Əvəz Zeynallı: “Mən siyasətçilərin maraqlarına boyun əymədim”

“Elçibəyin siyasətdə bəzi qırıqlıqlarından sonra onun haqqında fikirlərim dəyişdi”
Əvəz Zeynallı 2011-ci ildə həbs olunanda bəlkə də hamı fikirləşirdi ki, bununla o, tükənəcək. Amma elə olmadı. Özünün də dediyi kimi, 1158 gün həbs həyatından sonra o yenə də öz işinin başına qayıtdı. Ziqzaqlı həyat keçirsə də, həyatın hər üzünü – yaxşı və pis tərəflərini görsə də o, yorulmur, hələ də əvvəlki kimi enerjili Əvəz Zeynallı olaraq qalır.
“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı redaksiyamızda qonaq oldu və Etatist.com-a müsahibə verdi. Müsahibəsində həbsə necə düşməyindən, həbs həyatından və sonrakı dövrdən danışdı.

Əvəz Zeynallının Etatist.com-a verdiyi müsahibənin dördüncü – sonuncu hissəsini təqdim edirik:

“Türkiyənin Azərbaycanın müstəqilliyini tanıması xəbərini ilk mən eşitmişəm”

– Əvəz bəy, sizin həyata baxış fəlsəfəniz, düşüncəniz və bu düşüncənin illər ərzində formalaşdırdığı mühitiniz, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsi ilə eyni vaxtdan başlayır. Doğma kəndinizdən məcburi şəkildə köçürülməyiniz. Daha sonra siz xarici ölkəyə dövlət hesabına ilk göndərilən, tələbə oldunuz…
– Bunu ilk dəfədir söyləyirəm: Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlət Türkiyədir. O xəbəri ilk eşidən mənəm, ikinci eşidən isə Etibar Məmmədovdur. Azərbaycanın tanınması üçün Etibar Məmmədov Ankarada idi və danışıqlar Azərbaycan Kültür Dərnəyinin iştirakı ilə aparılırdı. Etibar Məmmədov gələndə məsələ bilinirdi, məlum idi ki, Türkiyə Azərbaycanı tanıyacaq. Etibar Məmmədov günorta Kültür Dərnəyinə gələndə, orada məndən və bir tələbə yoldaşımdan başqa heç kim yox idi. Telefona zəng gəldi, dəstəyi mən götürdüm. Türkiyə Böyük Millət Məclisindən idi. Etibar Məmmədovu soruşurdular: “Azərbaycanın bağımsızlığı tanındı, Etibar Məmmədova verin telefonu”- dedilər. Beləcə, Azərbaycanın müstəqilliyini ilk eşidən adam mən, Etibar Məmmədov və mənim tələbə yoldaşım olduq. Etibar Məmmədov dərhal pul verdi, getdik, bir Şampan aldıq gətirdik. Adamlar ora yığışana qədər biz Şampannı partladıb içdik. Müstəqillik dediniz, yadıma düşdü. Bu haqda “Türkiyə gündəlikləri”mdə detallı yazmışam.

“Mən heç vaxt qalmaqallı insan olmamışam”
Əvəz Zeynallı: "Heydər Əliyevlə yaxşı dost ola bilərdik..."

– Türkiyəyə göndərilən tələbələrin içində sizdən daha qalmaqallı olanı yox idi. Oranı bitirib gələndən sonra, Azərbaycanın iki qütblü və tədricən çoxqütblü siyasi mühitə keçdiyi dövrdə çox oxunan və o zaman üçün nüfuzlu olan bir partiyanın qəzetində işləməyiniz, onun içində bir “Xural” əlavəsi çıxarmağınız, oradan çox qalmaqallı şəkildə getməyiniz və “Xural”ın başlama tarixi. Bu, onu göstərir ki, əslində, siz bu prosesləri dəqiqliklə düşünməsəniz də, ümumi bir xətti sizin üçün bəlli idi. Mən inanmıram ki, Əvəz Zeynallı heç vaxt həbs olunacağını düşünməyib…

