlə və bax ki, adamı necə ifşa edirlər. İndi mən səni gör necə ifşa edəcəyəm”.

 Əvəz Zeynallı bir gün əvvəl BİT-da şəxsən G.Əhmədovanı gördüyünü və onun sağlıq durumunun yerində oduğunu söylədi: “Mən sizin və Azərbaycan mətbuatının diqqətinə əsas bir məqamı da çatdırmaq istəyirəm. Bu adam (Gülər Əhmədova-red.) bu günkü gün də mənimlə Ramiz Mehdiyevi şantaj edir. Mən Gülərin aldığı nəfəsdən də xəbərdaram. Bu adam “Bizim Yol”a müsahibə verir, Ə.Zeynallını mən tutdurmamışam, ümumi adamlar vasitəsilə xəbər göndərir ki, məni məhkəməyə gətirsələr, orada danışaram, “paykavoy” vəkili də deyir ki, Ə.Zeynallı bunu yuxuda görər, bir gün sonra da özünü təkzib edir ki, Gülər Əvəz Zeynallıya qarşı ifadə verməyəcək. G.Əhmədova bu böyük, cinayətkar dəstənin “banderşası”, qadın mafiozu kimi, xidmət etdiyi mafiyanın babasına hədə-qorxu gəlir. Qəzetə müsahibə verir, ona mesaj göndərir ki, bax a… danışaram, Əvəz Zeynallı kartını açaram. O da bunun qarşılığında hansı hərəkəti edir, onu ictimaiyyət də görür. Ortada fakt ola-ola bu adamı 5 ay həbsə ata bilmədilər. İndi amma ordadır. İstənilən vaxt bu qadından istənilən açıqlamanı cəmiyyət alacaq.”

Ə.Zeynallı Ramiz Mehdiyevin sifarişi əsasında, saxta ittihamlarla həbs olunduğunu, bunun üçün rəhbərlik etdiyi “Xural” qəzetinin də hansı təzyiqlərlə üzləşdiyinə diqqət çəkdi: “R.Mehdiyev “Xural” qəzetini 2010-cu ilin may ayında dərc olunan bir yazıya görə məhkəməyə verdi və məhkəmədə heç bir araşdırma aparmadan Aparat rəhbərinin 10 min manatlıq iddiasını təmin etdi. Məhkəmə icraçıları qapıya dirənib, əmlakımızı siyahıya almağa başlayandan sonra biz “500 Böyük Oxucu” kampaniyasına başladıq və oxucuların yardımı ilə bizə əsassız olaraq kəsilən cəriməni ödəmək istədik. Bu da ona xoş gəlmədi. Təzyiqi təzyiq üzərindən elədilər və biz 2011-ci il, mayın 15-də “Xural” qəzetinin birinci səhifəsində, manşetdən “Ramiz Mehdiyev azad sözü boğur. Etiraz edirik!- yazmışıq. Ey Ramazan Hadıyev, ifşa belə olur. ”

Daha sonra baş redaktor, Prezident Aparatının şöbə müdiri Əli Həsənovun “Xural”ı Mətbuat Şurasının əli ilə “qara siyahıya” salmasından, R.Mehdiyevin təkrarsiyahıyaalınma bəhanəsilə “Xural”a məxsus bütün texniki avadanlıqları müsadirə edərək, qəzeti bağlatdırmasından. Gülər Əhmədovanın həmin günlər redaksiyaya tez-tez “təşrif buyurmasından”, onun necə həyəcanla özünün pul təklif edərək, səsyazısı aparmasından, bundan şübhələnərək dərhal mətbuata bu haqda açıqlama verməsindən danışdı: “Məni bütün bu hadisələrdən sonra bu bandit şəbəkə həbs etmədi, oğurladı. Susmağım naminə nə etmək mümkündürsə, elədilər. Heç kəs burada deməsin ki, mənim həbsim sifarişlə həyata keçirilməyib. Son ayların bütün hadisələri bunların necə işlərlə məşğul olduğunu, hansı cinayətlərdə iştirak etdiklərini bütün çılpaqlığı ilə ortaya qoydu. Mənim başıma gətirilən bütün pisliklər, bu gün onların öz başına gəlir. Mən kiçik övladımın 8 yaşı olanda G.Əhmədovanın şərilə həbs olundum, onun da kiçik oğlunun 8 yaşı olanda həbsin nə olduğunu dərk etdi. Evimdən brilyant, qızıl axtardılar, evindən, bağından vedrələrlə qızıl-brilyant yığdılar. Bir yaşadığıəm evə göz dikdilər. Ömür boyu haram pulla yığdıqları mülklərindən məhrum oldular. Qardaşımı, Anamı işdən çıxardılar, Qardaşlarını, ərini işdən çıxardılar. Hələ bundan sonra daha nələr olacaq, onu da Allah bilir. Yenə də özü bilən məsləhətdir.”

