Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Əvəz Zeynallı yazır: “Sağ olun, müəllimlər!”

Əvəz Zeynallı

Ən böyük kapital insan kapitalıdır. Bunu ömrünü balalarına həsr edən və sonda bəhrəsini görən, nəticə alan valideynlərin hamısı bilir. İş elə gətirib ki, bu ölkənin təhsilini – digər sahələrdə olduğu kimi iflic vəziyyətinə salıblar. Ölkəni rəsmən məhv edirlər. Bilənlər bilir, illərdir bu mövzuda yazır, həyəcan təbili çalıram. Özümü asıram, kəsirəm – bütün Azərbaycan kimi! Nə fayda! Ölkənin təhsili paramparça olub, Azərbaycan vətəndaşları üzlərini Azərbaycan olmayan yerlərə tutublar, gənclər baş götürüb ölkədən qaçırlar. Əsas və təməl bir səbəb var – ölkədə təhsil yoxdur, verilmir. Azərbaycan gəncləri Avropaya, Rusiyaya, İrana, Amerikaya və Türkiyəyə axışırlar. Gedən də gəlmir. Bütün bu ölkələrin içində isə bizə bircə doğma ölkə var – Türkiyə!
Mövzum bu deyil. Bu dəfə Selcanla Banuçiçəyin müəllimələrindən yazacağam. Təhsilin fəlakətli vəziyyətə salındığı ölkədə, başımıza hər qeylü-qalın gəldiyi Vətəndə uşaqları oxutmaq asan deyil. Mən də qarşılaşdım. Böyük arzularla yaşayırdım. İndi də o arzularımdan imtina etməmişəm, amma cocuqlara dediklərimi edə bilmədik axı. Mən onlara yaşanabilir Azərbaycan, möhtəşəm təhsili olan bir Vətən söz vermişdim. Hələ ki, edə bilmədik. Bir də gözümü açdım ki, Selcanla Banuçiçəyin imtahan zamanları gəlib yetişdi.

Bu il bizim üçün ktirik il oldu. Həm Selcan, həm də Banuçiçək dostum, qardaşım Rovshen Abdulhasanovun yaratdığı və rəhbərlik etdiyi “Bilik Xaricdə Təhsil” kurslarında hazırlıqlara başladılar. 9 aylıq möhtəşəm bir hazırlıq kursu ilə qatıldığımız 3 imtahandan zəfərlə çıxa bildik. Bursanın Uludağ Universiteti, İspartanın Süleyman Dəmirəl Universiteti və İstanbul Universitetinə imtahan verdik. Mən çox istədim Ankaranı, amma obyektiv və subyektiv səbəblərdən alınmadı. Qiymətlərimiz belə oldu:

Selcan

Uludağ Universitetindən 70,

Süleyman Dəmirəl Universitetindən 85,

İstanbul Universitetindən 89.06,

Banuçiçək

Uludağ Universitetindən 90,

Süleyman Dəmirəl Universitetindən 97.5,

İstanbul Universitetindən 100 bal topladı.

Hələ seçimlər qarşıdadır, amma İstanbul Universiteti güman ki, seçim Universitetimiz olacaq. Hərçənd seçimlər qarşımızda çoxdur. Bizə dəyərli məsləhətləri ilə Telman Nusretoğlu dayaq oldu – həyat bu, bir zamanlar Telmanla, Rövşənlə Türkiyədə özümüz təhsil alırdıq, indi balalarımızı göndəririk.


Ayrıca, Selcan Türkiyə Burslarını qazandı və təhsilini pulsuz davam edə biləcək. Bizi bu ağır zamanlarda bərxudar edən, üzümüzü ağardan qızlarımın aldığı qiymətlər boş yerdən olmadı. Biz çalışdıq, sistem qurduq, oxuduq, amma bu biliklərin arxasında möhtəşəm müəllimlər vardı. Bu gün də yanımızda olan Selcanın ibtidai sinif müəlliməsi Bəsti müəllimə, Banunun ibtidai sinif müəlliməsi Sevinc müəllimə çox əziyyət çəkdilər. O dərəcədə ki, Bəsti müəllimə indi bizim ailəmizin bir fərdidir, Anamızdır elə bil.


Mən 2011-ci ildə həbs olunanda əsas narahatçılığım qızlardan idi. 3 il elə də oldu. Zatən müddətim də çox idi, o qədər ki, hələ verilən müddətə 1 il qalır (şərləmənin müddəti 2020-ci ilin oktyabrında bitəcəkdi). Bircə Selcana və Banuçiçəyə yetişmək, onların əllərindən tutmaq istəyirdim. O illərdə də mənim balalarımı tək buraxmadı bu ölkənin şərəfli müəllimləri. Sədaqət müəllimə, Ellada müəllimə, Samirə müəllimə, Mehriban müəllimə Anaları, bibiləri və nənələri ilə birlikdə qızlarıma sahib çıxdılar. Dərsləri normal axında davam elədi. Mən çıxdım və tamam yeni bir sistemlə işə başladıq. Azərbaycan dili müəllimi Muradxan Huseyn, riyaziyyat müəllimləri İman müəllim, Samir müəllim, kimya müəllimləri Yasin müəllim, Telman müəllim, tarix müəllimi Azər müəllim, fizika müəllimi Fəxrəddin müəllim, Elşad müəllim, biologiya müəlliməsi Məhsəti müəllimə, Fəridə müəllimə bizə çox yardımçı oldular. Hər müəllimə getdik, hər xəyala düşdük, tez-tez fikirlərimizi dəyişdik, IELTS-dən vurduq fransız dilindən çıxdıq, gah Parisi, gah Londonu düşündük. Gənclik iştə, qızlar istədilər, mən də yox demədim. Yaxşı müəllimlərlə də qarşılaşdıq, pulgiri ilə də, dələduza oxşayanı ilə də, amma biz gözəl müəllimləri yadımızda saxladıq. Azərbaycan-Fransa İnstitutunun müəllimləri Həcər xanım, Anar müəllim elə qaldı yadımızda, ingiliscə hazırlıq kursları UNITY-dən Naza xanım və Sevil müəllimə də. Beləcə, gəldik Rövşən müəllimin kursuna…


