Rubrikalar: GÜNDƏM MANŞET MÜSAHİB XuralTAC

Əvəz Zeynallı: “Bu ölkədən, bu Vətəndən getmək yoxdur…”-II sonuncu hissə

“Atam yazdı ki, bala, daha Ermənistana məktub yazma, çünki orada heç kim yoxdur”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə müsahibinin ikinci bölümünü təqdim edirik.

(Əvvəli ötən sayımızda)

Ötən bölümümüzdə dərc olunan söhbətimiz zamanı Əvəz bəydən “Qaynar qazan”a hakimiyyət nümayəndələrini dəvət edib-etməməsi barədə soruşmuşdum. “Çox təşəbbüs göstərmişəm” demişdi. Bizim sualımız:

– Konkret kimləri dəvət etmisiniz?

– Sizin müsahibə götürməyə çətinlik çəkmədiyiniz bəzi adamlar var, məsələn, Siyavuş Novruzov hakimiyyətin danışan dillərindən biridir. Bir neçə ay ərzində götür-qoy etdi və gəlmədi. Zahid Oruc gəlmədi. Özü açıq dedi ki, mən səni tanıyıram, bizim münasibətlərimiz yaxşıdır, amma “Qaynar qazan”ın formatı  başqadır. Hər halda, o dövrdə bəlkə də Zahid Orucun vəzifəyə getmə ehtimalı var idi… Mən sonra bu haqda düşündüm. Mən hörmətli Əli Həsənova dəfələrlə zəng etdim, onun köməkçisi ilə danışdım. Köməkçisi dedi bir aya əlaqə saxlayın, sonra  xəbər çıxmadı. Mən cənab İlham Əliyevə dəfələrlə müraciət etmişəm. Digər nazirlərə müraciətlərim olub, “Qaynar qazan” üçün.

– Bəlkə sizin müxalif düşərgə ilə daha yaxın olmağınız, o çevrədə görünməyiniz müsahibələrə əngəl olub?

– Ola bilər. Yəqin ki, mən müəyyən ictimai qurumlardakı fəaliyyətimə özüm də göz gəzdirəcəyəm. Hər yerdə görünmək… Əslində açığı, bu, həm mənim vaxtımı çox aparır, həm də hiss edirəm ki, jurnalistika imkanım məhdudlaşır. İstər-istəməz haradasa olanda tərəf kimi görünürsən. Bu, əslində mənim tərzim deyil.

– Deməli, seçim etmək haqda düşünürsünüz?

– Jurnalistikanı seçib, kənardakı müəyyən qurumlardan uzaqlaşacağam. Qarabağ Komitəsinə gəlincə, Qarabağ bizim bütün millətin ümumi problemidir. Gerçəkdən də bizim Qarabağ Komitəsinin fəaliyyəti çox müstəsna fəaliyyətdir. Məncə, tarix bunu yadında saxlayacaq. Çünki biz Qarabağ Komitəsində fəaliyyətə başlayandan etibarən Qarabağ məsələsi həqiqətən də ölkədə prioritet məsələyə çevrildi. Prezidentdən tutmuş, Mehriban xanıma, ölkənin ən yüksək zirvələrində bu məsələ daim öndə oldu. Sonra Xalq Hərəkatı yarandı, daha sonra parçalandı. Yəni bütün hamısının rəhni, kökü Qarabağ Komitəsindən gəldi. Amma bütün hallarda mən jurnalistika məsələsinə önəm verirəm. Bizim canlı yayımlar başlayıb, “Qaynar qazan”ın, “Azadlıq salnaməsi”nin ayrı bir formatı var. Siz özünüz bu işlərin içindəsiniz. Canlı yayın həddindən artıq məsuliyyətli və gərgin bir iş imiş.

– Həm də kiçik imkanlar və kiçik kontingentlə, eləmi?

