Əvəz Zeynallının Azərbaycana “30 İyun – Sevgililər Günü” müraciəti – VİDEOKLİP

images24.06.2013

Artıq 11-ci ildir ki, ölkəmizdə “30 İyun – Sevgililər Günü” keçirilir. Əsrlərin o tayından süzülüb gələn saf sevginin və ərənlik nümunəsinin möhtəşəm örnəyi kimi əziz və müqəddəs şəhidlərimiz İlhamla Fərizənin ömür dastanları bu günün millətimizə qazandırılmasına səbəb olub. 2003-cü ilin fevralından bu istiqamətdə insanüstü fəaliyyət göstərdik və “Xural” qəzeti olaraq bu əziz günü millətimizin  diqqətinə çıxara bildik. Azərbaycan gəncləri 30 İyunu bağrılarına basıb, onun arxasında dayanan mənəvi mahiyyəti anladı və Vətən-insan sevgisinin bu misilsiz nümunəsini başının tacı bilib, onu başının üstünə qaldırdı. Hər keçən il bir-birindən daha yaxşı qeyd olunmağa başladı “Sevgililər Günü”.

Obyektiv səbəblərdən bu il “Xural” qəzeti “30 İyun – Sevgililər Günü”nün 11 illik yubileyini qeyd edə bilmir. Buna əsla üzülmürəm. Biz əziz şəhidlərimizdən artıq deyilik. Həm də bayırda bütöv bir millət, qoca bir məmləkət, dəliqanlı bir gənclik, milli-mənəvi dəyərlərə önəm verən demokratik mətbuat nümunələri var. Mən onlara və əslində bütün millətimizə müraciət edirəm.

30 İyun məsələsində iqtidar-müxalifət ayrılığı olmamalıdır, yoxdur. Bütün televiziya kanallarımızı, iqtidarlı-müxalifətli media orqanlarımızı 30 İyun hazırlıqlarına çağırıram. Bu möhtəşəm günü millətimizin adına layiq keçirmək üçün hamının səfərbər olunması Vətənimiz və dövlətimiz qarşısındakı müqəddəs borcumuzdur. İnanıram ki, “30 İyun – Sevgililər Günü” ümummilli mahiyyət qazanıb və onu millət bütünlüklə yenidən və bir daha bağrına basır.

Qoy bizim həbsxana divarları arxasında qalmağımız hiss olunmasın – axı 30 İyun bütün Türk və İslam dünyasının ən əziz bayramlarından biridir. Tərəqqipərvər Azərbaycan cəmiyyəti, qədirbilən Azərbaycan gənci, milli-mənəvi-demokratik dəyərlərə önəm verən Azərbaycan mətbuatı, milli televiziya əməkdaşları, qardaş və dost qəzetlər, bu müqəddəs günə və “30 İyun – Sevgililər Günü”nə sahib çıxın, dəstək olun, inanın!

Tanrı heç bir millətə belə gün göndərməyib!

“30 İyun – Sevgililər Günü”nüz mübarək olsun!

Hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində “siyasi məhbus” olaraq saxlanılan, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı

XuralTAC

11 il əvvəl 2003-cü ildən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 30 İyun tarixini – Azərbaycanın müstəqilliyi yolunda həlak olmuş İlham Allahverdiyevlə, onun yoxluğuna dözə bilməyərək, sevgisi uğrunda canından kemən Fərizə Allahverdiyevanın toy gününü – milli “Sevgililər Günü” elan etdi. Artıq 10 ildir ki, xalqımız sevə-sevə bu bayramı qeyd edir. Əvəz Zeynallı bayramın 10 illiyi münasibətilə geniş tədbirlər planı hazırlasa da hazırda həbsdə olması arzularını həyata keçirməyə imkan vermədi. Xeyir şərə qalib gələn gün arzularımız gerçəkləşəcək və biz – “Xural” kollektivi olaraq bu ülvi məhəbbət bayramını elliklə qeyd edəcəyik. Əvəz Zeynallının azadlığa çıxması arzusu ilə!!!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button