Əvəz Zeynallı: “Birləşin, birləşin nə olar? Birləşin millət bu problemlərdən qurtarsın”

Bu gün Turan İnformasiya mərkəzinin rəhbəri Mehman Əliyevin həbs olunmasına etiraz edən siyasi partiya rəhbərləri, ictimaiət adamları, bir qrup hüquq müdafiəçiləri və jurnalistlər toplandı.

Mehman Əliyevin həbsinin motivləri müzakirə olunan toplantıda onun əməlində hər-hansı bir cinayət əməli olmadığı, həbsinin siyasi sifariş olduğu vurğulandı. Tədbirin təşkilatçısı Xural qəzetinin baş redaktoru, keçmiş siyasi məhbus, jurnalist Əvəz Zeynallı toplantıda iştirak edən Mehman Əliyevsevərləri birləşərək bu çətin zamanda birgə mübarizəyə səslədi.

Tədbirdə çıxış edən MSDM sədri İsa Qəmbər tədbirin yekun nəticəsi, cəmiyyətin Mehman Əliyevin həbsinə etirazını ifadə edən bəyanat qəbul olunmasının vacibliyindən danışdı.

İsa Qəmbər: “Mehman Əliyevin barəsində uzun-uzadı danışmaq istəmirəm, onun haqqında deyilən fikirlərin hətta 101 faizi doğrudur. Onun Azərbaycan cəmiyyəti üçün dəyəri həddindən artıq böyükdür. Mehman Əliyev Azərbaycan cəmiyyətinin sütunlarından biridir. İndiki zamanda biz bunları danışmaqdan daha çox Mehmanın müdafiə işini necə qurmalıyıq, o barədə düşünməliyik. Hədəfimiz yaxın müddətdə Mehman Əliyevin azadlığa çıxmasına nail olmaqdır. Hədəflərimiz həbsxanada olan bütün siyasi məhbusların azadlığa çıxarılmasına nail olmaqdır. Ölkədə azad seçki keçirilməsinə nail olmaqdır. Mehmanın həbsdən azad olunmasına nail olmaq üçün onu hansı səbəbdən həbs olunması barədə suallara cavab tapmaq lazımdır. Mehman Əliyevin həbsinin səbəbi Turan İA-i kimi müstəqil informasiya agentliyinin rəhbəri olmasıdır. Mehman Əliyev öz analitik yazıları ilə pafossuz, rəqəmlərlə, faktlarla ölkədəki vəziyyəti göstərirdi. Mənə elə gəlir ki hakimiyyət Beynəlxalq Birliyin danışıqlardan bezdiyini hiss etdiyi edib və bu hakimiyyəti narahat edib. Öyrəşiblər ki,  bunlar adamları həbs edəcək, Beynəlxalq Birlik bunlarla danışıqlara gedəcək. Bu birini buraxacaq, birini həbs edəcək və beynəlxalq birlik də, bunları tərifləyəcək. Deyəcək ki,  Azərbaycan hökuməti islahatlara gedir, demokratik proseslərə başlayır. Sonra da, repressiya təkəri fırlanmaqda davam edəcək. Mənə elə gəlir ki, son dövrlərdə Beynəlxalq Birlik bu rejimlə sövdələşmələrdən geri çəkilib. Amma mövqeyindən geri çəkilməyib. Yenə də, siyasi məhbusların azadlığını tələb edirlər, bütün platformalarda demək olar ki, Arqamunt kimi əcaib siyasi fiqurlardan təmizləmə işləri aparırlar. Avropa Şurasında siyasi məhbus məsələsi yenə gündəmdədir və hər zaman tələblər irəli sürülür. Amma bazarlaşma yolu ilə. Sən filan siyasi məhbusu azad elə, biz sənin rejiminə dəstək verək və sairə. Hakimiyyət elə buna görə də,  Mehman Əliyev kimi bir adamı həbs edib ki, Beynəlxalq Birlik buna reaksiya versin.”

