Əvəz Zeynallı məhkəmə proseslərində iştirak etməkdən imtina etdi – VİDEO

16.01.2013

Əvəz Zeynallı:  “Siz qanunları ayaq altına alırsınız. Mən bu məhkəmə prosesinin ədalətinə inanmıram. Onsuz da sifarişlə hökm oxuyacaqsınız. Mənsiz hökmünüzü verin!”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının  işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyeva hazırkı proses zamanı Ə.Zeynallınlın ötən dəfə məhkəməyə təqdim etdiyi vəsatətlərə baxılacağını elan etdi. Ə.Zeynallı ötən həftə ərzində onun işi ilə bağlı ciddi bəyanatlar olduğunu və bu səbəbdən də yeni vəsatətlərinin yarandığını diqqətə çatdırdı. Vəkil Yalçın İmanovun müdaxiləsindən sonra məhkəmə heyəti Ə.Zeynallının yeni vəsatətini dinləmək qərarına gəldilər. Ə.Zeynallı bildirdi ki, ötən məhkəmə prosesi yanvarın 9-da keçirilib, ondan bir gün sonra yanvarın 10-da isə, sabiq deputat Gülər Əhmədovanın “Yeni Müsavat” qəzetinə müsahibəsi dərc olunub. Hakim Ə.Zeynallının qəzetlərə istinad etməsinə toxunaraq gülə-gülə, “nə qəzet çıxır burada gəlib oxuyursunuz…” dedi.

Əvəz Zeynallı:

–          Novruz müəllim, mənim işim elədir ki, yazıya, qəzetə görə həbs olunmuşam və bizi bir il əvvəl həbs etdirən adamlar bu gün adam oğurluğu, mütəşəkkil cinayətkarlıq, qadın alveri və korrupsiyada ittiham olunurlar. Məni əli ilə həbs etdirdikləri Gülər Əhmədova hər gün danışır. Mətbuata danışır, bəyanatlar verir. Burada da o adam ittiham tərəfinin şahidi kimi iştirak etməlidir, ancaq etmir. Yəni ona görə də mən məcburam ki, ən azı onun mətbuata verdiyi müsahibələrlə bağlı ictimailəşdirdiyi fikirlərini məhkəməyə çatdırım. Məncə həmin müsahibələri siz də oxuyubsunuz, oxumalısınız da… Gülər Əhmədova deyir ki, dünyanın heç bir yerində iki videoya görə adamın həbs olunması faktı yoxdur. Gedin dünya mətbuatını oxuyun. Montaj olunmuş, üzərində min cür əməliyyat olunmuş videolar heç bir vaxt sübut sayıla bilməz”. Bu açıqlamanı Elşad Abdullayevin yaydığı “Mandat alveri” serialı ilə bağlı deyir. Bunu o adam deyir ki, Ramella xanım, özünün kabluk səsindən başqa heç bir səs-sədası eşidilməyən, üzərində həqiqətən də min cür fitnə-fəsad olunmuş, hətta bu halda belə dəlil sayıla bilməyəcək saxta sübuta görə məni 15 aydır ki, həbsdə saxlayıblar. Gülər Əhmədova davam edir: “İki geydirmə videoya görə adam həbs etdirmək olmaz” 15 illik deputatın, YAP-ın Siyasi Şurasının üzvü olmuş bir adamın açıqlamasına diqqət edin. Mən əgər məhkəmə zalından “geydirmə sübut” ifadəsini işlətsəydim prokuror indi buranı “duman” eləmişdi. G.Əhmədova təkrar-təkrar deyir ki, videoya görə adam tutmurlar, yəni videolar sübut sayıla bilməz. Əgər buna görə adam həbs eləsəydilər, o zaman iyunda qar yağardı.” Bu ancaq mənim işimə görə işlədiləcək ifadədir. Mənim həbsim iyunda qar yağması kimi bir şeydir. Mən bu müsahibənin də işə daxil edilməsini istəyirəm.  Bu müsahibədə hörmətli jurnalistlərimiz ondan soruşmağa cürət etmədilər ki, bəs səni iki videoya görə həbs edə bilməzlərsə, əgər bu videolar fakt sayıla bilməzsə, o zaman niyə sənin “kabluk səsi”ndən başqa bir şey ifadə etməyən səsyazına görə, bir qəzetin baş redaktorunu 15 aydır həbs ediblər? Bu cür saxta sübutla Əvəz Zeynallı niyə həbs olundu, niyə onun haqqında cinayət işi açıldı, sənə isə güldən ağır söz deyən yoxdur? Cəmi bir gün sonra – yanvarın 11-də “Bizim Yol” qəzetinin 8-9-cü səhifəsində Gülər Əhmədovanın müsahibəsi dərc olundu. Başlığa diqqət edin – “Qoy hamı bilsin ki, Əvəz Zeynallını mən həbs etdirməmişəm” Yəqin siz də təəcübləndiniz, Novruz müəllim. Amma mənim gözlərim hədəqəsindən çıxdı. Müsahibə belə başlayır: “ – Siz Əvəz Zeynallının məhkəmələrini izləyirsinizmi?

