Əvəz Zeynallının istintaq işi ilə bağlı hesabat açıqlanacaq

Yanvarın 11-də saat 14:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının istintaq işi ilə bağlı yaradılmış “Preventiv cavab qrupu”nun (PCQ) hesabatı mətbuata açıqlanacaq.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə jurnalistlərə hədə və zorakılıqların qarşısının alınması üzrə həyata keçirilən “Preventiv cavab qrupu” (PCQ) adlı layihəni Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (Soros Fondu) maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığının Müdafiəsi Fondunun (JSAMF) himayədarlığı ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həyata keçirib. Layihədə məqsəd KİV işçilərinin təhlükəsizlik sisteminin yaradılması, onların həyatına, sağlamlığına və azad jurnalist yaradıcılığına təhdidlərin aradan qaldırılmasıdır.

 Bu məqsədlə, “Preventiv cavab qrupu” – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun 2-5 ixtisaslı əməkdaşdan (jurnalist, vəkil, tibb işçisi) ibarət yadadılan mobil bölmə KİV işçilərinin həyatına, sağlamlığına və azadlığına təhlükənin qarşısını almaq üçün tədbirlər görür:

– KİV işçilərinin həyatı və fəaliyyəti üçün təhlükənin qarşısının alınması;
– KİV işçilərinin qətli, döyülməsi, oğurlanması, şantaj və psixoloji təzyiq hallarının araşdırılması:
– Jurnalistlərin həbsi faktları üzrə araşdırma aparılması.

Qarşıya qoyulan məqsədə çatmaq üçün Preventiv Cavab Qrupu hüquq-mühafizə orqanları, ictimai təşkilatlar və KİV ilə sıx təmaslar qurmağa cəhd ediblər. Qrup öz işində KİV işçilərinə təhlükələri şəffaf və obyektiv əks etdirməklə cəmiyyətin dəstəyinə arxalanır. Bu məqsədlə press-relizlər yayır, aralıq və yekun brifinqlər, mətbuat konfransları keçirir.

“Preventiv cavab qrupu” (PCQ) “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsinin təhqiqatı ilə məşğuldur. Yanvarın 11-də saat 14.00-da RATİ-nin Mətbuat Mərkəzində ilk jurnalist araşdırmasının nəticələri ictimaiyyətə açıqlanacaq.

 Tədbirə iştirak etmək istəyən bütün KİV nümayəndələri, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatların və diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.

 Qeyd: “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi ictimaiyyət tərəfindən kəskin şəkildə pislənildi. Azərbaycan cəmiyyətində həbsin ilk günündən Əvəz Zeynallının siyasi sifariş əsasında qanunsuz olaraq təzyiqə məruz qalması barədə rəy formalaşdı. “Preventiv cavab qrupu” (PCQ) yaradılmasının vacibləşdirən əsas şərtlərdən biri ictimai rəydir. İctimai rəy isə Ə.Zeynallının hakimiyyətlə bağlı yazdığı sərt və kəskin yazılarına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi əsasında, onun parlamentə təyin etdiyi millət vəkili Gülər Əhmədova tərəfindən şərlənərək həbs olunduğu qənaətindədir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button