– Həbs olunacağımı ən az 10 il gözləmişəm. Ankarada tələbələr, tələbə təşkilatları ilə toplananda həmişə deyirdim. Bir dəfə tələbə təşkilatında söhbət elədim. Hüquqşünaslar da çox idi orada. Dedim ki, gün gələr, Azərbaycanda bir-birimizin qələmini qırarıq, bir-birimizə hökm oxuyarıq. Həmin vaxt o uşaqlar mənə güldülər. Amma o uşaqlardan biri mənə Apellyasiya Məhkəməsində hökm oxudu. Mən ona əvvəlcədən xəbər yollamışdım ki, məhkəmə prosesimdə iştirak etməsin. Qanunda var ki, hər bir hakim geri çəkilə bilər. Amma o, davam etdi və mən əlimdə qandal, onunla qarşı-qarşıya gəldim. Ona dedim ki, mən sənə Ankarada olanda demişdim, sən mənə etiraz etmişdin. Başını saldı aşağı və qaça-qaça getdi.

Mən heç vaxt qalmaqallı insan olmamışam. Hökumət agentliklərinin mənim məhkəməmdə etməyə çalışdığı şey bu idi. Onlar hər dəfə mənim məhkəməmə gəlirdilər və sonra yazırdılar: “Əvəz Zeynallının məhkəməsində qalmaqal”, “Əvəz Zeynallının məhkəməsində daha bir qalmaqal”.  Bu, bir siyasət idi, mən sonra bu siyasətin qarşısını aldım.

“Siyasətə boyun əymədim”

– Necə bir siyasət?
– Məni cəmiyyətə təqdim edənlər, qalmaqalı adamı kimi təqdim edirdilər. Qalmaqallı adamlardan qaçırlar axı… Mən bir yol gəlmişəm, bütün bu proses bir yoldur. Bu yolda siyasətə boyun əymədim. Bayaq dediyiniz qəzetdən bu səbəbdən getdim. Mən siyasətçinin maraqlarına boyun əymədim, partiya maraqlarının çərçivəsində qalmadım. Mən o qəzetə gələndə ilk yazımı yazmışdım: “Mənim andım”. Son yazıda da yazmışdım ki, “Oxucum, mən andıma sadiqəm”. Mətbuat konfransı keçirdim ki, siyasətlə mətbuat uyğun gəlmədi.

“Sevgililər Günü”nü gətirmişik bu ölkəyə. Bu ölkənin yarısı – nə istədiyini bilməyən adamlar, bu millətin pulu ilə adam olanlar durub “14 fevral” deyir. Mən onlarla döyüşmüşəm, deyiblər qalmaqal. Mən böyük oliqarxların “dişlərini sındırmışam”, deyiblər qalmaqal. Bayaq deyirdim, bu ölkədə avtomobilini park edəcək yer yoxdur, boş qalan yerlərə də parkomat qoyublar, saatı 50 qəpikdən. Bu gün bizə bu ölkənin havasını da satırlar, belə olmalıdır? Belə olmalı deyil. Bunu kimsə deməlidir, bunu deyənə də qalmaqalçı deyirlər. Bu, bir yoldur, bu yolu tutub gedirik.

Hər zaman əlçatmaz şey şirin olur. Niyə insanlar idealları uğrunda ölürlər? Ona görə ki, əl çatmır. Əlçatan olanda marağını itirir. Elə hesab edirəm ki, bu yol yaxşı bir yoldur, şərəfli bir yoldur. Azərbaycanda çox az adam dik qalır. O düzdür ki, tankların qarşısında duruş gətirənlər, pulun qarşısında sınırlar. Amma biz bu yolu getməliyik, biz ölkəni bu durumlardan çıxarmalıyıq.  Nə cür deyirsən bunun adına, o cür. Mən komplekssiz insanam. İlham Əliyevə köməkmi? Kömək edəcəyik. İlham Əliyevə köstəkmi? Köstək olacağıq. Həbsxanamı? Qorxmayacağıq. Həbsxana deyirəm, amma həbsxana yaxşı bir yer də deyil. Qıraqdan deyə bilərlər, Əvəz Zeynallı həbsə girdi, yazılar yazdı, kitablar oxudu, kitab çıxardı – biz də girək. Yox, mən sadəcə optimist tərəfini yazmışam, oranın digər tərəfi də var axı. Selcanın gözlərindən axan bir damla göz yaşına dəyməz dünya. Amma bu bizim mübarizəmizdir, biz bunun içindəyik.