–          (Xeyli gülür) Əvvəla məhkəməni izləmirəm. Çünki bu qədər informasiya oxumağa səhhətim imkan vermir.”

Amma adam tutdurmağa, hətta öldürməyə belə bu adamın səhhəti imkan verir. Hədə-qorxu və şantaj yolu ilə rüşvət almağa, məhkəmədən yayınmağa səhhəti imkan verir. Amma öz əli ilə tutdurduğu adamın məhkəmələrini izləməyə guya bu adamın səhhəti imkan vermir. Bu da onun növbəti qeyri səmimiliyi…

Davam edək: “- Sizin idianız və ittihamınızla jurnalist həbs olunub…

– (Sözünü kəsir) Xeyr, mənim ittihamım əsasında həbs olunmayıb”…

Allah… Allah… Yəni bu qədərmi? Ayrıca bu masahibəti götürən Natiq bəy Cavadlıya da öz təşəkkürümü bildirirəm. O Azərbaycan mətbuatı üçün örnək ola biləcək jurnalistdir və özünü peşəkar sayan çox jurnalıistin etmədiyini eləyib. Bu gün Azərbaycan mətbuatında qəzetlər, jurnalistlər var ki, Əli Həsənovu Əli Kərimlidən çox istəyirlər. Vüqar Səfərlini İsa Qəmbərdən, Ramiz Mehdiyevi isə dədəsindən çox istəyir. Bəli, Azərbaycan jurnalistləri o günə gəlib düşdülər. G.Əhmədovanın müsahibəsinin çarpıcı məqamlarına toxunuram. O deyir:

“- Ə.Zeynallını mənə görə həbs etməyiblər, yəni mənim dediklərim təsdiqlənmədisə, lap yaxşı, təsdiqlənməsin, mən bir şey deyə bilmərəm… Onu mənimlə bağlı ittiham etməyiblər… Mən prosesdə olmuşam. Nə zaman çağırıblar, iclasda iştirak etmişəm… Məni nə vaxt çağırıblar, getmişəm… Bir daha deyirəm, qoy bütün media nümayəndələri bilsin, Əvəz Zeynallı mənim ittihamım və yaxud da mənim şikayətim əsasında həbs edilməyib. İşdə şahid kimi iştirak etmişəm.”

Bu adama nə deyəsən?

“- Sizdən Ə.Zeynallının rüşvət istəməsi öz təsdiqini tapmadı.

– Tapmadı?

– Xeyr.

– Çox gözəl də… Təsdiqini tapmasın, arzu edirəm ki, onu tezliklə azad etsinlər. Təsdiq etməyiblərsə, mən onlara bir şey deyə bilmərəm”.

Onda bəs G.Əhmədovanın ifadəsinin həqiqət olduğunu kim təsdiqləməli idi?