– Yox, kiçik imkan deyəndə bu, bir az böyük çıxır, bəy! Mən bütün zamanlarda “0″ imkanlarla işləmişəm. Hətta o vaxtlar. Düzdür, kənardan elə biliblər ki… Yadımdadır, 2011-ci ildə biz canlı yayıma keçəndə ölkədə yer yerindən oynadı. Güc mərkəzləri fikirləşdi ki, xeyir ola, pulları kimlər verirlər, bu, haradan canlı yayına keçdi? Təbii ki, bircə aydan sonra bu işlər dayandı.

“Operatorum da, çəkənim də, montaj edənim də, üstünə qışqırıb-bağırdığım da Məlahət xanımdır”

– Bəs indi necə, necə deyərlər, ictimai əsaslarla işləyirsiniz, yoxsa bu fəaliyyətin maddi tərəfi də var?

– Vallah canlı yayının maddi tərəfi nə ola bilər ki? Mən bilmirəm, bəlkə də var.

– Axı işçilər, onlara maaş ödənilməsi məsələsi var…

– İşçi deyəndə… Bizim işçimiz yoxdur. Maraqlı bir misal var. Rəhmətlik Qulu Əsgərov İrəvanda konsert keçirirmiş. Aparıcı təqdim edir. Deyir oxuyur Qulu Əsgərov, sözləri, bəstəsi Qulu Əsgərovun, tarda ifa edir Qulu Əsgərov. Məlahət xanımla, həyat yoldaşımla bir yerdə işləyirik. Operatorum da, çəkənim də, montaj edənim də, üstünə qışqırıb-bağırdığım da xanımımdır. Bir o, bir mən…

– Heç olubmu ki, etiraz olaraq yayımı dayandırsın?

– Bir azca qalıb o cür olsun. Yenə sağ olsun, məni çətin vəziyyətdə qoymayıb. (Gülür) Amma ikimiz başlayırıq, ikimiz bitiririk, işçimiz yox, kiçik imkanlar da yox. Başqa neyləməliyik ki? Balıq, su məsələsidir də… Ölkədən getmək variantı var. Mən bu ölkədən gedə bilmirəm.

– Təklif, təşəbbüs olub?

– Yüz dəfələrlə olub, deyiblər də. Xarici ölkələrə göndərilənlərlə bağlı bizim dövlətin ayrıca bir siyasəti var. Bəzən deyiblər ki, get, orada nə istəyirsən, elə, biz də dəstək verək! Əslində çox maraqlı bir şeydir. Amma mən prinsipial olaraq ölkədən getməyi düşünmürəm. Sadəcə olaraq, xaricdə yaşaya bilmərəm. Özüm kənardan gəlmişəm axı. 9 il Türkiyədə yaşamışam, orada jurnal çıxartmışam.

– Ondan da əvvəl Göyçədə yaşamısınız. Bəlkə o illərdən də danışaq…

– Hə, Göyçədə yaşamışam. Sonra da Vladivostoka əsgərliyə getmişəm, bütün Rusiya boyu… Mən əsgərlikdə olanda həmişə kəndə məktub yazırdım. Atam mənə yazdı ki, Əvəz, daha kəndə məktub yazma, orada heç kim qalmayıb.

– Sizin ailə 1988-ci ildə Göyçədən çıxdı?