“Müstəqillik mənim xarakterimdir”
Əvəz Zeynallı: "Heydər Əliyevlə yaxşı dost ola bilərdik..."

– Siz yenə yolunuzu davam edirsiniz və yəqin ki, həyatınızla bağlı ciddi qərarlarınız var. Sizin bundan sonrakı həyat deviziniz nədir və cəmiyyətə hansı fəlsəfə, hansı deviz altında xitab edəcəksiniz? Strategiyanız nədir

– Söz uğrunda mübarizə aparıram. Sözü monopoliyadan qurtarmaq arzum var. Hər şeyi yarımçıq  qoyub getmək asandır. Maraqlısı budur ki, hər şeyi yarım qoyub gedənlərə ev verirlər, pul verirlər. Mən də istəyirəm o şeylərin hamısını. Amma mənim xarakterim o şeylərlə razılaşacaq deyil. Atatürkün bir sözü var: “Müstəqillik mənim xarakterimdir”. Bütün mənalarda müstəqillik mənim xarakterimdir. Təbii ki, Azərbaycanın gələcəyi uğrunda hədəflər böyükdür. Hamımıza bir şey məlumdur: Biz bu ölkənin gələcəyi ilə, bu ölkənin maraqları ilə, bu ölkənin böyük gələcəyi ilə bağlı adamlarıq. Böyük siyasət? – Dəqiqəsində ola bilər. Siyasətə getmək? – Dəqiqəsində ola bilər. Partiyalaşmaq? – Ola bilər. Bəlkə prezidentliyə namizədlik vermək? – Ola bilər. Hər şey ola bilər. Savaş olar, səfərbərlik olar, silahımızı götürüb gedərik, tapılmarıq. Amma nə olacaqsa, Allah bu ölkəyə faydalı olanını, xeyirlisini yazsın. Mənim tək istəyim budur. Allah bütün insanları şərdən qorusun, çox ağır şeydir şər. Hər şey yaxşı olsun, yaşamalı bir ölkə olsun. Yaşanacaq bir ölkə quraq. Əgər hər şey normal qurulacaqsa, əgər İlham Əliyevin dövründə olacaqsa, qoy olsun. Heydər Əliyevin dövründə olacaqsa, qoy olsun. Mehriban Əliyevanın dövründə olacaqsa, qoy olsun. Bu dediyim əslində demokratik düşüncə tərzinin məhsulu deyil. Demokratik düşüncə tərzində seçki ilə gələn, seçki ilə gedər. Amma bu millətin böyük mənada hədəfləri, bu insanların zamanında gerçəkləşəcəksə, ona da razı olmaq olar. Amma mütləq millətin maraqlarına uyğun bir dövlət modeli qurulmalıdır və biz ömrümüzün müəyyən hissəsini bu yola həsr etmişik. Bundan sonrada geriyə yol yoxdur. Geridə Vətən səthidir…

– Əvəz bəy, siz əvvəllər siyasi portretlər yazırdınız. Öz portretinizi oxumaq istəyərdiniz?
– Olar, əlbəttə, maraqlı olar.

– Bəs özünüz, öz portretinizi yazmısınız?
– Əslində, yaşadığım ömür elə mənim portretimdir. Kiminin qalmaqal dediyi, kiminin yaxşı dediyi, kiminin qəbul etmədiyi ömür mənim portretimdir. Mən güman edirəm ki, mənim əsas portretim “Həbsxana gündəlikləri”dir. O, mənim ömrümün ən böyük əsəridir. O əsərdə hər şey var, onu oxuyan adam artıq Əvəz Zeynallı haqqında dəqiq və mükəmməl bir fikrə gələcək.

– Əvəz bəy, “Böyük Gələcək” sözü, əslinə qalsa iki cür səslənir. “Böyük Gələcək”(vurğu birinci hecada) , “Böyük Gələcək” (vurğu ikinci hecada)…
– Baxır vurğunu hara salırsan (gülür- red).

