Əvəz Zeynallının həyat yoldaşı aksiya keçirdi

Hazırda saxta ittihamlarla həbsdə saxlanılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binası qarşısında aksiya keçirib. Aksiya zamanı o, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzova və KİV-ə ünvanlanmış müraciəti oxuyub:

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının vitse-prezidenti

Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Baş Prokuroru

Cənab Kamran Əliyevə

Surəti: Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi

Cənab Nemət Əvəzova

Surəti: Kütləvi İnformasiya Vasitələrinə

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı,

Xural TV-nin əməkdaşı Məlahət Qisuri qızı Zeynalova tərəfindən

MÜRACİƏT

Məlumat üçün bildirim ki, həyat yoldaşım, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində PA-nın məsul şəxslərinin siyasi sifarişlə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamları əsasında 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Hesab edirəm ki, Ə.Zeynallı ona qarşı irəli sürülən hər hansı bir ittihama görə deyil, məhz dövlətin

verdiyi səlahiyyətlərdən sui-istifadə edən məmurların şəxsi maraqlarına toxunan çıxışlar etdiyinə görə həbs edilib.

Əvəz Zeynallının Xural TV-nin youtube kanalında yayımlanan “Siyasət Meydanı” verilişində istər Tərtər cinayətləri, istərsə də məmur özbaşınalıqları ilə bağlı müəllif çıxışları olub. Onun Tərtər cinayətləri ətrafında apardığı araşdırmalar, şikayətçi və zərərçəkmişlərin müsahibələri zamanı ortaya çıxardığı faktlar başda Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, hərbi prokuror Xanlar Vəliyev və onun qudası Prezidentin Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənov kimi məmurların maraqlarına zidd olduğu üçün Əvəz Zeynallının həbsinə siyasi sifariş həyata keçirilib.

Bu gün Əvəz Zeynallını girov götürməklə onlar bir müstəqil jurnalist kimi onun fəaliyyətini dayandırmağa nail olublar.

Məhz bu həbsin sifarişli olduğunu sübut edən əsas amillərdən biri də Ə.Zeynallının həbsdə saxlanıldığı müddətdə bir dəfə də olsun öz ailəsilə görüşünə və telefon danışıqlarına icazə verilməməsidir. Əvəz Zeynallının heç bir dövləti cinayəti törətmədiyini, əksinə dövləti cinayətləri törədənlərin bu gün də azadlıqda olduqlarını nəzərə alsaq, o zaman Ə.Zeynallının öz ailəsilə görüşünə hansı səbəblərdən qadağa qoyulduğu göz qabağındadır.

Bundan əlavə, jurnalist olaraq mənə məxsus texniki avadanlıqlarımın, telefonumun da İstintaq İdarəsinin müstəntiqi Teymur Qarayev tərəfindən alınaraq, bu günə qədər qaytarılmaması Baş Prokurorluğun qanunazidd, özbaşınalığı kimi dəyərləndirməlidir.

Əvəz Zeynallı həbs olunarkən, heç bir zərurət olmadan onun evindən ailəyə məxsus bütün pul ehtiyatı götürülərək, prokurorluq tərəfindən depozitə qoyulub və Baş Prokurorluğun İstintaq İdarəsi həmin vəsaiti və bank kartlarını qaytarmaqdan imtina edir. Halbuki, bu vəsait tək Əvəz Zeynallıya deyil, onun ailə üzvlərinə də aiddir.

Əvəz Zeynallının 5 ailə üzvü var – Mən jurnalist fəaliyyətilə məşğul oluram və heç bir qazanc mənbəm mövcud deyil, iki övladım hazırda Türkiyədə təhsil alır, tələbədirlər. Onların da təhsil haqqı və ev kirayəsinin ödənilməsilə bağlı problemləri var. Bundan başqa, Əvəz Zeynallının himayəsində 84 yaşlı, yataq xəstəsi olan qayınatası var ki, hazırda onun da müayinə və müalicəsi üçün lazımi tədbirlər görülməlidir ki, bunu da imkansızlıq səbəbindən edə bilmirik.

Əvəz Zeynallı həbsdə saxlanıldığı 5 ay müddətində bütün ailə üzvlərinin hansı vəsait hesabına dolanacağı da İstintaq İdarəsinin vecinə deyil.

Bu qədər qanunsuzluq və ədalətsizliklə üz-üzə qalmağımızın əsl səbəbi prezidentin məmur özbaşınalıqları ilə bağlı mətbuata etdiyi açıq çağırışlara reaksiya verməyimizdir. Biz azad, müstəqil mətbu orqan kimi prezidentin tövsiyyələrinə əməl etmişik və məmurların vəzifə səlahiyyətlərini aşaraq, qanunları heçə almasına etirazımızı bildirmişik, eyni zamanda dövlətçiliyimizə ciddi ziyan vuran bu zərərverici qüvvələrin hakimiyyətdən təmizlənməsi üçün çalışmışıq.

Bu gün də heç kimə sirr deyil ki, Əvəz Zeynallı müstəqil və tənqidçi jurnalist fəaliyyətinə görə həbs edilib. Görünən odur ki, Baş Prokurorluğun İstintaq İdarəsi ötən 5 ay ərzində saxta ittihamlardan və saxta şahidlərə hədə-qorxu gəlməkdən başqa ortaya bir şey qoya bilmir.

Hazırda Əvəz Zeynallının sağlamlığında ciddi problemlər var. Saxlanıldığı Təcridxananın tibbi müəssisəsində ona zəruri göz əməliyyatının aparılmaması üçün müxtəlif bəhanələr gətirilir. Heç kəs belə bir məsuliyyəti öz üzərinə götürmək istəmir.

O zaman Əvəz Zeynallının ev dustaqlığına buraxılaraq, həkim müayinələrindən keçməsi və əməliyyat olunması üçün müvafiq orqanlar lazımi addımları atmalıdırlar.

Qeyd edim ki, bu və digər məsələlərlə bağlı Əvəz Zeynallının vəkillərinin dəfələrlə qaldırdıqları vəsatətlər məhkəmələrin sifarişli hakimləri tərəfindən təmin edilməməsi, vəkillərin dəfələrlə Baş Prokurorluğun İstintaq İdarəsinə müraciətinin cavabsız qalmasını, öz tərəfimdən və eləcə də Əvəz Zeynallı tərəfindən Azərbaycan Respublikası İnsan Haqları üzrə müvəkkilə müraciət edilməsinin heç bir nəticə verməməsi, ölkədə qanunsuzluğun, özbaşınalığın artmasından xəbər verir.

Sonda, bir daha inanmaq istərdim istərdim ki, Əvəz Zeynallının ailəsilə görüşünün və telefon danışıqlarının üzərinə qoyulan özbaşına və qanunsuz qadağaların aradan qaldırılması və ailəyə məxsus pul vəsaitinin və bank kartlarının geri qaytarılması, mənə məxsus texniki avadanlıqların və telefonumun özümə qaytarılması üçün səlahiyyətləriniz çərçivəsində müvafiq orqanlara göstəriş verəcəksiniz.

Bakı şəhəri, 24 yanvar 2023-cü il

İmza: Məlahət Qisuri Zeynallı”

Müraciət KİV-in diqqətin\ə çatdırıldıqdan sonra İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov və Ə.Zeynallının işinin aparılması üçün təhkim edilən müstəntiq Teymur Qarayev M.Zeynallını qəbul edərək şikayətlərini dinləyiblər. Məlahət Zeynallı bu məsələ ilə bağlı özünün facebook səhifəsində məlumat yayıb:

“Bu gün Əvəz Zeynallı ilə görüşümüzə və telefon danışıqlarına qoyulan qadağaya etiraz əlaməti olaraq Baş Prokurorluğun İstintaq idarəsinin qarşısında aksiya keçirdim. Baş Prokurorluğun İstintaq idarəsinin rəis müaini Qasım Məmmədov təqdim etdiyim müraciət əsasında məni qəbul etdi, etdiyim etirazları dinlədi, bütün məsələlərlə bağlı yaxın günlərdə müvafiq qərarlar veriləcəyini dedi. Müsbət, ya mənfi, dəqiq heç bir söz verilmədi. Hər bir halda dövlətin sözü olaraq qəbul etdim. Dövlət isə vətəndaşını əsla və əsla aldatmamalıdır və qanunları çərçivəsində vətəndaşa haqsızlıq etməməlidir. Növbəti aksiya ilə bağlı qərarı da bir müddət sonra açıqlayacam. Ən əsası, bizə dəstək olan bütün media qurumlarına, dostlara, arkadaşlara, xalqıma öz təşəkkürümü bildirirəm. Var olun”!

Məlahət Zeynallı yuxarıda sadalanan müraciətə müsbət cavab verilmədiyi halda hər həftənin ikinci günü İstintaq İdarəsinin inzibati binası qarşısında etiraz aksiyasını davam edəcəyini bildirib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button