Bura – “Bilik” kursu arı kimi illərdir topladıqlarımızın pətəyi rolunu oynadı. Usta da əhil, təcrübəli usta idi. Rövşən müəllimlə birlikdə onun möhtəşəm komandası son və qəti olaraq işə başladılar. Xədicə xanım, Həyat xanım, Ülviyyə müəllimə, Gülşən müəllimə və Kadir Hocadan ibarət bu mütəxəssis-müəllimlər komandası Selcanla Banuçiçəyi bu ilkin qələbələrə gətirib çıxardılar. Mən bu ölkənin təhsilini bərbad duruma salanlara bu əziz və möhtərəm müəllimlərlə cavab vermək istədim. Hərə bir tərəfdə tələbə yetişdirir, pulun azdırmı, səni sıxmırlar, məktəbdə dərslər boşunamı gedir, kolaylıq saxlayırlar, yardımçı olurlar, əlindən tuturlar, arxa-dayaq olurlar. Elə müəllimlər oldu ki, bu uzun yolçuluqda heç pul da almadılar, heç alanlar da çox almadılar. Müəllimlər oldu ki, onlara aylıq haqlarını vermək üçün dəqiqələrlə əlbəyaxa olduq, pul götürmürdülər. Bax, belədir mənim balalarımın məmləkəti. Məni həbsdə tək qoymadılar ki, dardayam, çıxanda yardımçı oldular ki, dardan çıxmışam. Beləcə də oxuduq Selcanla və Banu ilə – gecə-gündüz, səhər-axşam. Üzləri ağ olsun mənim qızlarımın, həm mənim, həm analarının, həm nənə-babalarının, həm qohum-əqrəbalarının, həm də müəllimlərinin üzlərini ağ, başlarını uca etdilər. Başları uca olsun!


Məni bilənlər bilir. Hamıdan yaxşı isə qızlarım bilir. Mən bu qiymətləri böyük və zəngin həyat yolunda ucalan böyük pilləkənlərin ilk pillələri hesab edirəm. Bu, Banuçiçəyin ilk 100-üdür. Selcan Zeynallı isə Türkiyədən mənə çox belə 100-lər hədiyyə edəcəyinə söz verdi. Mən hər zaman qızlarımın yanında, onlarla çiyin-çiyinə olacağam. Oxusunlar, Çini-Maçına belə getsələr, gedəcəyəm onlarla.


Hə, qızlarım üçün önəmli bir yaddaş: – Oxuyun və bu Vətənə qayıdın! Hər zaman, hər yerdə Azərbaycanın maraqlarını başınızın üstündə tutun! Unutmayın, Sizlər mənim ölkəmə layiqli vətəndaşlar yetişdirəcəksiniz həm də!
Biz isə buradayıq – Azərbaycanda! Sizə layiqli bir ölkə qurmaq üçün döyüşün və səngərin önündəyik! Siz rahat olun, oxuyun, oxuyun, oxuyun…

Xural.com

Paylaş:

This post was last modified on 1 İyun 2019 2:55 səhər

Share

Son Əlavələr

Ağstafada qətl: 4 nəfər öldürülüb, 3 nəfər yaralanıb

Hadisənin qisas zəminində baş verdiyi güman edilir İyunun 17-də səhər saat 8 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd…

18 İyun 2019 3:20 səhər

Elçibəyin kürəkəni Birinci vitse-prezidentə təşəkkür etdi

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi…

18 İyun 2019 2:10 səhər

6 il edam hökmü altında yaşayan eks-prezidentin sonu – Murisirin ölüm səbəbləri

Misirin keçmiş prezidenti Məhəmməd Mursi iyunun 17-də dünyasını dəyişib. Misir rəsmi dövlət televiziyasının məlumatıan görə eks-prezidenti Məhəmməd Mursi casusluq ittihamı…

18 İyun 2019 1:56 səhər

Pənah Hüseyn Sürət Hüseynova od püskürdü: “…Qələt eləyir, başını daşa döyür”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib. Xural.com musavat.com-a istinadən xəbər verir…

17 İyun 2019 1:38 səhər

Səadət Cahangir şeirlərindən: “Yolçu yalnızlığım yetər səni xatırlamağa…”

Səadət Cahangir Şairə   Bu qəfil başlayan yağmur, fəsil dəyişmiş hava, bu qatar pəncərəsindən boylanan yolçu yalnızlığım yetər səni xatırlamağa...…

16 İyun 2019 2:10 axşam

Sabah hava necə olacaq?-Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Xural.com ETSN-ə istinadla xəbər verir…

16 İyun 2019 2:06 axşam
Xural.COM