“Heydər Əliyevlə yaxşı dost ola bilərdik”

– Bu sözün gəliş yeri çox maraqlıdır. “Böyük gələcək, böyüklə gələcək”- deyirsiniz?
– Təbii ki. Mən hər zaman böyük hədəflər uğrunda savaşmışam. SSRİ adlı böyük bir dövlətin vətəndaşı olmuşuq. Bizə SSRİ-nin çox nəhəng, böyük bir ideologiya dövləti olduğu aşılanmışdı. O böyük dövlət dağılanda – biz orada böyüyüb təhsil almışdıq axı – o böyüklük içimizdə qaldı. Çox balaca olduq, ölkə balaca oldu…

Türkiyədə də hamı gəncliyini yaşadı. Amma mən kitabxanalarda Hitleri araşdırırdım. Hitlerin düşməni olan bir cəmiyyətdən çıxmışdım. Mənim babam İkinci Dünya Müharibəsində həlak olub. Amma Hitleri oxudum. Sonra Heydər Əliyevlə görüşdüm. Heydər Əliyev insanı yanlış qiymətləndirər? – İnanmıram. Onun adam tanımaq qabiliyyəti çox yüksək idi. Biz onunla bəlkə də çox yaxşı dost ola bilərdik, sadəcə aramızda yaş fərqi çox idi. Həm də ideoloji fikir ayrılıqlarımız dərindi. Mən Elçibəyi çox istəyirdim. İndidə çox istəyirəm, amma Elçibəyin siyasətdə bəzi qırıqlıqlarından sonra onun haqqında fikirlərim dəyişdi.

“Şah İsmayılın Osmanlı ilə vuruşmağının səbələrindən biri də…”

Şimali Kipr Türk Respublikasının prezidenti Rauf Denktaşla görüşə gedirdim. Mərsində gəmiyə mindik, Kiprə qədər 8 saat yol vardı. 4 saatın tamamında gəminin arxasından baxıram. Bütün hər tərəf nəhayətsiz sudur… Mən orada bir nəfəsə bir yazı yazdım, sonra çap etmişdim. O 8 saat ərzində Şah İsmayılla, Babəklə, Elçibəylə, Heydər Əliyevlə danışdım, dərdləşdim. Biz dünyanı tanıdıqca bilməliyik ki, dünya çox böyükdür. Bu böyük dünyaya, sularda böyük hakimiyyət quranlar ağalıq edib. Kim suya, okeanlara hakimdirsə, o da dünyanın ağası olub. Biz suda yoxuq, okeanlarda yoxuq. Bizim okeanlara çıxışımız olmayıb. Bir Şah İsmayıl okean uğrunda, okeana çıxış uğrunda azca vuruşmaq istəyib. Şah İsmayılın Osmanlı ilə vuruşmağının səbələrindən biri də, İstanbula doğru getmək istəyi idi. Əslində, hamı İstanbula ona görə can atırdı. Bütün su yollarına hakim olmaq üçün. Bu, fərqli mövzudur…

“Böyük dövlətlərin kiçik vətəndaşları olmaqdansa, kiçik dövlətlərin böyük vətəndaşları olmaq lazımdır”
Əvəz Zeynallı: "Heydər Əliyevlə yaxşı dost ola bilərdik..."

Niyə bizdə Hitlerin kitabını qoymurlar oxumağa? Niyə Atatürkün kitabı hələ tərcümə olunmayıb? Niyə Çörçilin kitabı yoxdur? Niyə yaradıcıların, qurucuların, lap elə dağıdıcıların kitabları yoxdur dilimizdə? Niyə böyük hadisələrin, böyük qovğaların səbəblərini bilməməliyik? Həmin böyük kitablar ilkin mənbəyə istinad verir. İlkin mənbə nə deyir, nə üçün edirik savaşı. Atatürk nə üçün savaşırdı? Rokfeller deyir ki, Atatürk bizim 50 illik planlarımızı pozdu. Bir başqası 300 il deyir. Atatürkün böyük güclərin planlarını 300 il müddətinə ertələdiyi ortadadır. Tək bir insan… “Nutuk”u oxuyanda görəcəksiniz, o da Türkiyənin quruluşunun gündəliklərini yazıb. Ayağından çəkən, quyusunu qazan o qədər olub ki… Eynilə bizim cəmiyyətimiz kimi.
Bu ölkənin insanlarına böyüklük hissi, böyüklük fəlsəfəsi, böyük olmaq düşüncəsi aşılanmadıqca, biz hər zaman kiçik olacağıq. Böyük dövlətlərin kiçik vətəndaşları olmaqdansa, kiçik dövlətlərin böyük vətəndaşları olmaq lazımdır. Bizdən 6 dəfə balaca ölkə dünyaya ağalıq edir. Ərazi baxımından, insan baxımından balaca ölkə əfəndilik edir dünyaya. Elə bizə də. Bəlkə problemlərimizin hamısının kökündə elə o durur.