Ə.Zeynallı məhkəmədə bir daha bildirdi ki, o G.Əhmədovanın şəxsi həyatı ilə bağlı bir cümlə də olsun, yazmayıb. Yazılıbsa ortalığa bir cümlə qoysunlar…” Bizim bir ildir bu zalda davamız budur, Ramella xanım. Jurnalistin bununla bağlı sualına Gülər gülür:

“- O elə də dedi. Mən bir şey deyə bilmərəm. Ona görə yazmadı ki, vaxtı çatmadı”

Eheyyy… Bəs, bu adam prokurorluğa ifadə verib ki, guya mən onu yazılarımla hədə-qorxu və şantaj etmişəm. O zaman vaxtı çatmadı, nə deməkdir? Allah… Allah…. Bu adam sən demə ekstrasenslik də eləyirmiş, mənim düşüncələrimdəki yazıları bilirmiş. G.Əhmədova həmin müsahibədə öz əxlaqına, öz tərbiyəsinə, öz ədəbinə uyğun olaraq bir daha mənə böhtan atıb. Qanunla mən bu adama nə etməliyəm, bu böhtanlarının qarşılığında? Onu məhkəməyəmi verməliyəm? Nə deyir: “Əvəz Zeynallı ilə danışdığımız söhbətlər olmuşdu, sadəcə onları yazmağa vaxtı çatmadı…” Belə çıxır ki, biz onunla razılaşma da aparıbmışıq, amma onu həyata keçirməyə vaxtım çatmayıb. Bu qədərmi? Ötən dəfələrdə də bu məhkəmə zalında istər şahidlər, istərsə də kimlərsə insanların təfəkkürünü işğal edib, şər atırlar ki, guya mən kiminsə anası, bacısı, qızı, həyat yoldaşı haqqında yazı yazmışam. Bir daha təkrar edirəm, əgər mən kiminsə bacısından, anasından, qızından, həyat yoldaşından bir cümlə yazmışamsa, gətirib ortaya qoysun. 10 il dərc olunan “Xural” qəzetinin saylarını məhkəməyə təqdim etməyə hazıram. Kim yazıb, nə yazıb, mənlik deyil. Bütün Azərvbaycan mətbuatı yaxşı bilir ki, qurşaqdan aşağı vurmayan, kimlərinsə ailəsi haqda yazmayan yeganə  redaktor var, o da bu qəfəslikdədir. Hamı hər zaman hər şeyi yazıb. Mən kimlərinsə ailəsi haqda yazmamışam. G.Əhmədova indi guya ki, hüquqi mübarizə aparır. Öz ağlına görə. Amma dediklərinin hamısı bir-birindən böhtan, şər və yalandır. Hanı o admlar? Niyə çıxıb göstərmirlər o yazıları? Bəli, adamlar var ki, məxsusi olaraq bu saxta ittihamı mənim üzərimə qoymağa çalışırlar ki, cəmiyyətin gözündən salsınlar. Amma həqiqət bir dənədir. İkinci həqiqət yoxdur. Görünür bu prizmadan baxan Gülər burada da deyirdi ki, guya o məni həbs etdirməklə ailəsinin, özünün namusunu qoruyub. Ortada da bir şey yoxdur. Amma Gülərin özünün belə hərəkətləri “n” qədərdir. G.Əhmədova Sevinc Babayevanın oğluna deyir ki, əgər kişiliyi varsa, getsin Rəvan Əliyevə cavab versin. Mən bunu deməyə də bilərəm, amma bu qədərin qarşılığında deyirəm, Gülər Əhmədova bəs, “Səs” qəzeti yazanda ki, “Bu gün Gülər dönüb olub, qırt fərə, Yüz xoruzla hinə girib, min kərə…” O zaman sənin oğlanların niyə onlarla qeyrət-namus haqq-hesabı aparmadılar? Baxın! Təhqir olunan, hədə-qorxu gəlinən, şər və böhtan atılan adam mənəm! Bu gün də bu adam əməllərindən əl çəkmir. Filan vaxtı filan şey yazıb, deyir. Hanı, adam balası? Şahidləri də gəldilər bir yazı ortaya qoya bilmədilər. Məni o zaman hansı maddə ilə tutmusunuz, xatırladım  AR CM-nin 311.3.3, 3,4 ilə – hədə-qorxu ilə pul tələbetmə – faktınız hanı? Bu adam indi deməlidir ki, onu necə şantaj ediblər, necə pul verib? Amma o bir daha yazılardan danışır:

“- Siz istintaqa cəlb ediləndən sonra Ə.Zeynallının azad olunması ehtimalı varmı?”