“Bu prosesi izləmək lazımdır ki, biz də, bu prosesə təsir etməyi bacaraq. Amma əsas məsələ müdafiə işini qurmaqdı. Burada danışıb, dağılmaqla bu iş düzəlməz. Açıq danışmaq istəyirəm. Mehman Hüseynov da, həbs olunanda belə bir toplantı olmuşdu. Mehman Hüseynovun müdafiə işini qurmaq istədik və kifayət qədər ciddi təkliflər verdik. Dedik kütləvi aksiyalar düşünmək lazımdı. Lağa qoydular. Bir çox təkliflər verdilər. Müdafiə komitəsinin qurulması, müdafiə təşkilatının yaradılması keçirilməsi qaldı bir tərəfdə.” -İsa Qəmbər əlavə etdi.

Tədbirdə çıxış edən Müsavat başqanı Arif Hacılı: “Biz hansısa bir ciddi iş baş verərkən, hakimiyyət müxalifət üzərinə basqı edərkən hansısa jurnalist, vətəndaş cəmiyyətinin nümayəndəsi həbs olunarkən toplanırıq. Əsas odur ki, biz bu gün Müsavat Partiyasının qərargahında toplaşa bilirik. Bundan hakimiyyət də, narahatdır. Verilən məlumata görə Binəqədi polisi bütün heyyəti ilə Müsavat Qərargahını mühasirəyə alıb. Bu gün burada hansısa siyasi aksiyanın keçirilməsindən narahatdırlar. Biz real işlər görməliyik. Mən Milli Azdlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anım mərasimdə də, dedim. Biz birgə iş görməliyik. Mən müxalifət qüvvələrini birliyə çağırdım. Bu birlik bir müttəfiqlik birliyi, hansısa siyasi təşkilatın qurulması, hər hansı bir namizədin irəli sürülərək onun müdafiə edilməsi anlamına gəlməməlidir. Sadəcə olaraq funksional əməkdaşlıq zəruridir. Bizim heç birimizin təklikdə güçümüz yoxdur. Üzərimizə sel kimi gələn hakimiyyət resursunun əzici gücünə qarşı dayanmağa təkbaşına gücümüz yoxdur. Ona görə də, biz fəaliyyətimizi koordinasiya eləməliyik. Fəaliyyətimizi bütün sahələrdə, yalnız siyasi məhbusların azadlığa buraxılması, yalnız söz-mətbuat azadlığı, sərbəst toplaşma azadlığı uğrunda mübarizə yox, bütövlükdə demokratik institutların qorunmasında, inkişafı uğrunda mübarizəmizi koordinasiya etməliyik.  Gələn il ölkədə prezident seçkiləri keçirilməsi gözlənilir. Ötən ilki qondarma referenduma görə kim dövlət rəhbəri seçiləcəksə onun 7 illik prezidentlik müddəti olacaq. Qarşıda daha böyük təhlükələr olması etimalı var. Seçkilərə 1 il qalıb. Ölkədə seçki keçirmək üçün demokratik şərait mövcud deyil. Bunun üçün müvafiq qanunvericilik bazası mövcud deyil. Ölkədə bərabər siyasi rəqabət şəraiti yoxdur. Demokratik institutların fəaliyyəti tamamilə məhdudlaşdırılıb. Ölkədə söz və ifadə azadlığı aradan qaldırılıb. Ona görə də, 2018-ci il prezident seçkilərində yüksək nəticələr əldə olunmayacaq. Ona görə də vəzifəmiz indidən bu məsələlər barədə düşünmək, demokratik qüvvələrin xeyirinə dəyişikliyə nail olmaq, ciddi addımlar atmaqdır.” -bildirdi.

Sonda Azərbaycan hakimiyyətinin artıq ənənəvi siyasətini davam etdirmədiyini, Azərbaycan hakimiyyəti ümumiyyətlə tənqidçi mühiti aradan götürmək xətti götürdüyünü deyən Arif Hacılı bütün bunları nəzərə alıb, konkret addımlar atmalı, ümumi şuarlarla çıxış etmək yox, müxalifət nümayəndəlrini fəaliyyətin kombinasiyasına, funksional əməkdaşlığa çağırdı.