Mən deyirdim ki, Azərbaycan türklərindir. Biz 14 fevral kimi qlobal bir bayramı, körlü-köməcli bu ölkədən qovduq. Bu ölkəyə siz cavanların sayəsində 30 iyunu gətirdik. Yedilərmi bunu? Yeməzlər. Mən bütün tabuları qırdım, Hitlerin kitabını gətirdim. Çünki gənc bunu oxumalıdır. İki dünya müharibəsinə, ən az 50 milyon insanın ölümünə səbəb olan bir əsəri oxumağa haqqı var bu gəncin. Haqqım var mənim bunu bilməyə. Biz o qədər naşıyıqmı Hitlerin Almaniyada etdiyini bu ölkədə edək? Atatürkü tərcümə etməyimin səbəbi də budur. Bilmirəm, bir ömür çatar, ya yox… Daha çox şeylər var hələ.

Hanı bu ölkənin tərcümə mərkəzi? Hanı bu ölkənin siyasi partiyaları? Hanı bu ölkənin milyonlar ayrılan qurumları? Hanı bu ölkənin büdcəsi? Bu ölkədə kitaba niyə pul ayrılmır? O vaxt təşəbbüslər etdim, bir neçə dəfə yazılar yazdım, prezidentə müraciət etdim. Bir körpüyə ayrılan pul tərcümə mərkəzinə ayrılmadı. Bu cavanlar bilməlidirlər hər şeyi. Dünyanın gəlişindən-gedişindən xəbərimiz yoxdur, ona görə uduzuruq.

“Hər “Xural” ilinə bir il cəza verdilər”

Biz bilmirik neft nədir, bilmirik haradan yaranır, bunun uğrunda niyə döyüşürlər? Biz bilmirik dünyanı kimlər idarə edir? Alt qatda olan güclərdən xəbərimiz yoxdur. İncil deyirsən, İncil oxunmayıb. Tövrat deyirsən, Tövratdan xəbər yoxdur. Quran deyirsən, həmçinin… Heç bir şeydən xəbərimiz yoxdur. O mənada, bu, böyüklüyün savaşıdır həm də. “Böyük gələcək” həm də budur. Yəni Azərbaycan gənci öz ölkəsində rahat oturub, öz dilində “dünyaya kimlər hakimdir”, “niyə hakimdir”, “nə üçün ingilislər min ildir dünyanın ağasıdır” sullarına cavab tapa bilməlidir. Oxuyanda da deyirlər, olmaz: “Bu ölkədə olmaz, bu dildə olmaz!” – Hitler məsələsində çıxış edib eynilə belə demişdilər.

Kim bilir, Əvəz Zeynallının həbs olunması, bəlkə də böyüklük savaşının tərkib hissəsidir?! 9 il “Xural” çıxardım, 9 il iş verdilər. Hər “Xural” ilinə bir il cəza verdilər.

– Bizim xalqımız səhər deyir ki, günün aydın olsun, axşam deyirlər gecən xeyrə qalsın. Mən də deyirəm ki, “Xural” böyük gəlsin, “Xural” qayıtsın, biz də onu oxuyaq. Sizin dediyiniz bu problemləri cəmiyyətin gündəminə çıxartmaq çox vacibdir. Əlavə bir sözünüz varmı?
– Sağ olun. Təşəkkür edirəm. Uğurlar arzulayıram sizlərə.

Etatist.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button