Artıq mətbu camiyədə də belə bir fikir var ki, Ramiz Mehdiyev, Gülər Əhmədova həbs olunandan sonra Əvəz Zeynallı azad olunacaq. Artıq hamı belə şeylərdən danışır. Çünki ölkədə cəngəllik qanunları hökm sürür. Gülər:

“- Başa düşmədim…

– Yəni sizi istintaqa cəlb edirlər və jurnalist həbsdən azad olunur…

– Bu məsələnin ona nə aidiyyatı var ki? Mən bir daha təkrar edirəm, Əvəz Zeynallını mənə görə həbs etməyiblər. Mən bu işdə şahid kimi keçmişəm… Təkrar edirəm, onu mənə görə həbs etməyiblər.”

Onu da qeyd edim ki, bu müsahibə hazırlanandan sonra Gülər Əhmədova onunla əvvəlcədən tanış olub və sonra mətbuatda dərc olunub. Yəni onun razılığı ilə dərc olunub. Diqqət edin. Adam deyir ki, “verdiyim ifadələrin doğruluğunu sübut da edə bilərlər, təkzib də…” Bu nə deməkdir?  Davam edir:

“- Bu məhkəmənin işi olduğundan müdaxilə edə bilmərəm…”

Necə yəni? İstəyir yer-göy dağılsın, kim mənim dediyimi sübut da edə bilər, təkzib də? Baxın yalanları ilə o dərəcədə baş-başa qalıb ki, deyir, ifadələrimi sübut da edə bilərlər, təkzib də… Yəni, “mən bir söz demişəm də, özləri bilərlər…”

“- Qəzetiniz vasitəsilə müraciət edirəm. Hörmətli Əvəz Zeynallı, sizi mənə görə həbs etməyiblər. Qoy cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün…”

Bu adam onu demək istəyir ki, aydan arı, sudan duruymuş… Jurnalist soruşur:

“- Bəs Əvəz Zeynallını bir audiokasetə görə niyə həbs ediblər?

– Natiq, 3-4-cü dəfədir deyirəm, Ə.Zeynallı mənə görə həbs olunmayıb.”