– Biz 1987-ci ildə çıxmışdıq, ailə olaraq qaçqın deyilik. Amma 1988-ci ildə proseslər başladı, bütün el-oba oranı tərk etdi. Mən onda əsgərlikdəydim. 88-ci ilin iyulunda Gəncədən əsgərliyə getdim. Dekabrda isə kənd çıxdı. Əsgərlikdə olarkən sinif yoldaşlarıma, qohumlarıma məktublar yazırdım. Mənim bir az da sentimental gəncliyim olub. Hamıya məktub yazırdım. Mən əsgərlikdə 780, ya 790 məktub almışdım. 2 illik əsgərlik 720 gün edirsə, mən təqribən 790 məktub almışdım. Hər günümə təxminən 1-2 məktub alırdım. Darıxırdım, o qədər yazırdım ki… Hamıya. Moskva ətrafından başlayan hərbi xidmət Vladivostokda bitdi. Atam yazdı ki, bala, daha Ermənistana məktub yazma, çünki orada heç kim yoxdur. Mənim heç ağlıma belə şeylər gəlmirdi. 88-ci ilin dekabrında Ermənistanda zəlzələ oldu. Mən onda gedib ərizə yazdım ki, hərbi hissədən Ermənistana yardım və oraya köməyə getmək istəyirəm. O zaman sovet ordusunda kampaniya xarakterli belə bir məsələ var idi. Mən də ərizə yazdım ki, Ermənistana gedib xidmətimi orda davam etdirmək istəyirəm. İndi mən ağıllı fikirləşmişəm ki, elə buradan Ermənistana gedərəm, oradan da ev yaxındır, Gəncədəki ailəmə yaxın olaram. Bir də baxım ki, aləm dəydi bir-birinə, generallar tökülüb gəldilər.  Soruşdular ki, sən bilirsən Ermənistanda nə baş verib? Dedim, nə baş verib ki, mən gedib orada qulluq etmək istəyirəm. Təbii ki, mənim ərizəmi qəbul etmədilər, dedilər artıq Ermənistanda heç bir azərbaycanlı yoxdur və ora getsəniz həyatınıza təhlükə olar.

– Əvəz bəy, bir müşahidəmi bölüşüm, xahiş edirəm səmimi cavab verəsiniz. Vaxtilə dəliqanlı, daha sərt xarakterli Əvəz Zeynallı necə oldu ki, indiki kimi təmkinli birinə çevrildi? Bunu özünüzə təlqin etmişiniz, yoxsa yaş öz sözünü deyib?

– Yox, əslində mən elə o vaxt da beləydim.

– Amma içərinizdə başqa bir Əvəz də var idi…

– Ola bilər. Hər bir insanda olur. Məsələn, 30 iyun Sevgililər gününə başlayanda mənə elə gəlirdi ki, bütün millət deyəcək, nə ağıllı təklifdir, halal olsun! Yaxud qəzet, ya digər işlərlə bağlı layihələrə başlayanda fikirləşirdim ki, hamı deyəcək eşq olsun-filan… Mən Türkiyədə də elə düşünürdüm ki, jurnalı çıxaranda hamı deyəcək halaldır… Amma bu işləri gördüm ki, nə dəstək, əslində köstək var, adamın ayağından dartırlar, dərin bir susqunluq, sakitlik. Tutaq ki, biz deyirik 30 iyun Sevgililər günüdür, Azərbaycanın xalq artisti gedib sevgililər günündə konsert keçirir. Burada artıq sən istər-istəməz gərginləşirsən və radikallaşırsan.

– Bəlkə bu məsələni zamanın ixtiyarına buraxmaq daha düzgündür?

– İndi düşünürəm ki, bəli, bəlkə də bəzi şeyləri zamanın ixtiyarına buraxmaq daha doğrudur. Məsələn, 2011-ci ildə mən həbs olunan ərəfədə müəyyən hadisələr var idi ki, onda başqa cür etmək olardı.

– Yəni siz həbs olunmaya bilərdiniz?

– Təbii ki. Sanki mən özüm həbs olunmaq istədim. Mən o yazıları yazmasaydım, o dərinliyə getməsəydim, məni həbs etdirənlərin əlinə o dəstavuzu, o faktı verməsəydim, məni kim həbs edə bilərdi ki?

– İndi artıq özünüz üçün müəyyən bir çərçivə cızmısınız, eləmi?

