Əvəz Zeynallı yazır: “Özünü tanıyan adam”

Əvəz Zeynallı bu gün sabiq səhiyyə nəziri Əli İnsanovla görüşüb. Bu haqda Əvəz Zeynallı özünün facebook səhifəsindəki statusunda yazıb. Xural.com statusu təqdim edir:

 

Əli İnsanovla görüşdüm…

Bu gün Əli İnsanovun evində onunla görüşdüm. Səmimi, maraqlı və gözlənilən görüş idi. Uzun illərdir Əli İnsanovu müdafiə edən, onun tapdalanan hüquqlarını qorumağa çalışan – hər bir siyasi məhbusda olduğu kimi – bir insan, eyni zamanda nazir olduğu zamanlarda hər zaman onu tənqid edən, amma həbs olunduğu bütün bu 14 ildə aralıqsız müdafiə edən bir jurnalist kimi bu, mənim üçün həm də başqa məna daşıyırdı. Cəmiyyətin ona böyük ümidi var. Ondan gözləntilər də çoxdur. Bu haqda məndən də soruşurlar. Bir fikir bildirmək olmur. Axı nə deyəsən?
Bu, bütün ömrümüz boyu – Qaradağ Rayon Məhkəməsi və Bakı İstintaq Təcridxanasındakı ötəri və qısamüddətli təmaslar istisna olmaqla – bizim ilk görüşümüz idi. Evində, tək görüşdük. Təxminən 1 saat davam edən görüşümüz oldu. Qapını da özü açdı. Səliqəli geyinmişdi, hər zamankı kimi kostyumda idi. – harasa ziyarətə gedəcəyini dedi. Mən onu bütün zamanlarda gördüyüm kimi idi. Hətta həbsxana divarları arasında belə…
Əli İnsanov təxmin etmədiyim qədər nikbindir. Hər şeyin fərqindədir. Bəzilərimizin ilk mesajlarında dumanlı kimi təxmin etdiyimiz arqumentlərin hamısına özünün əsaslandırılmış cavabları var və bu haqda geniş söhbət etdik. Cəmiyyətlə təmaslarda olduğum üçün və bir çoxlarının məndən soruşduğu bəzi məsələlərə aydınlıq gətirməyə çalışdım. Və özündən də bu haqda cəmiyyətə açıqlama verəcəyim haqqında icazə aldım.
14 il həbsxanada olsa da, Əli İnsanov ötkəm, ciddi və məsuliyyətli adamdır. Dəyərini bilir və dedikləri də çox həssasdır. Ona görə verilən mesajları doğru oxumaq və əks etdirmək bizim üçün önəmlidir – peşəmiz gərəyi…
Güman etdim ki, əvvəlcə söz verildiyi kimi, Əli İnsanovun geniş jurnalist qrupu qarşısına çıxacaq və mətbuat konfransı keçirəcək zamanı olmaya bilər. Buna meylli olduğunu hiss etmədim. Buna çoxlu əsasları və səbəbləri var. 14 illik fasilə o qədər böyük zaman kəsiyidir ki, təkcə qohum-əqrəba ilə görüşmək və dünyasını dəyişənləri ziyarət etmək üçün vaxt tələb olunur və bu vaxt kəsiyinin çox uzanması mətbuat konfransı keçirmək üçün lazım olan gündəmliliyi ortadan qaldırır. Yəni ilk həftə və ya ilk 15 gündə mətbuat konfransı alınmadısa, deməli, zərurət ortadan qalxdı, qalxa bilər. Təxminən vəziyyət belədir.
Qalır, Əli İnsanovun hələ həbsdə olarkən ilk müsahibəsini “Qaynar Qazan”a verməsinə, o da artıq Əli müəllimin özünün qərarı olacaq. Açığı, görüş boyu təkcə bu məsələni də müzakirə etmədik. Müzakirə etdiyimiz məsələlərdən biri bu oldu sadəcə. Hiss elədim ki, məxsusən, hakimiyyətin çıxar-çıxmaz başladığı bu mətbu savaş onu mətbuata qarşı daha da həssaslaşdırıb. Ehtiyatlı davranmağa və məsafə qoymağa çalışır. Ki, haqlıdır…
Kənardan göründüyü kimi hirsli, hikkəli, qəzəbli, kinli və əsəbi deyil. Əksinə, müşahidə elədim. Gülərüz, hövsələli, təmkinli və səbirlidir. O qədər iddia çağlayan da görmədim, tam tərsinə, iddiasız bir adamla qarşılaşdım sanki. Hətta İlham Əliyevə – hər nə qədər məhkəmələrdə və həbsdən çıxanda elə təəssürat yaratsa da – belə qəzəbli deyil. Onu kimin tutdurduğunu, 14 il içəridə kimin saxladığını, imkanı olsa heç bir zaman azadlığa kimin buraxmayacağını bilir, ancaq bunun üçün kin də püskürmür. Mənə elə dedi və inandım. “Məndən üzr istənilməlidir, kimlər bu işə səbəb olubsa cəzalandırılmalıdır, yoxsa mən kiminləsə düşmənçilik aparan deyiləm. Mən əməl adamıyam. Danışmaqdansa iş görməyin tərəfdarıyam və Azərbaycan mütləq demokratik dövlət olmalıdır” deyir, başqa bir şey demir.
Ölkələrin tarixində qırılma nöqtəsi olan məqamlardan danışdıq. Qısaca Azərbaycanın rəhbərlərini xarakterizə etdi və hamısı haqqında yalnız xoş, birləşdirici xatirələrindən danışdı. Vəli Axundovdan, İmam Mustafayevdən, Kamran Bağırovdan, Əbdürrəhman Vəzirovdan, Yaqub Məmmədovdan, İsa Qəmdərdən, Əbülfəz Elçibəydən, Heydər Əliyevdən – onunla tanışlıqdan və s.-dən danışdı. Hiss olunur ki, həm birləşdiriciliyə, həm də bu birləşdiricilik yolunda iddiasız görünsə də, iddiasını ortaya qoymağa hazırdır. Şəxsən bu yelpazə mənim xoşuma gəldi. Özü də onlardan öyrəndiyi təcrübələrdən danışdı. Heç kimə qoşulmayacağını, bir müddət təşkilatsız olacağını hiss etdim. Zatən mən də düşünürəm ki, Əli İnsanov elə evindəcə oturub ölkənin tarazlıq mərkəzinə çevrilə bilər.
Çıxan kimi verdiyi sərt açıqlamalardan sonra şəxsən mən başqa ruh, başqa ovqat gözləyirdim, amma daha təmkinli, daha sakit gördüm. Dava-dalaşın əksinə, sakitcə ölkəni inkişaf etdirmək istədiyindən, “bütün azərbaycanlıların varlı olması” və onların hamısını varlı etməyin yollarından danışdı.
Bütün hallarda güman edirəm ki, hörmətli Əli İnsanov “Qaynar Qazan”a gələcək və israrla düşünürəm ki, indiki halda onun “Qaynar Qazan”dan başqa formatda müsahibəsi mümkün də görünmür. Zatən “Qaynar Qazan”da göndəriləcək yüzlərlə sual elə mətbuat konfransını da əvəz edə bilər. Edəcək!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button