Sonda Gülər bir il əvvəl unutduğu Allahı çağırır. Adam başına gələnlərdən nəticə çıxarmaq əvəzinə yenə də yalanlarına dəstək axtarır. Bu adam bir müsahibəsində ən azı 7-8 dəfə təkrar edir ki, bu işdə yoxdur. Nəsimi rayon Məhkəməsinin mənim həbsimlə bağlı qərarı var, respublika prokurorluğunun rəsmi açıqlamaları var. Onları nə edək? Özü bura gəlməlidir və bu sözləri də məhkəməyə şəxsən deməlidir. Özü də bundan imtina etmir, çünki deyir ki, onu nə vaxt məhkəməyə çağırıblar, o gəlib. Demək sonrakı hadısələrdən sonra onu ümumiyyətlə, məhkəməyə çağıran olmayıb. Niyəsini dəfələrlə soruşmuşam, bu dəfə də yenidən vəsatət verirəm. Bu adam sabah durub deyəcək ki, kim deyir ki, mən Gülər Əhmədovayam. Yalan deyirlər, mən o adda adam tanımıram. Belə bir təfəkkürün sahibi ilə mənə iş açmısınız, indi sizi də başa düşürəm ki, altında qalmısınız, çıxış yolunu da tapa bilmirsiniz. Mən bu adamın dediklərinin tərcüməsini bilirəm. Bu o deməkdir ki, Gülər Əhmədova ümumiyyətlə, prosesdən imtina edir. Deyir ki, hörmətli Əvəz Zeynallı, səni mən tutdurmamışam, səni tutduran Ramiz Mehdiyevdir. Belə biabırçılıqmı olar? Təqsiri olmayan bir adamı 15 aydır necə həbsdə saxlaya bilirsiniz? İnsanların taleyi sizin üçün oyuncaqdırmı? Zəhmət çəkin, bu açıqlamalardan sonra məni evimə buraxın, işi də yenidən ibtidai-istintaqa göndərin. Nə qədər araşdırma aparırlar aparsınlar. Məni də rahat buraxsınlar. Bu qədər pressinqin altında Gülər xırdaca bir nəfəslik tapdı, cəmiyyətə mesaj yolladı ki, bi işin içində o deyil, Ramiz Mehdiyevdir. Hələ utanmadan jurnalistdən soruşur ki, “başa düşmürəm, onu bu qədər niyə həbsdə saxlayırlar? Axı, biz belə danışmamışdıq.”  Bu adam kiminlə nə barədə razılaşıb? Məni həbs edəndən sonra nə vaxt buraxacaqdılar ki, buraxmayıblar? Niyə buraxmayıblar? Niyə buraxmırlar? Bu adam asfaltı dələn “Danaqıran” gülü kimi hər dəfə bir nəfəslik tapanda bir söz atacaq ortaya? Çağırın bura gəlsin. Məhkəməni ədalətlə, qanunlara hörmət edərək keçirin. Bu qədər işdən sonra Gülər haqqında ən azı 5 cinayət maddəsi üzrə iş açılmalıdır. Bu müsahibəsindən sonra yenə na danışmaması ilə bağlı qadağa qoyuldu. Artıq o yenə danışmır. Onsuz da bütün mətbuatı Ramiz Mehdiyeevlə Əli Həsənov satın alıb. Bu qədər ciddi hadisələrdən sonra gərək mətbuat yeri-göyü oynadaydı. Bir mətbu orqandan səs çıxmır. Özünü “AS” bilənlər də bu müsahibəni saytlarında yerləşdirib, 10 dəqiqədən sonra çıxarırlar. Sifarişlə yazı qoyub, yazı çıxarırlar. Onlara meydan vermək üçün biz burdayıq. 1 ildir ki, mən sübut etməyə çalışıram ki, Gülər kimdir məni tutdura, məni Ramiz Mehdiyev tutdurub. Buyurun, bütün dediklərim öz təsdiqini tapır.”

Daha sonra Ə.Zeynallı S.Babayevanın 2012-ci ilin iyulun 2-də məhkəməyə gəldiyi vaxt çəkilmiş şəkillərin də işə əlavə olunmasını istədi: “Çox güman ki, Sevinc Babayeva məhz mənim məhkəməmdən sonra Gülər Əhmədova tərəfindən zəhərlənib. Çünki, onun oğlu da iddia edir ki, anası yay aylarında G.Əhmədova tərəfindən zəhərlənərək, öldürülüb.”

Baş redaktor bir məqama da toxundu. G.Əhmədova istintaqa təqdim etdiyi səsyazısında baş redaktora maşınını təklif edib. Eyni hal Ayxanı ələ keçirmək üçün də G.Əhmədova tərəfindən təkrarlanıb. S.Babayevanın yas mərasiminə 20 min manat göndərib və deyib ki, istifadəsində olan yeni Hunda Accord markalı maşını vəkili vasitəsilə Ayxana təklif edib. Ə.Zeynallı bildirdi ki, bu qədər açıq, bu qədər aydın dəlil dünyanın heç bir cinayət işində yoxdur: “Bu adam maşınından istifadə edib, hələ bundan sonra neçə adam tutduracaq. Bir maşınla neçə adam tutdurmaq olar? Merəsinə qalsın, sənin maşının!”.

