Əvəz Zeynallı “Yeni Musavat”a cavab göndərdi

evez-zeynalli-dusunceli28.08.2013

Əvəz Zeynallı: “Nəinki G.Əhmədova, heç bir məmurla bağlı belə materialların əldə edilməsinə heç nə qarşılığında razı olmamışam və fəaliyyətimdə bu yolu seçməmişəm. Bunu həm özüm, həm də başqaları üçün qeyri-etik vasitə hesab etmişəm”.

“Yeni Musavat” qəzetinin 26.08.2013 tarixli sayında Sevinc Telmanqızının müəllifi olduğu ““Gizli qulaq” ölkələri” başlıqlı məqalədə “Xural” qəzetinin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynallı haqqında belə bir cümlə işlədilib: ““Xural” qəzetinin baş redaktoru, hazırda həbsdə olan Əvəz Zeynallı da bəzi hadisələri “tarixin yaddaşı”na köçürmək üçün bu taktikadan (səsyazma) istifadə edib. Amma onun  jurnalist olması vəziyyəti dəyişdirir”.

Əvəz Zeynallı ictimaiyyətdə ciddi rəy yarada biləcək bu məqama aydınlıq gətirilməsi üçün “Yeni Musavat” qəzetinin oxucularına müraciət edib:

“Düşünürəm ki, qələminə hörmətlə yanaşdığım həmkarımız Sevinc Telmanqızı bu məsələyə toxunmaq istərkən, mümkündür ki, məlumatsızlıq səbəbindən ünvanları dəyişik salıb. Mən uzun illər həm Türkiyə və həm də Azərbaycan mətbuatında çalışmışam. Mənim jurnalistlik fəaliyyətim, hazırda ciddi nüfuza malik media nümayəndələrinin gözü qarşısında olub. Mən heç bir zaman, heç bir kəsi narahat edəcək ondan xəbərsiz nə səsyazısını, nə də videogörüntüsünü lentə almamışam. Başqaları vasitəsilə də bu üsullardan istifadə etməmişəm. Dəfələrlə mənə bu cür təkliflər edən insanlara da sərt təpki göstərmiş, iş fəaliyyətilə əlaqəsi olmayan məlumatların ictimailəşdirilməsinin hər zaman əleyhinə olmuşam. S.Telmanqızının diqqətinə çatdırmaq istərdim ki, sonradan bizə məlum olduğu kimi hüquq mühafizə orqanları tərəfindən “Xural” qəzetinin redaksiyasına, məhz mənim otağıma yerləşdirilən səsdinləmə qurğusunu 2010-cu ilin may ayında aşkarlamış və onu keçirdiyim mətbuat konfransından sonra DİN-nin səlahiyyətli nümayəndəsinə həmkarlarımın şahidliyilə təqdim etmişəm. Bu haqda görüntülər bu gün də internet saytlarında yayımlanmaqdadır.

Həbsimdən bir müddət əvvəl ailə üzvlərimin şəkilləri müxtəlif üsullarla çəkilərək, götürülüb. Bu haqda duyuq düşdüyümüz an mən DİN-nə müraciət edərək, bu biabırçılığın kimlər tərəfindən həyata keçirildiyini öyrənməyə çalışmışam. Nə səsdinləmə qurğusdunun hansı qurum tərəfindən otağıma yerləşdirilməsi, nə də ailə üzvlərimin şəkillərinin kimlər tərəfindən çəkilməsi haqda etdiyim müraciətlərə üzərindən 2-3 il keçməsinə baxmayaraq, bu günə qədər DİN tərəfindən cavab almamışam.

Həbsimdən sonra məlum olub ki, məhz mənim səsim, məxsusi olaraq qeyd etmək istəyirəm ki, mənim razılığım və xəbərim olmadan Milli Məclisin deputatı tərəfindən yazılıb, təhrif edilərək cinayət işi üçün predmetə çevrilib.

Əgər kimsə iddia edirsə ki, Ə.Zeynallı onun səsini və ya görüntüsünü peşəsini səbəb gətirərək, onun razılığı olmadan götürübsə, buyurub, ortaya fakt qoysun.

Mənim bu məsələyə bu cür həssaslıqla yanaşmağımın bir səbəbi də var. Həbsimdən dərhal sonra bir qrup həmkarımın guya mənim əlimdə G.Əhmədovanı şantaj edəcək materialların olması ilə bağlı yaratdıqları rəy, hesab edirəm ki, 2 il sonra – məhkəmə istintaq prosesi dönəmindən darmadağın oldu və sübut edildi ki, G.Əhmədova haqqında məndə, redaksiyamda heç bir şantajedici material olmayıb. Nəinki G.Əhmədova, heç bir məmurla bağlı belə materialların əldə edilməsinə heç nə qarşılığında razı olmamışam və fəaliyyətimdə bu yolu seçməmişəm. Bunu həm özüm, həm də başqaları üçün qeyri-etik vasitə hesab etmişəm.”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button