Ə.Zeynallı CM-nin  haqqında qaldırılan maddələrinə də etirazını bildirdi və hüquqi izahatlarla əsaslandıraraq, dövlət ittihamçısına, “əgər bir balaca ədalətli olsaydın istintaqın bütün sənədləri necə saxtalaşdırdığını sən də görərdin. Amma görmək istəmədin. Bizim haqqımızda ədlətsiz qərarlar oxuyan, ədalətsiz cərimələr kəsən Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva Məhkəmə Hüquq Kollegiyasının qərarı ilə hakimlikdən uzaqlaşdırılıb. Mənim cinayət işim ədalətlə araşdırılsaydı, ən azı 15 nəfər həbs olunmalı idi. KİV DF-nin icraçı direktoru V.Səfərli də, Nüşabə Ələsgərli də, “Azərbaycan”  nəşriyyatının direktoru A.Əsgərov da çıxışlarında dəfələrlə dedilər ki, bizim Ə.Zeynallını həbs etdirmək niyyətimiz olmayıb. İstintaqa ifadə verən adamların hamısı ora təhdid və təzyiqlə aparılıblar. Bütün bunlar da məhkəmə prosesləri zamanı öz təsdiqini tapdı.  Bu hesabla R.Hadıyev,  11 il iş nədir, sənin hələ mənə  “-5 il”  “can borcun” var” dedi.

Əvəz Zeynallının çıxışından sonra məhkəmə müşavirəyə getdi. Hökmün oxunması qeyri-müəyyən vaxtadək təxirə salındı.

 Məlumat üçün bildirək ki, Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə həbs olunub. G.Əhmədova mətbuata verdiyi açıqlamalarda Ə.Zeynallını onun iddiası əsasında həbs olunmadığını bildirib ki, bu da istintaq araşdırmasını davam etdirən məhkəmə heyətini çıxılmaz vəziyyətə salıb. Həbsindən sonra jurnalistə qarşı AR CM-nin daha iki maddəsilə də ittiham irəli sürülüb. Baş redaktor Cinayət Məcəlləsinin bu maddələri ilə ittiham olunur:

 Maddə  213. Vergi ödəməkdən yayınma

 213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 R.Hadıyev dəfələrlə məhkəmədə Ə.Zeynallının fiziki şəxs kimi vergilərdən yayınmasını sübut edə bilməsə də, bu maddə ilə baş redaktorun saxta hesablamalarla çıxarılmış 7251 manat 20 qəpik dövlət büdcəsinə ödənilməsini və bunula yanaşı 2 il  müdətinə azadlıqdan məhrum edilməsini istəyib.

 Baş redaktor haqqında qaldırılan AR CM-nin 306.2 maddəsi də sübut olunmayıb.

Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

 306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Məhkəmə prosesi zamanı məlum olub ki, baş redaktor iddiaçılar “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun məhkəmə tərəfindən müəyyənləşdirilmiş təkzib məlumatı “Xural” qəzetində dərc olunub və “Xural” qəzetinin, eləcə də Ə.Zeynallının üzərinə qoyulan cərimələr ödənilib. Digər iddiaçı Nüşabə Ələsgərliyə də məhkəmənin kəsdiyi 200 manat cərimə baş redaktor həbs olunmamışdan əvvəl ödənib. KİV DF-nin icraçı direktoru Vüqar Səfərlinin isə məhkəmə qərarı Ə.Zeynallı həbs olunduqdan sonra qüvvəyə minib. Ədliyyə işçiləri məhkəmə qərarlarının icrası ilə bağlı Ə.Zeynallıya müraciət edərkən, hətta “Xural” redaksiyasına məxsus texniki avadanlıqları müsadirə edərkən də onlara qarşı Ə.Zeynallı tərəfindən heç bir təzyiq göstərilməyib. O baxımdan məhkəmə qərarlarını qəsdən yerinə yetirməməklə bağlı prokurorun qaldırdığı iddianın tam əsassız olduğu məhkəmədə sübut olunub.

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)

 311.3.3. Külli miqdarda törədildikdə;

 311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Məhkəmə araşdırmaları zamanı G.Əhmədovanın istintaqa təqdim etdiyi disk yazısının saxta olduğu ortaya çıxıb. Qeyd edək ki, G.Əhmədovanın özü haqqında hazırda AR CM-nin 178-ci – Dələduzluq və 307.2 maddələrilə cinayət işi qaldırılıb. Bundan sonra o deputat mandatından məhrum edilib, üzvü olduğu YAP-dan çıxarılıb. Fevralın 13-də həbs olunan G.Əhmədova hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Inshallah haqq yerini tutar! Allah Evezin qapisini achsin. Bir var memur isteyi, bir de Allah isteyi. Proses bashlayan gunden hadiseleri izleyirem. Paralellik aparsaq shahidi olariq ki, Allah tala hemishe Evezle olub. Ele hadiseler bash verir ki, bunu bende hech fikirleshe de bilmezdi. Kor olasan ki, gormeyesen! Ramazan hadiyevin de bashi belalar chekecek. Buna min faiz eminem! Allah Adilliyini subut edib ve edecek. Buna hech kimin shubhesi olmasin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button