Əvəz Zeynallının həbsi azad mətbuatın susdurulması üçün atlılan ilk addım idi – VİDEO

 SAM_033411.07.2013

ƏVƏZ ZEYNALLININ HÜQUQLARININ MÜDAFIƏ KOMITƏSI MƏTBUAT KONFRANSI KEÇIRİB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarının Müdafiə Komitəsi və Preventiv Təhqiqat qrupunun iştirakı ilə mətbuat konfransı keçirilib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, mətbuatın aktivləşməsi saxta ittihamlarla, jurnalist fəaliyyətilə bağlı həbs olunmuş Əvəz Zeynallının həbsdən azad edilməsinə nail olmaq olar: “Zeynallı yüksək vəzifəli məmurların tənqidinə və ifşasına görə “siyasi intiqam” məqsədilə həbs edilib. Zeynallıya qarşı cinayət təqibinin məqsədi azad medianı susmağa məcbur etmək olub.” M.Əliyevin fikrincə, Milli Şuranın yaradılması seçkilərdən əvvəl yeni siyasi vəziyyətin formalaşmasına şərait yaradacaq ki, bu da insan hüquqları ilə bağlı problemlərin həlli üçün imkan yaradacaq.

 Ə.Zeynallının işi üzrə öz araşdırmasını aparan Jurnalistlərin Preventiv Cavab (Təhqiqat) Qrupunun rəhbəri Əfqan Muxtarlı hesab edir ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi siyasi motivlərlə saxtalaşdırılıb, istintaq qərəzli aparılıb, məhkəmə isə faktiki olaraq işi araşdırmayıb və hökm ittiham aktının surəti olub”.

 Ə.Zeynallının vəkili Elçin Sadıqov iyulun 6-da onunjla görüşdüyünü və bir sıra digər məhkəmə məsələlərilə bağlı məsləhətləşmələr apardığını dedi. Onun sözlərinə görə, “Baltika-Bakı”MMC-nin “Xural” qəzetinə qarşı qaldırdığı əsassız iddialar Apellyasiya Məhkəməsi tərəfindən hazırda nəşr olunmayan qəzetin 25 min manat cərimələnməsilə nəticələnib: “Biz artıq bu məsələ ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti vermişik. Lakin Ali Məhkəmədən heç bir bildiriş almamışıq. Bundan başqa Baklı İstintaq Təcridxanasını konfedensiallığın pozulması ilə bağlı Ə.Zeynallının və onun vəkilinin məhkəməyə etdiyi müraciət də qeyri-qənaətbəxş məhkəmə qərarı ilə nəticələnib. Bu məsələ ilə bağlı da Ali Məhkəməyə kassasiya şikayəti verdik. Artıq iyulun 17-də məhkəmə hakim Azər Hüseynovun icraatında bu iş üzrə bizim kassasiya şikayətimizə baxacaq.” Əvəz Zeynallının 10 saylı Cəzaşəkmə Müəssisəsində saxlanma şəraitinə gəlincə, o hamı ilə etyni barakda saxlanılır və rəhbərlik tərəfindən də heç bir problemlə üzləşməyib. Qəzetlərə abunə məsələsində və bilgisayarda işləmək imkanlarının yaradılması ilə bağlı problem olub. Hazırda bilgisayar ayrılmasa da, qəzetlərə abunə məsələsi tədricən həll olunub”. Ə.Zeynallının işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edildiyini deyən vəkil onu da qeyd etdi ki, Ə.Zeynallının barəsində həbs qətimkan tədbirinin seçilməsindən və barəsindəki həbsqətimkan tədbirinin 3 dəfə uzadılmasından, daha sonra onun həbsinin ev dustaqlığı və ya girovla əvəz olunması ilə bağlı işlər artıq Avropa Məhkəməsindədir. Əlavə olaraq, bir il əvvəl Ə.Zeynallının redaksiyasında, evində və maşınında axtarış aparılması, bununla da şəxsi həyatının və jurnalist mənbəyi hüququnun pozulması, Ə.Zeynallının əsassız olaraq izlənilməsi, telefonlarının dinlənilməsi məsələlərilə bağlı da Avropa Məhkəməsinə şikayət etmişik.  E.Sadıqov onu da qeyd edib ki, Ə.Zeynallı hazırda cəzaçəkən şəxs statusundadır və onun həbsdən azad olunması yalnız əfv yolu ilə baş tuta bilər. Baş redaktor əfv ərizəsi yazmağa hazırdır, sadəcə o bu müraciətində hadisəni olduğu kimi göstərə bilər. O dəfələrlə deyib ki, məni Gülər Əhmədovanın şər və böhtanı ilə həbs ediblər və üzərimdə olan ittihamlar da saxtadır.” Ümumiyyətlə, Ə.Zeynallıya qarşı bütün ittihamlar birinci instansiya məhkəməsindən öz təsdiqini tapmayıb. Həmin prosesdə iştirak edən şəxlər də, vəkillər, beynəlxalq və yerli hüququ müdafiə təşkilatlarının nümayəndələri də görüblər ki, baş redaktor həqiqətən də saxta ittihamlarla həbs olunub. Təsdiqini tapmayan ittihamlara görə ittiham hökmünün verilməsi absurd bir məsələdir, hətta məhkəmə ittiham aktını olduğu kimi, cümlələri və nöqtə vergülü dəyişmədən saxlamaqla kifayətlənib və nəticədə Ə.Zeynallıya 9 il  həbs cəzası kəsilib, Bununla bağlı Ali Məhkəmədən xahiş etmişik ki, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsilə bağlı qərar qəbul etsin və Ə.Zeynallının dərhal həbsdən azad olunmasına qərar verilsin”. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, hakimiyyət Zeynallını həbs etməklə bütünlükdə Azərbaycanda söz azadlığını təqib edir.

 “Xural” qəzetinin baş direktoru Nizami Həsənlinin təklifi ilə tədbirdə iştirak edən hüquq müdafiəçiləri və jurnalistlər Mətbuat Günü ərəfəsində Ə.Zeynallı ilə 10 saylı Cəzaçəkmə Müəssisəsində görüşmək üçün ƏN Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə və müəssisənin rəhbəri Mirsaleh Seyidova 12 nəfərin imzası ilə müraciət olundu. Müstəqil jurnalist Şahvələd Çobanoğlu tədbirdə Mətbuat Şurasının qurultay keçirdiyini xatırlatdı və bildirdi ki, o qurultay hakimiyyətin mətbuatı ələ alması prosesinin davamıdır. Demokratik cəmiyyətlərdə hakimiyyət mətbuata dost münasibət bəsləyir və jurnalisti həbsə atmır: “Hakimiyyət həbsdə olan jurnalistləri azad etməlidir. Azərbaycanın müstəqil mətbuatının inkişafına mane olmamalıdır”.

 RATİ direktoru Emin Hüseynov bildirib ki, hazırda ölkədə 60-dan çox siyasi məhbus var, onlar arasında 2 hüquq müdafiəçisi və 7 jurnalist var. O, onların həbsdən azad olunması üçün demokratik ictimaiyyəti səylərini birləşdirməyə çağırıb.

 Tədbirdə iyulun 22-də – Milli Mətbuat Günü Ə.Zeynallı və digər jurnalistlərin azad edilməsi tələbi ilə piket keçirmək təklifləri səslənib.

 * Ə.Zeynallı 2011-ci ilin oktyabrında keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Əhmədova özü hazırda fırıldaqçılığa görə həbsdədir. 2013-cü il martın 12-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Ə. Zeynalovu Azərbaycan CM-in 311.3.3 (böyük məbləğdə rüşvət alma), 311.4 (hədələmə yolu ilə pul tələb etmə), 306 (məhkəmə qərarını icra etməmə) və 213.1-ci (böyük həcmdə vergi ödənişindən yayınma) maddələri ilə təqsirli bilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button