Əvəz Zeynallı ombudsmanın nümayəndəsilə görüşdü

01.09.2012

Ötən həftə Əvəz Zeynallı ombudsman Elmira Süleymanovaya müraciət edib. Təcridxanada çox ciddi nəzarətdə saxlandığını vurğulayan jurnalist deyib ki, onu beynəlxalq təşkilatlardan, Ombudsman Aparatının əməkdaşlarından gizlədir, görüşmək imkanı vermirlər: “Təcridxanadan şikayət məktubları, demək olar, getmir, ya da o qədər gec göndərilir ki, bəzən heç effekti olmur. Məsələn, təcili göndərilməli olan vəsatətlər məhkəmə iclasları keçiriləndən sonra gedib çatır”.

Bundan bir gün əvvəl isə Əvəz Zeynallının xroniki hepatoxolesistit, böyrəkdə duzların kristallaşması, bel fəqərələrinin osteoxondrozu və başqa xəstəliklərdən əziyyət çəkdiyi, burun çəpərində isə təcili əməliyyata ehtiyac olduğu haqda məlumat yayılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına deyib ki, Əvəz Zeynallının səhhəti ilə bağlı məlumatı yoxdur: “Həkimlər Tibb Baş İdarəsinə tabedirlər”. Mehman Sadıqov əlavə edib ki, Bakı İstintaq Təcridxanasında saxlanan şəxsləri ailə üzvlərinin gətirdiyi həkimin tibbi müayinədən keçirməsi mümkündür.

Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinin baş həkimi Bəhruz Mirzəyev bildirib ki, Bakı İstintaq Təcridxanasının həkimi Əvəz Zeynallı adlı təqsirləndirilən şəxsin səhhətində problem olması ilə onlara müraciət etməyib: “Əgər bizə müraciət etsəydilər, onu müayinə etmək üçün həkim göndərərdik. Həkimlərimiz Əvəz Zeynallının səhhətində problemlər olduğunu təsdiqləsələr, o, bizim müəssisəyə köçürülə də bilər. Amma belə bir müraciət yoxdur”.

Ombudsman Aparatı təmsilçiləri avqustun 30-da Bakı İstintaq Təcridxanasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Əvəz Zeynallıya baş çəkən Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov “Media forum” saytına deyib ki, jurnalistin saxlanma şəraitindən narazılığı yoxdur: “Əvəz Zeynallı ombudsman Elmira Süleymanovaya müraciət etmişdi. Biz də ona baş çəkdik. Dedi ki, ailəsi ilə görüşə bilmir. İşi aparan hakim məzuniyyətdə olduğundan ailəsinin görüşə icazə alması problemi yaranıb. Biz bu məsələnin həlli üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edəcəyik”.

Vüqar Məhərrəmov əlavə edib ki, Əvəz Zeynallı ilə görüşə Bakı İstintaq Təcridxanasının rəhbərliyi də qatılıb və jurnalistin vəsatətlərinin məhkəməyə göndərilməsi məsələsi həll olunub.

Qeyd edək ki, həmin gün QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev də baş redaktorla görüşüb. Ə. Nuriyevin XuralTAC-a verdiyi məlumata görə, Ə.Zeynallının mətbuatda ombudsmana müraciətindən sonra orada həm də ATƏT-i təmsil edib: “Biz Ə.Zeynallının səhhətində yaranmış problemlərlə bağlı söhbət apardıq. Əgər baş redaktor istəyərsə şəxsi həkiminə də öz vəsaiti hesabına müraciət edə bilər. Lakin bunun üçün müəyyən hüquqi prosedurlar keçirilməlidir. Ə. Zeynallının Ədliyyə nazirliyinə, Pentensiar Xidmət İdarəsinə, Ombudsmana ünvanladığı məktubların çatdırılmaması məsələsinə gəlincə, bu məsələ də öz həllini tapıb və artıq məktublar ünvanına çatdırılıb”.

Xatırladaq ki, Əvəz Zeynallı 11 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button