– Ona çərçivə də demək olmaz. Amma indi, deyəsən, daha bir az təmkinliyəm. Həbsxanada rəis bir dəfə çağırdı… Hərdən rəislə söhbətlərimiz olurdu, həmişə də dava, qırğın, əsəbləşirdim, çığırırdım, bağırırdım, eynən azadlıqdakı kimi. Bir gün məni çağırdı, 4-5 saat oturdum. Mənim sakitcə oturduğumu görəndə qayıtdı ki, ay Əvəz, burada rəis mənəm e, mən əməliyyat xarakterli söhbətlər etməliyəm, səni danışdırıb, xəbər almalıyam, amma sən məni danışdırıb xəbər alırsan, sənin özündən xəbərin var? Dedim, nə olub? Qayıtdı ki, sən həmişə bir kəlməyə görə yer-göyü dağıdırdın, cavab qaytarırdın. İndi sən sakitcənə oturmusan. Dedim,  mən bu boyda akademiya oxuyuram axı. Yəni həbsxana böyük bir akademiyadır. Məsələn, mən 2011-ci ildə deyirdim ki, məni kimsə tuta bilməz. Amma indi kimsə deyəndə ki, məni heç kim tuta bilməz, dərhal onun əvəzinə qorxuram. Deyirəm, bu adam bilmir ki, yolla gedə-gedə adamı həbs edib ömürlük də verə bilərlər. Bəlkə həyat da adamı bir az öyrədir, cilalayır.

– Bugünlərdə Milli Mətbuatın 144 illiyi ilə bağlı tədbirlər keçirildi, medianın durumundan danışıldı, təqdirlər, tənqidlər oldu, təltiflər edildi. Uzun illərini mediaya həsr etmiş birisi olaraq siz nə düşünürsünüz?

– 1991-ci ildən aktiv şəkildə medianın içindəyəm, 28 ildir. Mən hazırkı media çərçivəsində deyiləm. Yəni biz tamam ayrı bir qalaktikanın, düşərgənin adamlarıyıq. Mükafatlandırmalar, tədbirlər mənlik deyil.

– Yəni “Məndə sığar iki cahan, mən bu cahana sığmazam…”

– Hə, bir az elə. Mən bu media qrupun, bu media təfəkkürünün içində deyiləm. Mən bir dəfə də yazmışam. Mən bu hakimiyyətin, bu mətbu anlayışın dövründə hər hansı bir mükafat, ad, təltif, hər hansı bir şeydən imtina etmişəm. O zaman ev məsələsində müəyyən araşdırmalar oldu. Məni tam yaxşı tanımayanlar dedilər ki, Əvəz də ev istəyir. Mən onda dedim ki, mən bu dövrdə hər bir mətbu təltifdən imtina etmişəm. Əslində mən bunları doğru hesab etmirəm. Gözümün önündə o boyda Türkiyə, o boyda dünya ölkələri var. Sezen Aksu, Əhmək Kaya, Nilufər kimdir? Bunlar əfsanə adamlardır, düzdürmü? Bunların heç biri xalq artisti deyil e. Yaxud Uğur Dindar, Məmmədəli Birand, Reha Muxtar, Cevizoğlu kimi çox nəhəng adamların heç biri nə əməkdar jurnalist, nə filan deyil. Həm də onlara kimsə risk edib deyə bilməz ki, gəl, sənə ev verim. Çünki onun on dənə evi var. Çünki bir proqrama 100 minə çıxır. Yadımdadır, ŞouTV-də 32-ci gün var idi, Məmməd Əli Birand proqrama görə 150 min alırdı. Bir proqrama ev, maşın alırdı, onun nə ehtiyacı var idi ki? O vaxt mənim çox böyük xəyallarım var idi. Deyirdim bir yer götürəcəyik, “Xural Siti” şəhərciyi açacağıq, mərkəzdə “Xural”ın özünün böyük ofisi olacaq, orada “Xural”da işləyənlər olacaq. Qardaş, biz media olaraq bunu edə bilərik də…

Söhbətimizin sonunda qızlarına nəsihətini xatırlayır:

– Bu uşaqlara mən həmişə demişəm, indi də deyirəm, yaxşı oxuyacaqlar, bu Vətənə dönəcəklər və bu Vətəndə işləyəcəklər. Bu ölkədən, bu Vətəndən getmək yoxdur!

Qızlardan soruşuram: “Sözmü?”

Həm Banu, həm Selcan birgə “təbii ki, söz” deyirlər… Gənclərimizə uğur arzulayıb, Əvəz Zeynallıya təşəkkür edib söhbətimizə yekun vururuq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Paylaş:

This post was last modified on 27 İyul 2019 2:00 axşam

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM