ƏVƏZ ZEYNALLININ İŞİNDƏN ŞİKAYƏTLƏR VERİLDİ

Elçin Sadıqov

Oktyabrın 31-də “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı ayrı-ayrı qərarlardan 4 apellyasiya şikayəti verilib. Vəkil Elçin Sadıqovun sözlərinə görə, apellyasiya şikayətləri Əvəz Zeynallının evində, avtomobilində, “Xural” qəzetinin ofisində aparılan axtarışlar və barəsində seçilən həbs-qətimkan tədbiri ilə əlaqədardır.

Əvəz Zeynallı oktyabrın 28-də Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tutularaq həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Onun deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia edilir. Əvəz Zeynallı qəti olaraq ilk gündən bu iddiaları rədd edib və siyasi motivlər üzrə həbs olunduğunu önə çəkib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları və külli miqdarda sənəd götürüblər. Məhkəmənin qərarına əsasən, hər üç yerdə külli miqdarda pul və zinət əşyası axtarılıb. Axtarış nəticə verməyib.

Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Oktyabrın 31-də Redaktorlar Birliyinin iclasında Əvəz Zeynallının həbsi müzakirə olunub. “Azadlıq” qəzetinin baş redaktoru Qəniməd Zahid tədbirdə bildirib ki, Redaktorlar Birliyi də Əvəz Zeynallının müdafiəsi istiqamətində hüquq müdafiə təşkilatları ilə birgə fəaliyyət göstərməyə çalışacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button