Əvəz Zeynallı yazır: “Mən yaxşı bilirəm Eynulla kimdir”

Əvəz Zeynallı

 

 

Eynulla Fatullayev yenə müxalifəti təhqir edən bir yazı yazıb və orada mənim bostanıma da bir-iki daş atıb. Mən də əvvəlki daşlarla birlikdə o daşları yığıb onun özünə qaytarmağa qərar verdim. Bu elə adamdır ki, başına daş dəyməsə sakitləşmir…
Bu adam dəqiq pultla işləyir. Buna əmin olmağa başlayıram. Bir müddət əvvəl Efqan Muxtarli-nın “baqaja” qoyulmasında rolu olmuşdu və sınmış xarakteri ilə əllərində sifarişlərini icra etdiyi komandasını yanlış istiqamətləndirmiş, onlar da Əfqanı Tiflisin ortasından oğurlayıb gətirərək, özlərini və ölkəni zibilə salmışdılar. O zaman hakimiyyət bu zavallının qorxudan döyükən gözlərini bərəltmiş və hesab sormuşdu. Bu “bərələngöz” isə günahı yenə mənim və qorxulu röyası olan “Xural”ın üstünə atmağa cəhd eləmişdi. Çünki hakimiyyətə Əfqanın jurnalist olmadığını demişdi, onları inandırmışdı ki, Əfqan “bodiqartdır”, jurnalist deyil. Təbii ki, Əfqan həbs olunub Bakıya gətirilən kimi, bu yalan makinasının yalanlarını dərhal ifşa etdik. Mən Əfqan Muxtarlının gündəlik “Xural” qəzetinin baş redaktorunun müavini olduğunu və həbsdə olduğum müddətdə hər zaman “Xural”ın işlərini apardığını bəyan etdim, digər dostlarımız da Əfqanın necə möhtəşəm bir jurnalist olduğunu dedilər. Və… ardınca Əfqan Muxtarlının əlində “Eynullaya azadlıq!” plakatını tutduğu fotosunu paylaşdım və “Bu, Əfqan Muxtarlıdır, Eynulla!” deyə yazdım. O statusdan sonra bunu görmədim. Məni bloka atdı…
Aradan bir xeyli zaman keçdi. Bulvarda qarşılaşdıq. Çoxdanın səmimi adamları kimi görüşdük və məndən niyə incidiyimi soruşdu. “Mən səndən inciməmişəm, Əfqana haqsızlıq etdin, 2 status yazdım, məni bloka atdın” dedim. Bir neçə ay da keçdi. Bu günlərdə bir də baxdım ki, Eynulla Fətullayevdən dostluq təklifi gəlib. Təbii ki, “bağışlamaq böyüklük əlamətidir” düşüncəsi ilə dostluğunu qəbul elədim. Aradan bir neçə gün də keçdi, “Yeni Müsavat”dan Sevinc Telman Qızı məni bu adamla debata çağırdı – Əli İnsanov mövzusunda. Təyin olunan vaxtda mən redaksiyada olsam da, Eynulla Fatullayev-dən cavab çıxmadı. Yox idi. Öz həmkarlarına yalan söyləmiş, onları aldatmış, nə qədər qeyri-ciddi adam olduğunu bir daha sübut etmişdi. Saat 15.00-da başlamalı olan debata gəlməmişdi. Rauf Arifoglu və Sevinc Telman Qızı dəfələrlə yazsalar da, Eynulladan çıt çıxmadı. Sonra redaksiyasından kimsə dedi ki, Eynulla Moskvaya gedib. Biz təsadüfən “Yeni Müsavat” qəzetinin redaksiyasında olan Panah Huseyn-lə vəziyyətdən çıxa bildik. Amma çox keçmədi ki, həbsxanadan bəri qorxu ilə gözlərini döyə-döyə qalan bu jurnalist cildinə girən xəfiyyəçinin əslində heç yerə getmədiyini, Bakıda olduğunu eşitdik, bildik. O zaman – həmin debatda olunmalı mövzunu indi mənimlə bəhanə gətirib edir Eynulla. Halbuki heç bir müstəvidə dediyimdən dönmədiyimi bilir. Debata gəlsəydi, bu söhbətləri daha rahat edə bilərdik. Ona 74 yaşlı adama belə şeylər yazmağın peşəkarlıq olmadığını deyərdim – dedim də. Bəlkə toxunub dostumuza?
