Əvəz Zeynallı millət vəkilinə müraciət etdi
Hazırda həbsxanada olan tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin üzvü, Ədliyyə Nazirliyi Yanında Həbsxanalara İctimai Nəzarət Komitəsinin sədri Çingiz Qənizadəyə müraciət edib.
Məlumata görə, Ə. Zeynallı Ç. Qənizadəyə müraciət edərək onunla görüşmək istədiyini bildirib.
Ədliyyə Nazirliyi Yanında Həbsxanalara İctimai Nəzarət Komitəsinin sədri Çingiz Qənizadə müraciətlə bağlı “Qafqazinfo”ya açıqlama verib. Çingiz Qənizadə qeyd edib ki, bu müraciəti mətbuatdan oxuyub: “ Əvəz Zeynallının ailə üzvləri mətbuat vasitəsilə belə bir müraciət ünvanlayıblar. Mənə ailə üzvləri müraciət etməyib. Yəqin ki, yaxın günlərdə onun ailəsi tərəfindən mənə də rəsmi müraciət ediləcək. Əgər belə bir müraciət olarsa, həbsxanalara nəzarət edən ictimai komitənin koordinatoru olaraq ictimai komitənin digər üzvləri ilə birlikdə belə bir müraciətə müsbət reaksiya verə bilərik”.