AR CPM-nin 155-ci maddəsinin bir-çox həbslərdə istifadə olunduğunu, lakin G.Əhmədovaya şamil edilmədiyini də diqqətə çəkən Ə.Zeynallı dedi: “bu maddənin 3 bəndi var: 1. Sübutları saxtalaşdırmaq qorxusu, 2. Şahidlərə təsir etmək qorxusu, 3. Sübutları ortadan qaldırma qorxusu. Məni guya bu qorxulara görə tutublar. Halbuki Gş.Əhmədova sübutları saxtalaşdırmağa cəhd edibmi? Edib. Şahidləri sıradan çıxarmaq istəyibmi? İstəyib. G.Əhmədova özü ölkədən qaçmağa cəhd edibmi? Edib. Xeyir ola, nə vaxtdan bu adam xaricə Gürcüstan yolu ilə gedir? Qaçmaq istəyib, qoymayıblar. O zaman bu adam 155-ci maddəni pozsa da niyə həbs olunmur?” 2 gün əvvəl “Gündəm Xəbər” qəzetində Ramin Nağıyevin dərc olunan məktubuna toxunan Ə.Zeynallı bildirdi ki, onda olan məlumatlara görə, bu yaxınlarda ömürlük həbs cəzasına məhkum olunmuş Hacı Məmmədov və Zakir Nəsirov da danışacaqlar: “2004-cü ildə Ramiz Mehdiyev İlham Əliyevə sui-qəsd etməklə ortadan qaldırmaq və hakimiyyəti ələ keçirmək istəyib. Bu sui-qəsd əməliyyatı Hacı Məmmədova tapşırılıb. Bu cinayətlər ictimailəşməsin deyə R.Mehdiyev Əli Həsənovun əli ilə KİV DF adı altında bütün Azərbaycan mətbuatını monopoliyaya götürüb. Mətbuatın üzərinə olan bu yürüş də həmin yürüşdür. Onlar istəyirlər ki, hər hansı bir zibili qaynadanda Azıərbaycan xalqı bundan xəbər tutmasın. Ona görə, satın aldıqlarını aldılar, təsir altına saldıqlarını saldılar, ələ ala bilmədiklərini də öldürdülər, həbsə atdılar… Hacı Məmmədovun da məktubu E.Abdullayevin videoları kimi ölkədə çox cinayətlərin üstünü açacaq…”

Bundan sonra Ə.Zeynallı yeni vəsatətlərini də hakimlərə təqdim etdi. 15-dən çox vəsatətə bir-bir baxılması qərara alındı. Dövlət ittihamçısı Ramazan Hadıyev heç bir əsas göstərmədən Ə.Zeynallının G.Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəməyə yalan ifadə verdiyi üçün yenidən məhkəməyə gətirilməsi, o cümlədən müstəntiq Qabil Qasımovun istintaq materiallarını saxtalaşdırdığı üçün məhkəməyə şahid qismində qatılması ilə əlaqədar qaldırdığı vəsatətlərin təmin olunmamasını istədi. Məhkəmə vəsatətləri təmin etmədi. Bundan sponra Ə.Zeynallı əsəbləşərək, prokuror R.Hadıyevə, “siz bu qanunların üzərindən tapdalayaraq keçirsiniz” deyərək, CPM ona tərəf atdı. Prokuror baş redaktorun etirazlarına əhəmiyyət vermədiyi zaman Ə.Zeynallı məhkəməyə etiraz əlaməti olaraq prosesdə iştirak  etməkdən imtina etdi. Dövlət ittihamçısına və  məhkəmə heyətinə müraciətlə, “Siz qanunları ayaq altına alırsınız. Mən bu məhkəmə prosesinin ədalətinə inanmıram. Onsuz da sifarişlə hökm oxuyacaqsınız. Mənsiz hökmünüzü verin!” dedi.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salındı.

Xatırladaq ki, yanvarın 17-də saat 14.00-da RATİ-də Ə.Zeynallının məhkəmə prosesinin sifarişli həyata keçirilməsinə etiraz əlaməti olaraq mətbuat konfransı keçiriləcək. Bütün təşkilat və media nümayəndələri dəvətlidirlər.     

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button