Zamanında Əli İnsanovu necə müdafiə etmişəmsə, onu da eləcə müdafiə etmişəm – bu gün adı gələndə darmadağın olduğu İlham Əliyevin birbaşa adını çəkib gedər-gəlməzə göndərildiyini elan etdiyi günlərdə də. Ona görə qorxur “Xural”dan. Bilir onun səhifələrində nələr yatdığını, hansı yazılarının dərc olunduğunu. Bu da zamanında yazdıqlarından qorxanlarımızdandır. Onu da bilir ki, gözəl günlərin birində dərc edəcəyəm hamısını. Təkrar-təkrar…
Nəhayət, bu günlərdə Qarabağ Komitəsinin iclasında (Çingiz Xanın redaksiyasında yox-Ə.Z.)baş verən müzakirələrdə məlum oldu ki, bu yaramaz Şuşanın itirildiyini və onu bir daha görə bilməyəcəyimizi bəyan edən bir status yazıb. Bu azmış kimi, hələ Gəncəbasar və Naxçıvana da dil uzadıb və yaxın 50 ildə Gəncəbasarın və Naxçıvanın da təhlükədə olduğunu bildirib. Ermənilərlə dost olan, erməninin dəyirmanına su tökdüyü üçün başına gəlmədik qalmayan, Vahid Mustafayevin çəkdiyi “Seçilən” filmində satqın və xain jurnalist roluna qədər canlandırılan bu adam məhz Şuşanın işğal olunduğu, Paşınyanın Şuşada yallı oynadığı bir zamanda “bir daha Şuşanı görməyəcəyik” yazır. Kimdir erməni, Eynulla? Kimdir erməni dəyirmanına su tökən?!
Təbii ki, bu status Qarabağ Komitəsində müzakirə olunub və mən orada kəskin sözümü demişəm. Ki, bu adam jurnalist deyil, bundan yox, bunu himayə edən Fuad Ələsgərovdan və Mədət Quliyevdən soruşmaq lazımdır ki, bu qələm dəllalı bu statusu necə yazıb, necə yaza bilər. Və Qarabağ Komitəsinin – Çingiz Xanın redaksiyasında yox – Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilən toplantısında demişəm ki, bu yalan küpü bu gün bu statusu pozmasa, məsələnin izahını Fuad Ələsgərovdan və Mədət Quliyevdən soruşmaq lazımdır. Elə həmin axşam təxminən saat 20.00 radələrində status pozulub. Niyə pozubsan yazdığını? Cürdəyin çatmayıb? Yoxsa sənlik deyildi, Eynulla? Görünür, bizim mesajlarımız səlahiyyət sahiblərinə – ip yiyələrinə çatıb. Vəssalam.
İndi bu lotuqırığı Əli Kərimlini, Pənah Hüseyni, İxtiyar Şirini və daha kimləri qulağı burulduğuna görə, salıb bir yazının içinə və orada mənim də payımı ayırıb. Toplantını xural.com canlı yayınlayıb və görünür ki, bu möhtərəm oradan baxıb iclasa. Boş başı ilə elə bilib ki, toplantını “Xural” edib, həm də öz qərargahında. Mövzuya heç hakim olmadığından “Xural”ın adını Monqolustanın parlamenti “Böyük Xural” ilə qarışdırıb. Hiss olunur ki, videoya tam da baxmayıb, elə bir neçə adamın çıxışına qulaq asıb bu qənaətə gəlib. Qarışdırıb, gedib Monqolustana, oradan gəlib hər zaman it gününə saldığı Mətbuat Şurasına. Mətbuat Şurasının reket siyahısına – məni də onlara və özünə oxşadıb.