AXCP sədri Əli Kərimli Mehman Əliyevin həbs olunmasının mühüm hadisə olduğunu bildirdi. Mehman Əliyevi Azərbaycan mətbuatının sonuncu lokikanı adlandırdı. Hökumət Mehman bəyi həbs etməklə bir neçə mesaj verdi. Nə qədər optimist olursunuz-olun, müstəqilsinizsə yaşamalı deyilsiniz. Hakimiyyət bu ölkədə müstəqil mətbuata həyat yoxdu mesajını verdi.  Siyasi məhbuslarımızın həbsinə ayrıca kontekstdə baxmaq lazım deyil, Azərbaycandakı rejim bütövlükdə Azərbaycan xalqı ilə savaş halındadır. Və onun ən parlaq şəxslərinə bu şəkildə davranır. Məsələyə bu konteksdə baxmaq lazımdı. Beynəlxalq təşkilatların dişsizliyinin, prinsipsizliyinin bu həbslərdə məsuliyyət payı var. Beynəlxalq Birliyin verdiyi bəyanatların arxasında iş dayanmır. Azərbaycan hakimiyyəti Beynəlxalq Birliyə deyir ki, necə ki, biz Avropa Şurasını yola veririk, sizi də, elə yola verəcəyik. Biz Beynəlxalq təşkilatlarla da, açıq danışmalıyıq. Deməliyik ki, bu rejim təkcə Azərbaycan xalqına yox, Beynəlxalq Birliyə də, meydan oxuyur.” Əli Kərimli bildirib.

Çıxış edən Kanal-13 internet portalın rəhbəri, siyasi məhbus, jurnalist Əziz Orucovun xanımı Lamiyə Orucova bildirdi ki, Mehman Əlievin həbsi azad medianın həbsidir.

MSDM -nin üzvü, yazıçı publisist Mehriban Vəzir müxalifətin birliyinin labüdlüyündən danışdı. Mehriban Vəzir Mehman Əliyevin birləşdirici gücünün hakimiyyət üçün təhlükə olduğunu, həbsinin də, bununla əlaqəli olduğunu bildirdi.

Toplantıda Müsəlman Birliyi hərəkatının nümayəndələri, keçmiş siyasi məhbuslar, siyasi məhbus ailələri, hüquq müdafiəçiləri, jurnalistlər, siyasi fəallar iştirak etdilər. Tədbirdə çıxış edən digər iştirakçılar da, müxalifətin birliyinin zəruriliyindən danışdılar.

Tədbirin təşkilatçısı Əvəz Zeynallı “Mehman Əliyevə azadlıq” müdafiə komitəsinin yaradılmasını elan etdi. Komitə üzvlərinin tədbir iştirakçıları arasından ən nüfuzlu şəxslərin adlarını qeyd etdiyini bildirdi. İştirakçılar da, bu təkliflə razılaşdılar. Komitənin ilk iclasının Avqustun 28-nə təyin olunması qərara alındı. Jurnalistlərə qapalı keçiriləcək bu toplantıda müdafiə komitəsinin strukturunun formalaşdırılması, üzvlərin adlarının dəqiqləşdirilməsi prosesi olacağı bildirildi.

Hökumətdən ev alan jurnalist həmkarlarına çağırış edən tədbirin təşkilatçısı Əvəz Zeynallı: “256 jurnalistdən biri çıxıb tarixə bir damğa vursun. Azərbaycan jurnalistlərin komandanının həbsinə etiraz eləsin. Azərbaycanın media tarixinə bir damğa vursun. Desin ki, mən Mehman Əliyevin həbsinə etiraz edirəm” -dedi.

Əvəz Zeynallı daha sonra üzünü müxalifət liderlərinə tutub, tədbiri bu sözlərlə yekunlaşdırdı. “Birləşin, birləşin nə olar? Birləşin millət bu problemlərdən qurtarsın”.

Xatırladaq ki, Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin barəsində bu ilin noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır. Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Mehman Əliyev “Qrant haqqında” qanunun tələblərini pozub. 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat qanunsuz gəlir əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Nazirlik onu da iddia edir ki, M.Əliyevin 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

Vəkil Fuad Ağayev isə deyir ki, verilən ittihamlar əsassızdır. Mehman Əliyevin həbsi siyasi sifarişdir.

Könül Alı

Bastainfo.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button