Zəruri haşiyə:
Madam həbsxananın bu sınmış qoçusunun yazısında bir daha Mətbuat Şurasının “qara siyahısı”na toxunulub, zəruri bir qeydimi deməliyəm. Mətbuat Şurasının İdarə Heyətinin əcdadlarının adları o siyahıda mənim adımdan əvvəl gəlir – bu bir. İkincisi, bu ölkədə reketlik edən Mətbuat Şurasının İdarə Heyətinin üzvləridir, Eynulla Fətullayevdir. Belə bilinə. Bir gün həqiqətən işini görsə, günahsız insanları şərləyib tutmaqdan əl çəksə, o zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu reketləri etdikləri cinayətə görə qollarına qandal taxıb aparanda bütün Azərbaycan şahid olacaq.

Mən yaxşı bilirəm, Eynulla kimdir. Mən yaxşı bilirəm, Eynulla həbsdə necə yatıb və kim olub? İndi Şuşa haqqında yazdığın uğursuz statusun, səlahiyyətlilərinin başına endirdiyi və gözünü qıpıq edən qapazların hesabını məndən sormağa cəhd eləmə. Mövzuya hakim ol, harada, kim, nə danışıb müəyyənləşdir, ondan sonra yaz. Allah qoymasa, sən guya peşəkarsan axı. Özünü bambılı vəziyyətinə salma, baxmayaraq ki, sən bizim tarixi bambılımızsan. Düzdür, mən səni heç bir halda oliqofren (əqli geriliyi olan birisi) saymıram, amma elə hallar olur ki, o hala düşəndə qazanılan bütün intellektlər fıs olur – Əziz Nesinin dediyi kimi. O zaman adam olur Əziz Nesinin dediyi. Bu yazıda sənə o ifadəni deməyəcəyəm, amma xəbərin olsun, sürətlə Əziz Nesinin dediyi olursan.
Və bil ki, mən sənin kimi medianın mövqeyini satanlardan fərqli olaraq yolumu gedir, sözümü deyirəm. Sən heç bir zaman özünü səndən layiqli olanla qarşdırma. Sən bu hakimiyyətin səfasına sığınaraq, iş verməklə, adam satmaqla məşğulsan, mən isə tamam başqa işlər görürəm – mən bu millətin təşkilatlanması və özünün təşkilatını yaratması ilə məşğulam. Həm də heç nəsiz – pulsuz, qərargahsız və imkansız. Mən hər şeyi əllərimin və biləklərimin hesabına etmişəm, sənin kimi yox. Kimin haradan, nə qazandığını isə ağaların hamıdan yaxşı bilir.
Uşaq deyilsən, bloka-mloka atma, sözün olanda yaz, dəqiqini öyrən, cəsarətin olanda debata gəl. Bir də bloka atsan, dostluq təklifini qəbul etməyəcəm.)
Sənin “Xural” qorxuna gəlincə, o qorxu daim olacaq…

İ.S. Əli Kərimli ilə münasibətim yoxdur, İxtiyar Şirinlə məsafəliyəm və Pənah Hüseynlə dostam. Zaman-zaman tənqid etmişəm hamısını, yenə zaman-zaman tənqid edəcəm. Sənin kimi əl jurnalisti olmaqdansa, jurnalistikadan gedərəm. Amma bu 3 adamın ən azı ikisinin dırnağının bildiklərini sənin o kəl başın bilmir. Bilirəm, çörəyini onları söyməklə qazanırsan. Qazan, amma yaxşı iş deyil. Təzə bir çörək ağacın da var – Əli İnsanov. Bir az da onun ayaqlarının altında qurdalan, bəlkə “novostroyka”larda bir ev də verələr. Sən axı “krupnı” yazıları “novostroyka”dan evə yazırsan.)

 

Xural.com

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button